525.Az

Amerikasayağı demokratiya və ya beynəlxalq hüquq


 

Amerikasayağı demokratiya <b style="color:red">və ya beynəlxalq hüquq</b>

"Heç kəs Azərbaycanla diktat dili ilə danışa bilməz".

İlham Əliyev

Məşhur bir deyim var, demokratiya heç də mükəmməl sistem deyil, amma hələ ki, bəşəriyyət ondan yaxşısını icad eləməyib. Təəssüf ki, son zamanlar Qərbin, xüsusən, Amerikanın tutduğu mövqe və atdığı addımlar bu deyimin məhz birinci müddəasını haqlı çıxarır. Çünki bu dairələrin nümayiş etdirdikləri mövqe demokratiyaya qarşı, az qala, bütün dünyada əks reaksiya doğurur.

İllər ötür, tarix yenilənir, dünya dəyişir, amma insanlar mahiyyətcə olduğu kimi qalır. Ermənilər dünənki kimi, bu gün də havadarlarının tapşırıqlarını yerinə yetirərək "Böyük Ermənistan" xülyalarının ardınca qaçırlar. Azərbaycan isə nə dünən, nə bu gün, nə də sabah hər hansı bir dövlətin təsir dairəsinə düşməyib, düşmür və düşməyəcək. Heç bir halda Azərbaycan xalqı, Azərbaycan dövləti Qərb və Amerika dairələrinin tapşırıqları yerinə yetirilməyəcək. Çünki biz ermənilərdən fərqli olaraq öz müstəqilliyimizi qanla qazanmışıq. Bu yolda minlərlə şəhid vermişik. Heç kəs "bu torpaq artıq sənindir" - deyib də, bizi Qafqazlara yerləşdirməyib. Bu torpaqlar əzəldən Azərbaycan xalqının Vətəni, yurdu olub, onun yandırdığı ocaq ətrafında işıqlanıb.

Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, heç kəs Azərbaycanla diktat dili ilə danışa bilməz. Ölkəmizə qarşı qərəzli və riyakar kampaniya aparan qüvvələrin Azərbaycanın yüksək imicinə, dünyada artan nüfuzuna xələl yetirmək istədiyini deyən Prezident dövlətimizin heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmadığını qeyd edib.  Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan bütün nailiyyətlərinə təkbaşına çatıb və bu yolda qara kampaniyalara, əsassız təzyiqlərə də məruz qalıb. Lakin onlarda heç nə alınmayıb və bundan sonra da alınmayacaq.

Bu gün hazırladıqları hesabatlarda məkrli şəkildə Azərbaycanı insan hüquqlarının pozulduğu ölkə kimi təqdim etməyə çalışan "Freedom House", "Amnesty İnternational", "Human Rights Wathc", Milli Demokratiya İnstitutu kimi xaricdən himayə olunan və erməni lobbisinin maraqlarına xidmət göstərən beynəlxalq statuslu təşkilatların aldığı növbəti tapşırıq Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına kölgə salmaqdır. Lakin ictimai rəydə özlərini ifşa etdiklərindən artıq bu qurumların apardıqları qara piar kampaniyasının heç bir təsir gücü qalmayıb.

Merkantil maraqlara xidmət göstərən bu təşkilatlar özlərinin qərəzli fəaliyyətlərinə o qədər aludə olublar ki, öz ölkələrində, gözləri qarşısında baş verən qanlı hadisələri, polis zorakılığını, qaradərililərə və müsəlmanlara qarşı etnik və dini zəmində həyata keçirilən qeyri-insani münasibətləri görməzdən gəlirlər.
 
Halbuki dünya ictimaiyyəti xüsusilə son günlər Birləşmiş Ştatlarda baş verən hadisələrdən kifayət qədər məlumatlıdır.

Bu təşkilatlar ABŞ-ı, eləcə də Qərb dövlətlərini guya sivil hüquqların qorunduğu ölkələr kimi təqdim etməyə çalışırlar. Amma real vəziyyət  bütün bunların tamamilə əksini söyləyir. Hazırda Amerikanın bir sıra ştatlarında yaşanan iğtişaşlar, kütləvi etiraz aksiyaları bu ölkədə demokratik dəyərlərin ayaqlar altına salınıb tapdalandığını, ümumu nəzarətin hüquq-mühafizə orqanlarının əlindən çıxdığını deməyə əsas verir.

Qərb və Amerikanın yaratdığı islamafobiya və ksenofobiya dalğası onların gözləntilərini doğrultmayaraq əks nəticələr verməyə başlayıb. Terroru müsəlman və qaradərililərlə əlaqələndirməyə çalışan, qeyri-xristian dövlətlərdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını iddia edən, bir sıra regionlarda qarşıdurma məkanları yaradaraq qlobal təsir imkanlarını artırmaqla silah-sursat və hərbi texnika satışından  külli miqdarda mənfəət əldə edən dövlətlər, bu gün özləri qarşıdurma və inqilab meydanlarını xatırladırlar.
 
