525.Az

Mirzə İbrahimov şəxsiyyəti - necə varsa...


 

Mirzə İbrahimov şəxsiyyəti - necə varsa... <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Cənubdakı ədəbiyyatın nümayəndələri M.İbrahimovu özlərinin yolgöstərəni, müəllimi sanırdılar. Çünki Mirzə müəllim cənubda yaranan ədəbiyyata, onun yeniləşməsinə güclü təsir göstərmiş, onların mayakı, yolgöstərəni olmuş, orada bir məktəb yaratmışdı.

Bunu yazıçıya gələn məktublar, Mirzə müəllimin özünün müntəzəm olaraq onlarla yazışmalarından da görmək mümkündür. Rəhim Dəqiq məktublarında onunla dostu, həmkarı, ən başlıcası müəllimi kimi dərdləşir. Ötən əsrin səksəninci illərində İranda "imperialistlərin satqın nökərləri"nin Azərbaycanın tarixi binalarını, kitabxanalarını uçurub məhv etməklə onlara sonsuz nifrət bəslədiklərini ürək ağrısıyla yazırdı.

R.Dəqiq Azərbaycan xalqının tarixinə, mədəniyyətinə edilən qəsdləri bildirməklə sanki Mirzə müəllimdən kömək istəyirdi. Cənub ədəbiyyatı problemi, kitabların ana dilində çapı, xalqın azadlıq, müstəqillik arzuları Mirzə müəllimi bütün həyatı boyu narahat edib. Rəhim Dəqiq məktublarının birində yazırdı:
 
"Sizin əsərləriniz İran xalqlarının nicatına və xoşbəxtliyinə səbəb olan parlaq bir hərəkətdir. Yazılarınızda mübarizə yolları bədii halda göstərilib, bütün dərdlər göstərildiyi kimi onun mübarizə yolları dəxi çox aydın və düzgün olaraq xalqımıza çatır. Burada həm mübariz xalqımız sizin yazıları bir qurtuluş yolu hesab edir və gənc yazıçılarımız ədəbi bir məktəb qəbul edib, öz yaradıcılıqları yolunda irəli hərəkət edirlər. Əlimizdə olan əsərləriniz bizim inkişaf yolumuzun mayakıdır. Bəli, fəxrimiz, hörmətli ustadımız, həqiqəti inkar etmək olmaz... Azərbaycan yazıçısının əsərləri İran xalqlarına unudulmaz tarixi bir ərməğandır. Habelə, yazıçı və şairlərimizə düzgün ədəbi və ictimai parlaq bir məktəbdir. Yaxın gələcəkdə hətta, Şərq ölkələrində yaşayanlar bu məktəblə aşina olub xalqımızın dünya yazıçısına iman gətirib deyəcəklər: "Mirzə müəllim bizim də ədəbi ustadımızdır! Böyük insan dünya xalqlarınındır". Gələcək günə mən varlığımla inanıram. Əziz və böyük ustadım!"

Foto-albomda M.İbrahimovun ədəbi-ictimai fəaliyyəti, xarakterinin özəllikləri həssaslıqla işlənmişdır. Yazıçının əsərləri üzərində yaradıcılıq axtarışları aparması, mövzunu, həyatı dərindən öyrənməsi barədə fikirlərinin  oxuculara belə bir formada təqdim olunması təsəvvürümüzü genişləndirir. Burdakı mətnlər, fotolar, özünün və müasirlərinin xatırlamaları Mirzə müəllimin ictimai xadim, yazıçı-vətəndaş obrazının canlandırılmasına yönəlmişdir. Onun ədəbiyyat haqqındakı fikirlərilə tanış olan hər kəs yazıçının  həyat və yaradıcılığından çox dəyərlər əxz edər. Oxuduğum bu parça, güman edirəm ki, öz təravətini, aktuallığını bu gün də itirməyib: "Keçdiyim həyat yolu və uzun illərin mütaliəsi nəticəsində aldığım ədəbi-estetik tərbiyə məni belə bir həqiqətə inandırmışdır ki, sənətkar hazır sxemlərdən nə qədər uzaq olsa, o qədər yaxşıdır... ancaq ürəyinin səsinə qulaq asan, ürəyini həyəcanlandıran, fikrini məşğul edən məsələlərdən yazan, həm də özünü sıxmadan, zorlamadan, dəbdə olan heç bir cərəyanın və poetik formanın qəlbinə girmədən yazan sənətkarların əsərlərində həmişə səmimiyyət adlanan böyük və gözəl bir keyfiyyət olur".

