525.Az

Azadlığa dəstək, yoxsa işğala dəstək?


 

QƏRBİN "MİLLİ AZADLIQ HƏRƏKATI" KİMİ QƏBUL ETDİYİ ERMƏNİ SEPARATÇILIĞI

Azadlığa dəstək, yoxsa işğala dəstək?<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda mayın 3-də erməni separatçıları tərəfindən keçirilən qanunsuz "parlament seçkiləri"ni qətiyyətlə pisləməkdən, erməni "özbaşınalığın" qarşısını almaq üçün lazımi tədbirlər görməyin vacibliyini bəyan etməkdənsə, yumşaq dillə "seçkilər"i tanımadıqlarını bildirib, əvəzində isə separatçıları "Dağlıq Qarabağ xalqı" kimi təqdim edib.

Halbuki bütün dünya ictimaiyyətinə yaxşı məlumdur ki, tarix boyu ermənilərin torpağı, yurd-yuvası olmasa da, bu köçəri xalqın havadarları və himayəçiləri həmişə olub. Budur, Qərbin və Amerikanın balanslı siyasəti və neytral mövqeyi. Bütün bunların pərdə arxasında Azərbaycana qarşı ikili standartlar və ermənipərəst mövqe dayanır. Bununla həmsədr dövlətlər çoxlarının düşündüyü kimi Dağlıq Qarabağ münaqişəsində status-kvonun dondurulmuş vəziyyətdə qalması üçün yox, birbaşa danışıqların Ermənistanın xeyrinə nəticələnməsi üçün fəaliyyət göstərdiklərini biruzə veriblər. Hərçənd vasitəçilik institutunun mahiyyətində tərəfləri bir masa arxasında danışıqlara cəlb etmək və ədalətin bərpası, regionda sülhün bərqərar olunmasını təmin etmək dayanır.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.

Onun sözlərinə görə, buna görə də onlar BMT-nin Ermənistanın Azərbaycan torpaqlarının işğalını dayandıraraq geri çəkilməsi haqda qəbul etdiyi 4 qətnaməni yerinə yetirməyi tələb etməlidir:

"Əks halda Ermənistana sanksiyalar tətbiq edilməlidir. Lakin bu günə qədər həm Fransa, həm ABŞ, həm də Rusiyadan əks mövqe görürük və 4 qətnamənin 4-nün də yerinə yetirilmədiyinin, işğalçı ölkənin heç bir sanksiya ilə üz-üzə dayanmadığının şahidiyik. Bu ölkəmizə qarşı tətbiq olunan ikili standartlardan xəbər verir. Azərbaycana qarşı haqsız mövqe dəyişilməlidir. Çünki bu cür vəziyyət davam edərsə, dövlətimiz hərbi yolla öz torpaqlarını erməni işğalından azad edəcək. Həmsədrlər dərk etməlidir ki, nə dünya həmin dünyadır, nə də Azərbaycan 90-cı illərdəki müstəqilliyinə yeni qovuşan, iqtisadiyyatı, ordusu zəif Azərbaycandır. 24 il ərzində vəziyyət xeyli dəyişib. Dövlətimiz hal-hazırda güclü orduya, iqtisadiyyata malikdir. Azərbaycan beynəlxalq münasibət sistemində öz sözünü deyən ölkədir".

Minsk qrupunun 21 ildir danışıqlara vasitəçilik etdiyini deyən hərbi ekspert bu illər əzrində heç bir irəliləyişə nail olmadıqlarını bildirib. O vurğulayıb ki, konkret addımlar atılmalıdır:
 
"Necə olur ki, dünyanın böyük dövlətləri regionda sülhün təmin edilməsi, Ermənistanın işğala son qoyması üçün kömək edə bilmirlər? Görünür ki, onlar münaqişənin davam etməsində maraqlıdır, işğala son qoymaq istəmir və imitasiya xarakterli danışıqlara vasitəçilik edirlər. Bu da onların nüfuzlarına böyük zərbə vurur.

Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Əks halda rəsmi Bakı BMT nizamnaməsini rəhbər tutaraq özü öz torpaqlarını işğaldan azad edəcək. Azərbaycanın buna tam hüququ var. Qaçqın və məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıtmalıdır. Bunun başqa yolu yoxdur. Danışıqlar sonsuza qədər davam edə bilməz".

Həmsədrlərin "Dağlıq Qarabağ xalqı" ifadəsi işlətməklə böyük yanlışlığa yol verdiyini qeyd edən E.Həsənlinin sözlərinə görə yaxşı olardı ki, onlar Azərbaycanın işğal olunan Dağlıq Qarabağ torpaqlarında separatçılar tərəfindən keçirilən saxta "parlament seçkiləri"nə münasibət bildirərək "oyuncaq rejim" ifadəsini işlətsinlər:

"Hər 3 həmsədr dövlət Azərbaycan torpaqlarının bütövlüyünü tanıyıb. Lakin təəssüflər olsun ki, onlar Dağlıq Qarabağ məsələsinə xristian həmrəyliyi nöqteyi-nəzərindən mövqe nümayiş etdirir, konkret beynəlxalq hüquqa söykənmirlər. Qlobal məsələlərin həllində yaxından iştirak edən dövlətlər özlərinin qəbul etdiyi qanunlara, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmalıdır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə mütləq icra olunmalıdır".

Politoloq Qabil Hüseynli bildirib ki, ATƏT-in Minsk qrupu öz səlahiyyətlərini itirmiş bir quruma çevrilib:

"Çünki həmsədrlər indiyədək müxtəlif variantlar işlədib həm status-kvonun qorunub saxlanmasına xidmət ediblər, həm də qondarma "Dağlıq Qarabağ Respublikası"nın danışıqlar prosesinə cəlb edilməsinə çalışıblar.

Bununla yanaşı sözügedən qurum Azərbaycanın danışıqlarla bağlı hazırladığı bir sıra prinsiplərin də həyata keçməsini əngəlləyib.

Əgər Azərbaycanın təklifləri qəbul edilsəydi həm status-kvo dəyişilər, həm də Ermənistana təzyiqlər göstərmək üçün müəyyən hüquqi baza yaranardı. İstər təmas xəttində monitorinqlərin keçirilməsiylə, istər cəbhə bölgəsində yanğınların törədilməsiylə, istərsə də başqa ölkələrdən işğal olunan ərazilərə qaçqınların qanunsuz köçürülməsiylə bağlı onların hazırladığı hesabatlar tam olaraq birtərəflidir - Ermənistanın xeyrinədir və real hadisələri əks etdirmir. Bütün bunları nəzərə aldıqda belə bir fikir yaranır ki, həmsədrlər xristian təəssübkeşliyi nöqteyi-nəzərindən hərəkət edir, erməni təcavüzünün iç üzünün açılmasına imkan vermir, Dağlıq Qarabağda baş qaldıran separatçı hərəkətləri az qala "milli azadlıq hərəkatı" kimi qəbul edərək orada referendumun keçirilməsinə və Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına hüquqi baza yaratmağa çalışırlar.

Bu baxımdan bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünə hüquqi qiymət verilmir, Dağlıq Qarabağdakı separatçı hərəkətlərə əhəmiyyət verilmir,  orada keçirilən "seçkilər" ciddi şəkildə qınaq obyektinə çevrilmir və yaxud da onların legitimliyi ciddi şübhə altına alınmır.

Bir sözlə, ermənilərin etdiyi bütün hərəkətlərin qeyri-qanuni xarakter daşımasına, özündə təcavüzkar niyyəti əks etdirməsinə, Azərbaycanın ərazi bütövlüyünün kobud şəkildə pozulmasına xidmət etməsinə baxmayaraq heç məzənmət də edilmir. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu hazırkı formatda öz əhəmiyyətini itirib. Ona görə də Azərbaycan qurumun formatının dəyişilməsini, daha obyektiv dövlətlərin vasitəçilik institutunda təmsil olunmasını istəyir. Rəsmi Bakı xüsusilə Minsk qrupundan Türkiyə və Almaniyanın həmsədr olaraq iştirakının tərəfdarıdır".

