525.Az

"Böyüməyən uşaqlar" Yazıçılar Birliyində təqdim olunub - Fotoreportaj


 

"Böyüməyən uşaqlar" Yazıçılar Birliyində təqdim olunub - <b style="color:red">Fotoreportaj</b>

Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) Modern.az saytının baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının "Böyüməyən uşaqlar" kitabının təqdimatı keçirilib.

Mərasimdə Yazıçılar Birliyinin rəhbərliyi, millət vəkilləri, KİV təmsilçiləri və kitabın qəhrəmanları -  Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş gənclər iştirak ediblər.

Təqdimatda Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, "Böyüməyən uşaqlar" kitabı Xocalı faciəsini şahidlərin dili ilə hər kəsə çatdırır:

"Bu şahidlərin xatirələri unudulmamış faktları yazmaq, kağıza köçürmək, dünyaya yaymaq lazımdır. Bu baxımdan, Elşad Eyvazlının işi təqdirəlayiqdir".

Tənqidçi Bəsti Əlibəyli də təqdim olunan kitabla bağlı fikirlərini bölüşərək deyib ki, bu soyqırımına görə Ermənistan mühakimə olunanadək təbliğat işimizi davam etdirməliyik:

"Bizim informasiya, ideoloji müharibə aparmağımız lazımdır. Odur ki, yolumuz uzundur, öz haqqımızı alana qədər mübarizəni dayandırmamalıyıq".

Yazıçılar Birliyinin sədri Anar kitabın onda xüsusi təəssürat yaratdığını vurğulayıb:

"Kitab çox dəhşətli faktları üzə çıxarır. Bu layihəni davam etdirmək, kitabın ingilisdilli versiyasını geniş yaymaq lazımdır. Mən deyərdim ki, hətta bu kitabı erməni dilinə də tərcümə etmək lazımdır. Bəlkə onlarda da vicdanlı adam tapılar və oxuyar, nələr törədildiyini bilərlər".

Milli Məclisin üzvü Fazil Mustafa isə artıq Xocalı həqiqətlərini dünyaya yeni formada yaymağın vaxtı çatdığını bildirib:

"Bəzən Xocalı faciəsinin çatdırılmasında bayağılaşmış formalar seçilir. Halbuki, bu faktları elə bir üslubda, elə bir janrda təqdim etmək olar ki, bütün dünya qəbul etsin. Bu kitab məhz həmin yeni üslublardan biridir".

Millət vəkili Adil Əliyev deyib ki, Xocalı faciəsinə görə ədalət mühakiməsi qurulmasına nail olmalıyıq:

"Çalışmalıyıq ki, Ermənistan rəhbərliyi soyqırımına görə cavab versin. Dünya ictimaiyyəti bu soyqırımını tanımalıdır. Həmişə müdafiəçi rolunda çıxış etmişik. Amma hücuma keçmək lazımdır".
 
A.Əliyev Rusiyadakı kitabxanalarda münaqişə ilə bağlı azərbaycanlı müəlliflərin rus dilində kitablarının olmadığını təəssüflə bildirib və "Böyüməyən uşaqlar" kitabının bu baxımdan böyük töhfə olduğunu söyləyib.

Təqdimatda çıxış edən TRT nümayəndəsi Dündar Kesaplı bu cür kitabların xarici dildə çapının çox önəmli olduğunu qeyd edib:

"Çox hallarda dünyanın belə qətliamlardan xəbəri olmur. 25 ildir İtaliyada jurnalisit kimi işləyirəm. Bu günlərdə İsveçrə radiosuna müsahibəmdə yenə də qondarma erməni "soyqırımı" ilə bağlı sual verdilər.

Mən də onlara Xocalı soyqırımından bəhs etdim. "Niyə bu məsələ gündəmə gətirilmir" sualına cavab verə bilmədilər".

Millət vəkili Jalə Əliyeva Xocalı soyqırımı haqqında yalnız hadisələrin ildönümü ərəfəsində danışılmasını düzgün hesab etmədiyini bildirib:
 
"Çünki unutduğumuz zaman uduzmağa başlayırıq". J.Əliyeva tədbirdə anasının - mərhum şairə Nurəngiz Günün Xocalıya həsr etdiyi poemadan parçalar səsləndirib.

Milli Məclisin üzvü Tahir Rzayev Xocalıda valideynlərini itirən uşaqlara böyüməyi arzulayıb:
 
"Siz böyüyün, ancaq dəhşətlərimiz, faciələrimiz böyüməsin. Siz yaxşı vətəndaş olun, Azərbaycana layiqli vətəndaşlar yetişdirin, onda biz bu torpağı qoruya biləcəyik".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı kitabın ərsəyə gəlməsini təqdirəlayiq hal kimi dəyərləndirib. O, gələcəkdə kitabın daha çox  dillərə  tərcümə olunmasını arzulayıb.

"İrəli" Gənclər Birliyinin sədri Mirhəsən Seyidov kitabın  əsasında "25-lər" filminin çəkildiyini qeyd edib.

Onun sözlərinə görə, "İrəli" tərəfindən hazırlanan bu film Xocalı faciəsini görən uşaqlardan birinin həyatını əks etdirir:

"Yaxın vaxtlarda Xocalı faciəsi ilə bağlı digər filmlərin də çəkilməsi nəzərdə tutulub".

Sonda çıxış edən kitabın müəllifi Elşad Eyvazlı "Böyüməyən uşaqlar"ın məramından söz açıb:

"Məqsədimiz soyqırımı dünyaya çatdırmaqdır. Dünya, bəşəriyyət çox dəhşətli qətllərin şahidi olub. Ona görə də onlara Xocalını daha fərqli, özlərinin anladığı dildə çatdırmalıyıq".

Tədbirdə qeyd olunub ki, "Böyüməyən uşaqlar" kitabının müxtəlif dillərə tərcümə olunub nəşr edilməsi "Xocalıya ədalət" kampaniyası tərəfindən tam dəstəklənib.

Həmçinin, QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu kitab iki dilə tərcümə olunub, təqdimatlar keçirilib.

Kitabın alman dilindəki versiyası may ayının sonunda Nyu-Yorkdakı beynəlxalq kitab sərgisində nümayiş etdiriləcək. Yaxın vaxtlarda isə "Böyüməyən uşaqlar" daha dörd dildə işıq üzü görəcək.

FİRƏNGİZ

 





05.05.2015    çap et  çap et