Artıq Amerikanın Cənubi və Şimali Karolina, Arizona, Missuri və Meyirlend kimi ştatlarında hüquq-mühafizə orqanlarına inam qalmayıb. Vətəndaşlar polis əməkdaşlarının öz vəzifə səlahiyyətlərini kobud şəkildə aşdıqları, yalnız etnik və dini mənsubiyyətinə görə günahsız insanları qətlə yetirdikləri üçün üsyan qaldırırlar. Onlar əvvəlki tək dinc aksiyalarla hər hansı bir müsbət nəticə əldə edəcəklərinə inanmadıqlarına görə dağıdıcı etiraz yürüşləri ilə hökuməti polis zorakılığının qarşısını almağa çağırırlar.

Con Kerri erməni təəssübkeşi kimi

Hələ ötən əsrin sonlarında, Sovet İttifaqının süqutu ərəfəsində ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan Mərkəzi Kəşfiyyat İdarəsinə tapşırıq verir ki, düşmən (oxu - əleyhdar, ABŞ-ın dediyi ilə oturub-durmayan!) cəbhəsinə daha təsirli zəhbə vurmaq üçün yeni təyinatlı baza hazırlansın və onlara yetərli maliyyə resurslarının ayrilması təmin edilsin. Bu tapşırıqla ABŞ-da vətəndaş cəmiyyəti institutları kütləvi mübarizə arenasına çıxarıldı və "demokratiya batalyonu"nun ön cəbhəyə sürülməsinə start verildi. Beləcə, indiyə qədər tankların və topların həyata keçirdiyi missiyanı  qeyri-hökumət təşkilatları üstlənməyə başladılar.

NED, MDİ, "Fredoom House" "Amnesty İnternational", "Human Rights Watch", adı və abreviaturası göz qamaşdıran digər neçə-neçə təşkilatlar "insan haqları, demokratik dəyərlər" pərdəsi altında "düşmən ovuna" çıxaraq qeyd-şərtsiz ABŞ-ın maraqlarına uyğun siyasət yeritməyən ölkələrə və hakimiyyətlərə qarşı mübarizəyə qalxdılar. Qısa müddətdə bu "demokratiya fondları" kəşfiyyat strukturlarının ayrılmaz bir qoluna çevrildilər. Təsadüfi deyil ki, 2004-cü ildə prezident Corc Buş ABŞ Konqresinə müraciət edərək hərbi xərclərdən daha çox 3-cü sektora yetərli maliyyə yardımı istədi.

Artıq xeyli müddətdir həmin o "demokratiya batalyonu" üzünü Azərbaycana çevirib. Bu yaxınlarda Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qara kampaniyanın ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə olunduğuna dair faktlar aşkar olunub. Amerikalı siyasətçi Azərbaycan ictimaiyyətinə 1992-ci ildə "Azadlığa Dəstək" Aktına edilən 907-ci düzəlişin müəllifi kimi tanışdır. Bu qərarın qəbul olunmasıyla müstəqilliyini yenicə bərpa edən Azərbaycana ABŞ-ın birbaşa maliyyə yardımları dayandırıldı.

Hesab etmək olar ki, bununla Azərbaycan öz müstəqillik tarixi ərzində Con Kerrinin ədalətsiz mühakiməsinə görə ilk sanksiya aləti ilə üzləşib. Əvəzində işğalçı Ermənistana və Dağlıq Qarabağ separatçılarına bu günə qədər Birləşmiş Ştatlar hərtərəfli kömək göstərməyə davam edir. Əgər haqq-ədalət deyilən mexanizmlər işlək vəziyyətdə olsaydı Dağlıq Qarabağı işğal edərək separatizm adı altında Azərbaycan torpaqlarını öz əsarəti altında saxlayan Ermənistan bilavasitə Amerikanın dəstəyindən məhrum olar və iqtisadi problemlər məngənəsində çarpışaraq illər əvvəl zəbt etdiyi əraziləri geri qaytarmağa məcbur olardı.

Ona görə də bu qərarın qəbul olunmasında iştirak edən konqresmenlər Con Kerri qədər beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar. Lakin biz 20 il əvvəl olduğu kimi indi də beynəlxalq hüququn qiymətləndirmə meyarı kimi 2-ci dərəcəli olduğunu, milli maraqların daha üstün nöqtədə dayandığını müşahidə edirik.

Ona görə də hesab etmək olar ki, "Azadlığa Dəstək" adı altında pərdələnən akt həqiqətdə işğala dəstəyi özündə əks etdirir. Çünki işğalçı Ermənistanın, legitimliyi olmayan separatçı rejimin əvəzinə məhz erməni təcavüzündən əziyyət çəkən Azərbaycan çətin dövrdə ABŞ-ın maliyyə yardımlarından məhrum olub.

