525.Az

BAMF-a beynəlxalq təşkilatlardan təbrik məktubu daxil olub


 

BAMF-a beynəlxalq təşkilatlardan təbrik məktubu daxil olub<b style="color:red"></b> Bu günlərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 20 illik yubiley tədbiri keçirilməsi haqda xəbər vermişdik.

525.az-ın məlumatına görə, yubiley tədbirində Azərbaycanının dövlət rəsmiləri, millət vəkilləri, bir çox xarici ölkədən gəlmiş qonaqlarla yanaşı beynəlxalq təşkilatların, BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, o cümlədən Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri, media mənsubları da iştirak ediblər. BMT katibliyi adından yubiley təbriki çatdırmaq üçün Azərbaycana gələn BMT-nin İqtisadi-Sosial Şurasının-ECOSOC-un QHT bölməsinin rəhbəri Andrey Abramov da Azərbaycana gəlmişdi.

Bu günlərdə daha bir beynəlxalq təşkilatdan-Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) BAMF-ın yubileyi ilə bağlı qurumun rəhbəri Umud Rəhimoğlunun adına təbrik məktubu daxil olub. BMİ-nin icraçı direktoru xanım Alison Makkenzi ünvanlandığı məktubda yazır:

“Beynəlxalq Avrasiya Mətbuat Fondunun 20 illik yubileyi ilə əlaqədar Beynəlxalq Mətbuat İnstitutu adından səmimi təbriklərimi çatdırıram. Geridə qoyduğu 20 il ərzində BAMF jurnalistlərin müdafiəsi, mediada ən yaxşı vərdişlərin aşılanması və azad mətbuatın yalnız Azərbaycanda deyil, eləcə də regionda təbliği üçün ardıcıl olaraq çalışmışdır. BMİ BAMF ilə bir sıra vacib təşəbbüslərin reallaşdırılmasında əməkdaşlıq etməsindən qürur duyur və belə əməkdaşlığın gələcəkdə də baş tutmasına ümid edir. Umud, BAMF-ın və BMİ-nin Azərbaycan Milli Komitəsinin idarəçiliyində göstərdiyin qətiyyətli liderlik və rəhbərliyinə görə biz sənə xüsusi təşəkkürümüzü göndəririk”.

Daha bir təbrik məktubu Yeni Zelandiyadan gəlib. Bu ölkədə yaşayan rusiyalı şair, BAMF-ın yaranması prosesində iştirak edən Boris Qolovin də U.Rəhimoğlunu təbrik edib. O, məktubunda SSRİ-nin dağılmaq ərəfəsində ittifaq respublikalarında, o cümlədən Azərbaycanda yaşanan problemləri, BAMF-ın yaradılması prosesini xatırladaraq yazır:

“SSRİ adlı böyük bir məmləkət dağılırdı, müxtəlif problemlər yaranırdı. Azərbaycan da milyonlarla qaçın və məcburi köçkün problemləri ilə üz-üzə idi. Bax, o zaman Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılması məsələsi meydana çıxdı. Yadımdadır, onda BAMF-ın banisi, dostum Umuddan soruşdum ki, onun adı Azərbaycan dilində hansı mənanı verir və aldığım cavab məni zərrəcə təəccübləndirmədi. Çünki bu adın mənası ÜMİD-dir-yəni insanlara verilən ümid. O zaman yalnız Azərbaycanda deyil, eləcə də keçmiş SSRİ-nin digər ölkələrində yaşayan insanlara da sözün həqiqi mənasında ümid lazım idi. Bu gün inamla deyə bilərik ki, haqq-ədalətə hədsiz inam, qarşıya qoyulan məqsədə çatmaq üçün göstərilən mətanət və insanlara olan sevgi hissi ilə Umud Rəhimoğlu ağır vəziyyətə düşmüş insanlara dəstək olmaq üçün öz çiyinlərinə götürdüyü bu ağır yükün öhdəsindən uğurla gəlibdir.”

Məktub U.Rəhimoğluna bu müraciətlə bitir: “Əziz Umud, mənim dostum, mən bilirəm sən insanlara verdiyin ümidi dəfələrlə doğrultmusan və mən səninlə bir dost kimi fəxr edirəm! 20-ci il şanlı yubileydir və bu hələ gənclik dövrüdür.  Beynəlxalq Avrasiya Mətbuat Fondunda bu qədər gənc və istedadlı insanların olması çox gözəldir”.

Qeyd edək ki, millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də U.Rəhimoğluna təbrik məktubu ünvanlayıb.

Xatırladaq ki, BAMF 1992-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb. BMT qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BMT-nin İqtisadi- Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) üzvüdür.
 





11.12.2012    çap et  çap et