525.Az

I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti


 

I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti <b style="color:red"></b>

Şərait

Azərbaycanda Birinci  Avropa Oyunlarına gedən yol bəlkə də ilk dəfə Milli Azadlıq  Hərəkatından başladı. Xalq ayağa qalxdı, şəhid verdi, qan bahasına öz azadlığını bərpa etdi. Dünya ölkələri  arasında öz səsi, öz sözü oldu. Üçrəngli bayrağını  dalğalandırdı,  dövlət himnini səsləndirdi.

Ulu Öndər  Heydər Əliyev  xalqımızın arzusu  və  tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi, Azərbaycanın  müstəqilliyini möhkəmləndirdi, ölkədə geniş miqyaslı islahatlar apardı, xalqın itən inamını özünə qaytardı , daxili sabitlik yaratdı, elm və mədəniyyəti, o cümlədən, idmanı və bədən tərbiyəsini inkişaf etdirdi.

Azərbaycanın artan nüfuzunu, daxili sabitliyini  görən xarici dövlətlər  ölkəmizə küll-miqdarda sərmayələr yatırtdı və bu da Azərbayan dövlətçiliyinə inam hissini gücləndirdi və müstəqilliyimizin dayaqlarını  daha da möhkəmləndirdi.

1997-ci ildə  İlham Əliyev  Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkədə idmanın və Olimpiya Hərəkatının  hərtərəfli və sürətli inkişafı təmin edildi.  Sonrakı illərdə Prezident  İlham Əliyevin  təşəbbüsü və tapşırığı  ilə   Bakıda və rayonlarda  Olimpiya idman kompleksləri  tikildi. Bu iş indi də uğurla davam etdirilir, beləliklə, idmanın və Olimpiya Hərəkatının inkişafı dövlətin əsas qayğılarından birinə çevrilib.

Azərbaycan Milli Olimpiya Komitəsi tez bir zamanda  xalqın idman istedadına  sahib çıxdı və bu gün o gücü   dünyaya göstərə bilir. Təsadüfi deyil ki, Azərbaycan indi dünyanın aparıcı idman dövlətlərindən birinə çevrilib. Azərbaycan idmanı xalqımızın milli sərvətidir. Milli Olimpiya Komitəsi bu milli sərvəti  böyük qayğıkeşliklə qorudu və gələcək nəsillər üçün sağlam genefondun əsasını yaratdı.

İdmançılarımızın Olimpiya oyunlarında  qazandığı qələbələr, dövlətimizin   idmanın və Olimpiya Hərəkatının inkişafına  göstərdiyi qayğı   İlk  Avropa Oyunlarının    Bakıda keçirilməsinə əsaslı  şərait yaratdı.

İlk

Çoxdandır  bir ifadə - "Bakı-2015 Avropa Oyunları" kəlməsi   qəlbimizi fərəh hissi ilə doldurur.  İlk Avropa Oyunlarının  Bakıda keçirilməsi bütün dünya azərbaycanlılarını  vahid bir ideya ətrafında   sıx birləşdirir, onların qürur mənbəyinə çevrilir.  İlk Avropa Oyunları  ifadəsində  ən  çox xoşuma gələn  "ilk"  sözüdür və bu "ilk"  sözü  əsas nitq hissəsi olan  sadə  sifətdir,   Avropa Oyunlarının ilk dəfə məhz Bakıda keçirildiyini özündə ehtiva edir. Azərbaycan həmişə  "ilk"-lərdən olub,   ilk olmaqdan ötrü  bütün sahələrdə sosial bazanı  möhkəmləndirməklə demokratik, hüquqi bir dövlət kimi daim  inkişafdadır.

İlk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi qərara alınıb. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində  ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edildi və  12-28  iyun tarixləri  arasında keçiriləcək  oyunlarda Avropanın 49 ölkəsindən  20 idman növü üzrə  6000 -dən çox idmançı   yarışacaq.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarına məsul olan Təşkilat Komitəsinə Azərbaycanın Birinci Xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Məhz bu seçim, Avropa Oyunlarının uğurunu şərtləndirən əsas amillərdən biridir.

Bakı 2015 Avropa Oyunlarının rəsmi loqosu  Alov, Su, əfsanəvi Simurq quşu, Xalı və Nar da daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyət və səylərini formalaşdırmış beş başlıca elementi bir araya gətirib. Loqo ölkəmizin təbii gözəlliklərini, mədəniyyətini  və gözəl Bakımızın xarakterik cizgilərini təsvir edir.

2015 Avropa Oyunlarının rəsmi simvolları: Ceyran və  nardır. Bu cütlük Bakı 2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının simvoluna çevriləcək. Məhz  böyük təcrübənin  və ölkəmizdə idmanın inkişafına olan inamın   nəticəsidir ki, iki ildən sonra Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək.