Dağlıq Qarabağ münaqişəsini iki sivilizasiyanın - müsəlman və xristian dünyasının toqquşması adlandıran Q.Hüseynli qeyd edib ki, məsələyə dini mənsubiyyət nöqteyi-nəzərindən yanaşdıqda ortaya bir sual çıxır:

"Nəyə görə münaqişənin həllində yalnız xristian dövlətləri iştirak edir? Halbuki Minsk qrupundan müsəlman və xüsusilə qonşu dövlətlər iştirak etməlidir ki, ədalət mexanizmləri düzgün işləsin, problemin tam obyektiv həllinə nail olunsun".

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, politoloq Məhərrəm Zülfüqarlı hesab edir ki, biz sadəlövh olmamalıyıq. O bildirib ki, ATƏT Minsk qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin həlli əvvəldən də məlum olduğu kimi mümkün olmayacaq: "Çünki ATƏT daxilində bütün qərarlar konsensusla qəbul olunur. ATƏT-ə üzv olan bütün dövlətlərin nümayəndələri məsələyə "hə" desə, problem həllini tapır. Bizimlə yanaşı Ermənistan da ATƏT-in üzvüdür. Əgər Azərbaycan problemə "hə" deyəcək, Ermənistan isə "yox" deyəcəksə yenə də münaqişə öz həllini tapmayacaq".

Eyni zamanda, Minsk qrupunun 3 üzvündən 2-sinin - Rusiya və Fransanın prezidentlərinin aprelin 24-ü İrəvana qondarma soyqırımı qeyd etmək üçün getməsiylə iç üzünü göstərdiyini deyən politoloq hesab edir ki, ya format dəyişilməli və ATƏT daxilində neytral dövlətlər quruma həmsədrlik etməli, ya da daha yüksək səviyyəli qurum olan BMT Dağlıq Qarabağ münaqişəsi çərçivəsində vasitəçilik missiyasını öz üzərinə götürməlidir: "Bütün bunların fövqündə problemin həlli bizdən asılıdır. Hər hansı bir dövlətin münaqişə ilə bağlı mövqeyini şərh edərək biz nəyəsə nail ola bilmərik. Azərbaycan əvvəlki illərə nisbətən xeyli güclənib və öz sözünü deməyi bacarır. Ona görə də biz mövqeyimizi daha gücləndirməklə həmin dövlətlərin maraq dairəsinə düşə bilərik. Bundan sonra problemin həllində sürətlənmələr və inkişaf görəcəyik. Çünki güclənməyimiz bizi problemin həllinə bir o qədər yaxınlaşdırır".

M.Zülfüqarlı əlavə edib ki, münaqişənin 20 ildən çox uzanmasının arxasında din amilinin dayandığını desək də bu əsas səbəb deyil: "NATO qüvvələri Belqradı Kosovaya görə mərmi atəşinə tutub. Yəni müsəlmanlara görə xristian dövlətinə qarşı olub. Ona görə də din amilini biz əsas tutmamalıyıq. Ermənilər tarixən vətənsiz xalq kimi tanınıb və istənilən dövlətin maraqlarına uyğun hərəkət edə biliblər. Həmin dövlətlər də öz maraqlarına uyğun şəkildə onlardan istifadə edirlər. Burada əsas böyük dövlətlərin maraqlarıdır. Əgər biz apardığımız haqq davasında yüksək nəticələr əldə etmək istəyiriksə çalışmalıyıq ki, Dağlıq Qarabağ torpaqlarının geri qaytarılmasında böyük dövlətlərin marağı olsun. Hal -hazırda isə xarici qüvvələr torpaqların işğaldan azad edilməsinə maraq göstərmirlər. Əksinə dolaşıq cümlələr işlətməklə problemin illər boyu davam etməsinə çalışırlar".

Ceyhun ABASOV

 





06.05.2015    çap et  çap et