Həmçinin bu qərarın qəbul olunmasıyla  ağızdolusu insan haqlarının müdafiəsindən danışan Birləşmiş Ştatlar fundamental azadlıqlar adına ən böyük haqsızlıqlardan birinə imza atıb. Söhbət  ən ali haqları - doğma torpaqlarda yaşamaq və mülkiyyət hüquqları pozulan bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyindən gedir. Hansı ki, Con Kerri  və onun kimilərdən ibarət bir qrup demokratın apardığı amerikasayağı siyasət nəticəsində erməni təəssübkeşliyinin qurbanı olub.

Ötən il üzə çıxan faktlara görə, Con Kerrinin erməni təəssübkeşliyinin tarixi bir az da əvvələ gedib çıxıb.

Hələ senator olarkən Kerri 1990-cı ildə ermənilərin Azərbaycanda kütləvi şəkildə qırıldığını iddia edərək bir qrup həmkarı ilə bərabər onların Dağlıq Qarabağda statusunun möhkəmləndirilməsi üçün keçmiş Sovet İttifaqının sonuncu rəhbəri Mixayıl Qorbaçova yazılı müraciət edib.
 
Bundan bir neçə gün sonra isə Bakıda 20 Yanvar faciəsi törədilib. Demək ki, Azərbaycana qarşı qanlı faciələrin, soyqırım aktlarının, işğal və təcavüzün həyata keçirilməsində ermənilər qədər Con Kerrinin də əli var. Çünki bu məktub Dağlıq Qarabağın ermənilər tərəfindən işğalının həyata keçməsinə bəhanə rolunu oynayıb.
 
Hərçənd müharibə qığılcımları bundan 2 il əvvəl özünü göstərməyə başlayıb. O vaxtlar ermənilərin kompakt şəkildə yerləşdirildiyi kəndlərdə azərbaycanlılar ayrıseçkiliyə məruz qalır, qatı millətçilik zəminində amansızlıqla qətlə yetirilirdi. Lakin nəinki həmin dövrdə, habelə tarix boyu azərbaycanlılar heç bir xalqa, topluma qarşı qatı millətçilikdən qidalanan hərəkətlərə yol verməyiblər. Əfsuslar olsun ki, haqsız və ədalətsiz dünya Con Kerri kimi erməni lobbisinin təsiri altında olan siyasətçilərin ucbatından baş verən hadisələrə görə əsas günahkar qismində bəşəri dəyərlərə hörmətlə yanaşan, böyük əqidəli xalqın sahib olduğu dövlətləri hədəfə alır. Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan isə bütün çətinliklərə qalib gələrək Amerikanın maliyyə yardımları olmadan belə ayağa qalmağın mümkün olduğunu qısa müddət ərzində keçdiyi müqayisəyəgəlməz sürətli inkişaf yolu ilə sübuta yetirib. Ermənilər kimi yurd-yuvası olmayan köçəri xalqlar isə tarix boyu başqa dövlətlərin tapşırıqlarını yerinə yetirməklə özlərinə gün ağlamağa çalışıblar.

Con Kerri anti-Azərbaycan təbliğatının rəhbəri kimi

Təəssüf doğuran məqam isə odur ki, hakimiyyətə qarşı müxalif mövqe tutan şəxslər əsl həqiqətləri ictimaiyyətin diqqətindən yayındırmaq üçün müxtəlif formalarda qərəzli fikirlər səsləndirirlər. Lakin onlar Con Kerrinin həqiqətən də ermənipərəst mövqeli siyasətçi olduğunu, dövlət katibi olmazdan əvvəl erməni lobbisi ilə sıx əlaqələr qurduğunu, uydurma erməni soyqırımının ABŞ-da qəbul olunması üçün fəallıq  göstərdiyini, Azərbaycanın əleyhinə isə müxtəlif təşəbbüslərlə çıxış etdiyini inkar edə bilmirlər. Əllərində heç bir dəlil-sübut olmadan Azərbaycanı, eləcə də Türkiyəni müxtəlif sərsəm iddialarla ləkələməyə çalışan dairələr və onların ölkədaxili əlaltılarından fərqli olaraq biz əsl həqiqətləri faktlardan öyrənirik. Əvvəla, "Dağlıq Qarabağ Respublikası" sözünü işlədən yeganə yüksək çinli dövlət məmuru olan Con Kerri Senatda ermənilərə dəstək qrupunun üzvüdür. Xarici Əlaqələr Komitəsinin sədri kimi o, dəfələrlə ermənilərin maraqlarına cavab verən mövqe nümayiş etdirib. Dövlət katibi 2004-cü ildə uydurma erməni soyqırımının bütün dünyada tanınması üçün ölkə başçılarına müraciət edib.