Bəli, bu da yeni bir "İlk" hadisə, böyük idman hadisəsi. Hələ qarşıda Azərbaycanı daha böyük "İlk"lər gözləyir.

Gözəllik və sağlamlıq 

Birinci Avropa Oyunları yurdumuza bahar kimi gəlir.  Novruz  bayramında insanlar evin içini: yorğan-döşəyi, köhnə mebelləri   çölə atıb yaz günəşinin  şüasında təmizlədikləri kimi , bu gün  də insanlar öz içlərində köhnə fikirləri, kini-küdurəti, qara magiyaları atıb içlərini yeni bir nur işığı ilə doldurublar.  Şəhərə təzə avtobuslar , taksilər gəlib, yollar, küçələr  Birinci Avropa Oyunlarının reklamları ilə bəzədilib.  Şəhər  başdan-başa abadlaşır, yeni idman sarayları tikilib. Avropa  Oyunlarının şərəfinə şəhərdə asfalt döşəmələr, divarlar, evlər, damlar təzələnir,  yol polisləri dünya standartlarına uyğun yeni biliklərlə təlimatlandırılır.   Bakıda nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir. Yeni  xidmət infrastrukturu yaradılır. Şəhərimizdə   aparıcı brend otellər  öz fəaliyyətini genişləndirir və dünya standartlarına cavab verir.

Bütün bunlar insanlara xoş ovqat bəxş edir, onların əhval-ruhiyyəsini yaxşılaşdırır.  Şəhərimizdə gedən yenidənqurma işləri insanların , necə deyərlər,   qan dövranının tənzimlənməsinə kömək edir. Onlarda əsəb sistemi sakitləşir, psixoloji durum sabitləşir.  Böyük bir sevinc hissi ölkə əhalisini  ağuşuna alır. Azərbaycan xalqı  möhtəşəm Avropa Oyunların açıq ürək, gülərüzlə qarşılayır.

Prezident İlham Əliyev aprelin  26-da qədim od məbədi Atəşgahda  Birinci Avropa Oyunlarının məşəlini yandırdı.  Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.

Həmin mərasimdə Prezidentin dediyi kimi, Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması dünya tarixində nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.

Çox gözəl deyiblər ki, idman sağlamlıqdır. Təkcə idmançıların deyil, həm də izləyənlərin, tamaşaçıların sağlamlığıdır. Artıq xalq öz  qəhrəmanlarıını  idmanda tapırsa, onun qələbəsinə sevinirsə, artıq bu xalqın mənəvi və fiziki sağlamlığını təmin edən əsas faktordur.

Birinci Avropa Oyunlarınıın ən  başlıca əhəmiyyətinin biri də  ölkəmizdə  idmanın və bədən tərbiyəsinin kütləviləşməsi, millətin sağlamlığı uğrunda yeni bir hərəkatın başlanmasıdır.

Birlik və müdafiə

Birinci  Avropa Oyunlarının Bakıda keçirilməsi  ölkə vətəndaşları arasında  birliyin daha da möhkəmlənməsinə   stimul verir. Artıq burda sevinc birdir, hədəf  göz önündədir. Oyunların  izləyicisi, tamaşaçısı bütün dünyadır. Ölkə əhalisi idman bayramının ətrafında sıx birləşir, öz dövlətinə, Prezidentinə böyük  həmrəylik nümayiş etdirir.  Oyunun  rəsmi simvolları seçilən  Ceyran və Nar  xalqımızın  adət-ənənələrni, milli psixoloji xüsusiyyətlərini özündə əks etdirir. Ceyran Azərbaycan təbiətinin  simvoludur, saflığın rəmzidir. İndi o bütün dünyanı gəzəcək. Xalq şairi  Səməd Vurğun  vaxtı ilə "O çöllər qızını ayırma bizdən" deyirdi. Təbiətə silah müdaxiləsi şairi incidirdi.  İndi  Azərbaycanda keçirilən  və bütün dünya tərəfindən izlənilən və dəstəklənən  Birinci Avropa Oyunlarının simvolu ceyrandırsa, demək, ölkənin  dövlətçilik şüuru və təfəkkürü təbiətin də yeganə qoruyucusu və müdafəçisidir.  Narın quruluşu birliyin, mətinliyin simvoludur. Fikir verin, onun dənəcikləri necə sıx birləşiblər. O qədər six birləşiblər ki, onların arasına  yad cismin girməyi mümkün deyil.  Dənələrin sıx birləşməsi bu gün Azərbaycan  xalqının daxili birliyini və həmrəylini  çox dəqiq ifadə edir. Nar Günəşi sevir, güclü və enerjilidir. Ceyran və Nar təbiətin göstəricisidir. Azərbaycan elə bir sivil ölkədir ki, bütün zamanlarda o təbiətlə həmrəydir və öz  qüdrətini, insanpərvərliyini milli-mənəvi dəyərlərlə yanaşı, təbiətdən də alır.

