525.Az

Ağdamda kitab bayramı


 

Ağdamda kitab bayramı <b style="color:red"></b>

Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə kitab bayramı keçirilib.

525.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi tədbirdə respublikanın tanınmış yazıçı və şairləri, nəşriyyat rəhbərləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Ağdam Dövlət Dram Teatrının qarşısında keçirilən kitab bayramında rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov, Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov, İctimai Yayım Şurasının sədri, professor Cahangir Məmmədli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas və başqaları çıxış edərək, bilik mənbəyi olan kitabın əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən danışıb, ölkəmizdə kitabxana sahəsinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılığın inkişaf etdirildiyi, kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırıldığı, kitab fondunun latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirildiyi bildirilib.

Ədəbi-bədii musiqili proqramla davam edən kitab bayramında müxtəlif nəşriyyat və poliqrafiya müəssisələrinin nəşrləri sərgilənib. Şair və yazıçılar gətirdikləri kitabları ağdamlı kitabsevərlərə hədiyyə ediblər.

Kitab bayramı sakinlərin marağına səbəb olub və razılıqla qarşılanıb.

 





05.05.2015    çap et  çap et