M.İbrahimov yazırdı ki, sənət əsəri sənətkarın kəşfidir, yaradıcı fikrin məhsuludur, yəni həyat onu heç vaxt hazır şəkildə təqdim etmir, onu sənətkar xəyalı yaradır. Uzun illərdən sonra yazıçının əsərləri haqqında fikir və mülahizələrinin yeni nəslə, ümumən oxuculara ötürülməsi bütün mənalarda ibrətamizlik nümunəsidir.

Mirzə İbrahimov özünün açıqfikirliyi, dərin məzmunlu, milli mənafelərin ifadəçisi olan çıxışları ilə böyük hörmət və nüfuz qazanmışdı. O, milli varlığımızın parlaq siması, böyük bir zamanın qəhrəmanı olub. Bunu bəlkə də bir neçə xarakterik, bənzətmə və təsvir vasitələrilə ifadə etmək asandır. Lakin ən azından ötən əsrin 30-cu illərindən ömrünün sonlarına qədər M.İbrahimovun ictimai həyatda fədakar əməyi, çalışmaları heç vəchlə unudulan deyil. Onun Azərbaycan dilinin dövlət dili olması ilə bağlı Azərbaycan KP MK-ya 20 iyul 1956-cı ildə yazdığı müraciət, təkcə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri kimi deyil, həm də bir ziyalı, vətəndaş kimi ana dilimizə canı, qanı ilə bağlılığının ifadəsi idi. Yazıçı həmin dövrdə ittihamlara, təqiblərə baxmayaraq nazirliklərdə, idarə və təşkilatlarda sənədləşmələrin Azərbaycan dilində aparılmasına nail oldu. Milli mənafe uğrunda etdiyi mücadilələr onu xalqın gözündə ucaltdıqca bədxahların mənəvi zərbələri ondan yan keçmədi. Bir zamanlar bütün şüuru ilə bağlı olduğu ictimai həyatdan uzaqlaşdırıldı. Mirzə müəllim belə vaxtlarda ruhunu əzən sarsıntıları, ağrıları kimsəylə bölüşmədən, səbrlə, təmkinlə ürəyində yaşadı. Əsərlərinin uğurundan qısqanclıq keçirən "dostlarının" əməlindən təəssüflənən yazıçının ürəyində baş qaldıran ağrılarını sənət dostlarına yazdığı məktublardan da görürük. Bu da onu deməyə imkan verir ki, yazıçı ömrünün eniş-yoxuşları, həyatının keşməkeşləri necə var, eləcə də xatırlanıb. 

M.İbrahimov hər zaman oxucularla təmasdaydı. Elə ona görə də yazırdı ki, oxucu məktubları yazıçını zəmanə ilə, müasirləri ilə bağlayan qırılmaz teldir. Bu telin bizə gətirdiyi səslər təmiz və pak, səmimi və mehriban səslərdir. Oxucu məktubu ədəbiyyatın taleyi üçün yanan, onun nailiyyətlərini öz mənəviyyatının, öz ruhunun qələbəsi sayan, qüsurları üçün kədərlənən vətəndaş ürəyinin səsidir...

Onun ədəbi-tənqidi məqalələri, yol qeydləri, publisistikası yeniliyin, novatorluğun xalq həyatı ilə bağlılığını ifadə etməklə, bütünlükdə ədəbiyyatımızın inkişafı yollarını açıb-göstərir. Yazıçının XX əsr ədəbi prosesin, ictimai həyatın inkişafı ilə bağlı fikirləri, əsərlərində bir sıra problemlərin qoyulması, həlli məsələləri, hər hansı bir obrazı, prototipi təsvir vasitələri ilə yenidən tanışlıq, "konflikt seçmək və qurmaqda" təcrübə və ondan bəhrələnməni özünüifadə formalarında ustad məktəbi sanmaq doğru olar.