Bundan əlavə, o, Senatda Ermənistan üçün daimi ticarət tərəfdaşı statusunu nəzərdə tutan 1557 saylı layihənin müəllifidir. Deyəsən, samanlıqda iynə axtaran şəxslər bununla milli maraqlara zərbə vurduqlarının fərqində deyillər. Belələri dövlət katibi Con Kerrinin 2009-2013-cü illərdə Konqresdə Xarici Əlaqələr Komitəsinin rəhbəri olduğunu, daha sonra ofisinin Robert Menendez və Bob Korker tərəfindən idarə edildiyini dilə gətirərək əslində özlərini bir qədər də dolaşığa salırlar. Çünki Con Kerrinin köhnə vəzifəsindən ayrılması o demək deyil ki, dövlət katibinin digər aşağı instansiyalara nəzarət etmək, müvafiq tapşırıqlar vermək ixtiyarı yoxdur. Həmçinin onu da qeyd edək ki, R.Menendez də sələfi kimi Konqresdə ermənilərin ən sadiq dostlarından biridir. O, Dağlıq Qarabağdakı separatçı rejimin "müstəqilliyi" ilə bağlı ermənilərə təbrik mesajı da göndərməyi yaddan çıxarmayıb. Müntəzəm olaraq 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınmasına dair qanunvericilik təşəbbüsləri ilə çıxış edən Menendez Qarabağ məsələsində də ermənilərin tərəfini tutmağa davam edir.

"Tünd sirkə"

Qısası,  Con, Rob və ya Bob tərəfindən idarə edilməsindən asılı olmayaraq, bu gün ölkəmizin suverenliyini şübhə altına almaq, onun dünyada artan nüfuzuna kölgə salmaq arzusuyla hərəkətə keçmiş anti-Azərbaycan qüvvələr məhz Qərbdən, okeanın o tayından idarə olunur. Amma söz var, sirkə nə qədər tünd olsa, öz qabını sındırar. Bu məkrli siyasət ilk növbədə bumeranq kimi onların öz imicinə zərbə vurur. Uzağa getməyək, hələ ötən əsrin ortalarında - 1963-cü ildə ABŞ-ın o vaxtkı prezidenti Con Kennedi Almaniyaya səfəri zamanı Berlində yüz minlərlə şəhər sakininə üz tutaraq alman dilində "Mən berlinliyəm" dedi və o, böyük sevgi və alqışlarla qarşılandı.
 
Təxminən 40 il sonra - 2002-ci ildə ABŞ prezidenti kimi Berlinə gedən Corc Buşu isə alman xalqı bu şüarla "salamladı":

"Buş, sən berlinli deyilsən!" Əslində, bu, alman xalqının,ABŞ dövlətinin, Ağ evin yürütdüyü siyasətə etirazı idi.  Təsadüfi deyil ki, son illər dünyada anti-Amerika əhval-ruhiyyəsinin güclənməsi tendensiyası ABŞ-ın özündə də etiraf olunur. Hələ 2005-ci ildə ABŞ Konqresinin Baş Nəzarət İdarəsinin hesabatında bildirilirdi ki, dünyada Amerika əleyhinə əhval-ruhiyyə güclənməkdədir və bu, ABŞ-ın milli maraqlarını təhlükə altına alır. O vaxt hesabat "Vaşinqton post" qəzetində çap olunmuş və böyük əks-səda yaratmışdı.
 
Hesabatda bildirilirdi ki, "bu yaxınlarda keçirilən ictimai rəy sorğusu göstərdi ki, anti-amerikanizm bütün dünyada geniş yayılmaqda və dərinləşməkdədir. Belə anti-Amerika əhval-ruhiyyə xaricdə yaşayan amerikalılara qarşı yönəlik terrorizmə dəstəyin artmasına gətirib çıxara bilər". Sənəddə qeyd olunurdu ki, dünyada anti-amerikanizmin güclənməsi keçirilən hərbi əməliyyatların dəyərini və səmərəliliyini azaldır, ümumi siyasi məqsədlərə çatmaq üçün ABŞ-ın digər dövlətlərlə birləşmək imkanlarını xeyli daraldır.

Bununla yanaşı, beynəlxalq ictimaiyyətin ABŞ-ın işgüzar xidmətlərinə və mallarına marağı da azalmaqdadır. Konqresin Baş Nəzarət İdarəsi hesabatında Prezident Administrasiyasını ABŞ-ın beynəlxalq aləmdə imicinin gücləndirilməsi üçün bugünədək xüsusi strategiya işləyib hazırlamamaqda tənqid edirdi.

O vaxtdan bu yana Ağ Evin siyasətində müsbətə doğru nə dəyişib ki? Təbii ki, HEÇ NƏ!

 





06.05.2015    çap et  çap et