Birinci Avropa Oyunlarının Bakıda  keçirilməsi  bütün dünya azərbaycanlılarını  sevindirir. Onların vətən, birlik, dövlətçilik  duyğuları  bir -biri ilə qaynayıb qarışır, Azərbaycan  dövlətinin  nufuzunun daha artmasına, möhkəmlənməsinə yönəlir. İdman  fiziki güc nümayişinin ən sivil  üsuludur.  Bu mənada Azərbaycanda  Birinci Avropa Oyunlrının  keçirilməsi   Qarabağ  münaqişəsinin siyasi yolla həll olunması yolunda möhtəşəm bir addımdır. Azərbaycanın   Birinci Avropa Oyunları sevgisi onun demokratik, qonaqpərvər, sivil, sülhsevər bir ölkə olmasını göstərən əsaslı bir faktdır. Dostun qapısını döyərlər. Dostun evinə qonaq gələrlər. Əgər böyük Avropa  möhtəşəm oyunlarının Bakıda keçirilməsinə qərar verirsə, demək, ölkəmiz sevil, demokratik bir dünya   ölkəsidir.  Demək, burada təhlükəsizliyə, daxili nizam-intizama,  dünya idman  qanunlarına,  oyunların yüksək səviyyədə keçirilməsinə böyük təminat var. Bütün bunlar Azərbaycanın hüquqi, siyasi, iqtisadi, sosial və mədəni cəhətdən   müdafiəsinin  daha da  möhkəmlənməsinə   səbəb olacaqdır.  Birinci Avropa Oyunları Azərbaycanı qonaqpərvər,  böyük mədəniyyət tarixi olan  bir ölkə kimi bütün dünyaya tanıdacaq,  dövlətimizin  nüfuzu artacaq, ölkəmizə turist axınını, investisiya qoyuluşunu sürətləndirəcək.

Əxlaq 

Bakıda  keçirilən İlk Avropa Oyunları özündə böyük əxlaq  dəyərləri  nümayiş etdirir.  Bu əxlaqın içində  oyunlara qatılan  ölkələrin milli -əxlaqi dəyərləri də iştirak edir. İdman bayramında  xarici ölkələrdən gələn qonaqlar Azərbaycan  mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Ona görə də  bu böyük idman bayramı həm də mədəniyyət və incəsənətin   bayramıdır.  Tarixən   insan damarından, beynindən  və təfəkküründən qopub gələn gücü çay selləri kimi məcraya salmaq, onu dəyərli və vacib məqsədlərə yönəltmək həmişə bəşəriyyətin ən birinci məqsədi  olub. İllər keçir, insan gücü soyuq müharibələrə, qanlı döyüşlərə cəlb olunur, bu da insanlıq üçün çox ağır məşəqqətlər yaradır. İnsanın fiziki gücü başqa bir insanın məhvinə yönəlir. 

Mənə elə gəlir ki, idman dünya pərakəndə güc zəlzələsindən xilas edilərək  güc enerjisini vahid bir xəttə, idmana, Olimpiya oyunlarına  yönəldə bilir. Bu, tarixin kəşfi, həm də qələbəsidir.

Bu mənada  idman hər şeydən əvvəl əxlaqdır. İdman müharibəyə son deməkdir.  Bakıda keçirilən Birinci  Avropa Oyunları  müharibənin, şərin dayaqlarını sarsıdır, bütün dünya ölkələrini  vahid bir məcraya, idman sevincinə, sülhə  yönəldir.  Dünyada hamının anlaya biləcəyi bir dil- sülh, danışıq və barışıq dili var.   Birinci Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan dünya dövlətləri ilə məhz bu dildə danışacaq. Hesab edirəm ki, bütün dünyada sülhə, əmin-amanlığa xidmət edən bu möhtəşəm idman bayramı da Qarabağ məsələsində də bizim haqlı olduğumuza öz töhfəsini verəcək, Azərbaycanın ərazi bötüvlüyünün təmin olunmasında mühüm rol oynayacaq.

Yuxarıda qeyd etdiyim kimi dövlətimizin idman siyasəti, Azərbaycanın dünyada tanıdılmasına, ölkəmizin siyasi, mədəni, iqtisadi qüdrətinin  möhkəmlənməsinə, abadlaşmasına və  xalqımızın sağlamlığına  xidmət edir. Bu mənada  Birinci Avropa Oyunları ölkəmiz  üçün böyük tarixi əhəmiyyətə malikdir.

Qəşəm NƏCƏFZADƏ
Qeyd: Məqalə Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap edilir.

 





07.05.2015    çap et  çap et