Bir zamanlar Mirzə müəllimi bir insan, yazıçı, ictimai-siyasi xadim kimi dəyərləndirən rus yazıçıları ondan böyük ürəklə, məhəbbətlə söhbət açırdılar. G.Markov yüksək tribunalarda etdiyi çıxışlarında, yazdığı məqalələrində yazıçının "Madrid", "Gələcək gün", "Böyük dayaq" əsərlərinin ideya-mahiyyətini açmaqla ədəbiyyatımızın dəyərli nümunələri olmasından iftixarla bəhs edirdi.

Məni bu kitabda duyğulandıran yazılardan biri ustad yazıçının özünün ədəbiyyat, həyat məsələləri barədə müdrikanə fikirlərindən sonra Azad Şərifin onunla söhbəti oldu. Burda Mirzə müəllimə olan münasibət, yazıçının, belə deyək, həyatdan küskünlüyü, qədir-qiymətin bütün ölçüləri açıq-aydın ifadə olunub. M.İbrahimov necə yaşayıbsa, mühiti onu necə duyub dərk edibsə, eləcə də təqdim olunub. Heç nəyi artırıb-əskiltmədən, şişirtmədən, onun ictimai-ədəbi taleyi, fədakar çalışmaları, ürək yanğıları qarışıq çalarlardan, bayağılıqdan kənar, öz rəngində və qədərində verilib. Yəni, Mirzə İbrahimov necə varsa...

Yazıçı Cəmil Əlibəyovla dərdləşdiyi məqamların birində dediyi sözlər Mirzə müəllimin bəlkə də vaxtilə ona edilən haqsızlıqlardan, ürəyində, düşüncəsində daşıdığı yükə tab gətirməməsindən yaranmışdı: "Çox arzu edirəm ki, kaş kimsəsiz, qalın bir meşəyə çəkilib, ömrümü orada başa vuraydım..." Həyatını canı qədər sevdiyi xalqından əsirgəməyən, ondan güc alan ədibi tənhalığa, "qalın bir meşəyə çəkilib", tərki-dünyalığa qovan nə imiş? Əlbəttə, başını aşağı salıb öz işi ilə məşğul olduğu, o taylı-bu taylı Azərbaycanın yaralarına məlhəm axtardığı vaxtlarda və sonrakı yüksəliş illərində kimlərinsə onu ictimai-mədəni cəmiyyətdən ayırmaq ehtirasları onu belə bir fikri səsləndirməyə vadar etmişdi. "Bir saatı min günə bərabər sarsıntılarla keçib. İçi ilə tək qalıb. Zaman-zaman daxilindəki tufanlar qabarıb, şahə qalxıb və o sakit bir guşə axtarışına başlayıb, gerçəkliklə qeyri-gerçəklik  arasında qərib taleyini yaşayıb. Bu, həqiqətdir, acı həqiqət! Və o, əbədi xoşbəxtliyini görə bilmədi. Xalqının azadlıq nəşəsini yaşamaq dövrü üçün ömrü vəfa etmədi", - deyən C.Əlibəyov haqlı idi.

M.İbrahimov dövrünün nəhəng bir gəmisinin sərnişinləri arasında ictimai xadim, ədəbiyyat adamı kimi aydın görünürdü. Bu insan hər zaman həqiqətin tərəfində olub, sözündə, əməlində, ictimai fəaliyyətində bir məqsədə xidmət edib. Xalqını sevib, çətin zamanlarda böhtanlara şər-xataya məruz qalan bir çox ziyalını, Səməd Vurğun, Fatma Qədri, Mirzağa Əliyev kimi insanları repressiyanın caynaqlarından qoparmış, qaranlıqlardan aydınlığa çıxarmışdı.

Foto-albomda ömrünün ixtiyar çağlarında Mirzə müəllimlə aparılan müsahibələr olduqca maraqlıdır və insanı çox duyğulandırır. Mirzə müəllim  söhbətlərində taleyüklü məsələlərə həssaslıqla yanaşmış, suallara səmimi cavablar vermişdir.

"- İndi arxivlər qaldırılır, bir-bir sənədlərə baxılır və xalqın gözündə mələk görünənlərin bir çoxunun paxırları açılır. Bu baxımdan özünüzü rahat hiss edirsinizmi?

- İnsan dünyaya bir dəfə gəlir. Mən özümü bu barədə tam arxayın hiss edirəm. Heç bir sənəddə mənim imzama rast gəlməzsiniz. Buna görə xalqın gözünə dik baxıram..."

"... O ki qaldı uzun müddət Sovet yazıçısı kimi təqdimatıma, unutmayın ki, mən hər şeydən öncə Azərbaycan torpağının oğluyam. Xalqımın varlığı, dili, tarixi, həyatı, mübarizəsi və taleyi hər zaman məni düşündürüb... "

Doğrudan da "etiraf səmimiyyətin açarıdır". Mən bu etiraflarla yaxşı-yaxşı tanış oldum və mərhum yazıçımızın olduqca səmimi, müdrikanə fikirlərindən bu gün də təsirləndim. Bir daha anladım ki, o özünü heç zaman xalqdan ayrı təsəvvür etməmiş, bütün şüurlu həyatı xalqın taleyi ilə bağlı olmuşdur.

"Mirzə İbrahimov ədəbiyyatımızda unikal hadisədir", - deyən Xalq yazıçısı Ç.Abdullayevin bu fikirlərini də səsləndirməyə bilmirəm: "Mirzə İbrahimov Azərbaycan ədəbiyyatının neçə nəslini bir-biriylə bağlayan canlı bağdır. Ola bilsin ki, müxtəlif insanlar tərəfindən birmənalı qarşılanmır, bununla belə onun Azərbaycan ədəbiyyatının inkişafında oynadığı mühüm rolu danmaq olmaz. Üzeyir Hacıbəyov və Səməd Vurğun kimi Azərbaycanın böyük oğullarının başı üstündə qara buludlar dolaşarkən məhz Mirzə İbrahimov çıxış edərək hamının qarşısında onları "Azərbaycan xalqının vüqarı" adlandırmışdı... Mirzə İbrahimovun həyatı heç zaman yüngül, qayğısız olmamışdır. Onun taleyi çox mürəkkəb bir dövrün maraqlı, lakin faciəvi, dramatik hadisələrilə zəngin olmuşdur. Lakin heç nə onu sındıra bilməmişdir. Bütün bu qalmaqallar içərisində o əsl sənətkar kimi yaşayıb-yaratmış və öz xalqının layiqli oğlu olmuşdur".

İllərlə yüksəlişdə qərar tutan, böyük səlahiyyətlərə, imtiyazlara sahib olan Mirzə müəllim imkanlarından xalqın mənafeyi naminə çalışdı, onun mədəni yüksəlişini varlığında, əməlində, əsərlərində, dərin, müdrikanə çıxışlarında uzaqlara daşıdı. Harda oldusa, milli kimliyimizə işıq saldı, Azərbaycan ədəbiyyatını, ədəbi-mədəni incilərimizi başqa ölkələrdə tanıtdı.

Mirzə İbrahimovun çoxçeşidli ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyəti olduqca səmərəli olub. Bu albom-kitabda onun uğuru, uğursuzluğu, bir sözlə, məhsuldar çalışmaları necə varsa, eləcə də təqdim olunub. Bir ömrün dinclik tapmadığı enişli-yoxuşlu yollarda nəfəs dərmədən, "qıçları yorulub qıc olana qədər" irəliləyən insanın ədəbi taleyi, vətəndaş ömrü təbii ki, məhsuldar və rəngarəng olmalı idi.

M.İbrahimov addım-addım qət etdiyi həyat yollarında belə bir ölməzlik, əbədiyaşarlıq qazanıb.

 





05.05.2015    çap et  çap et