525.Az

Əmir Musa: "Azərbaycan çox böyük inkişaf yolundadır"


 

Əmir Musa: "Azərbaycan çox böyük inkişaf yolundadır"<b style="color:red"></b>

Aprelin 28-dən 30-dək Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu keçirildi. Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə əməkdaşlığı çərçivəsində gerçəkləşən forumda dünyanın tanınmış siyasi və dövlət xadimləri iştirak edirdi.

Tədbirdə iştirak edən Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmir Musadan qısa müsahibəsində bir sıra suallarımızı cavablandırıb. Qeyd edək ki, 1945-ci ildə yaradılan təşkilat özündə 22 ərəb dövlətini birləşdirir.
 

- Vaxtilə rəhbərlik etdiyiniz Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Bizim münasibətlərimiz çox yaxşıdır. Mənim vətənim Misir də daxil olmaqla ərəb ölkələri Azərbaycanla dostluq əlaqələri saxlayır. Bu gün Azərbaycan çox böyük inkişaf yolundadır və təbii ki, bizim əməkdaşlıq imkanlarımız da genişlənir.  Azərbaycana hər gəlişimizdə böyük inkişafın, tərəqqinin şahidi oluruq. Bunu Azərbaycana gələn hər kəs etiraf edir. Elə forumda çıxışlar zamanı da bu barədə qeyd edildi. Ölkə müasirləşir, dünyaya daha çox açılır. Bütün bunlar Azərbaycanın dostlarını çox sevindirir. Azərbaycan gənc dövlət olmasına baxmayaraq qısa müddət ərzində sürətlə irəliləyib, beynəlxalq aləmdə öz yerini tutub.

Ölkənin bütün sahələrdə uğurları göz önündədir. Bütün bunlar təbii ki, Azərbaycanın dostlarını çox sevindirir.

- Müasir dünyanın üzləşdiyi problemlərdən biri də radikal qruplar, lokal müharibələrdir. Bu toqquşmalar nəticəsində bəzi müsəlman ölkələrində bəşər sivilizasiyasının tarixini yaşadan mədəni abidələr məhv edilir. Bunun qarşısını almaq üçün nə etmək lazımdır?

- Bu xoşagəlməz vəziyyətlə bağlı mən də çox məyus oluram. Ona görə ki, dağıntıya məruz qalan təkcə bir xalqın, ölkənin abidələri deyil, bəşər mədəniyyətinin nümunələridir. Lokal müharibələr şəraitində bu dağıntılar əvvəlcə Əfqanıstanda başlayıb. Əlbəttə, oxşar vəziyyətin davamını beynəlxalq aləmin məsələyə laqeyd yanaşması ilə izah etmək olar. Bəlkə də ona görə bu hal genişlənməkdə davam etdi. Bütün dünya buna qarşı çıxış etməlidir. İslam aləmi öz abidələrini qoruyub saxlamaq üçün birlikdə işləməlidir. Keçmişdə bu abidələr müxtəlif sivilizasiyalara məxsus sənətkarların əməyi sayəsində ərsəyə gəlib. Bu neqativ hadisələrin fonunda qlobal inama da zərbə dəyir.

- Azərbaycan dünya və islam mədəniyyətinə öz qiymətli töhfələrini verib. Bu gün Ermənistanın işğalı altında olan torpaqlarımızda da abidələrimiz məhv edilir. Bu barədə nə deyə bilərsiniz?

- Mən bu məsələ haqqında çox da geniş məlumata malik deyiləm. Amma bildiyim bir məqamdır ki, bütün abidələr qorunmalıdır. Abidələr bizə tariximizin, xalqlarımızın yadigarıdırlar. Onları qoruyub, gələcək nəsillərə çatdırmalıyıq. Çünki onlar bizə tarixin mirasıdır. Bu məsələdə UNESCO-nun, məsul qurumların  və ümumilikdə beynəlxalq birliyin daha fəal olmasını istərdik.

- Günümüzdə baş verən hadisələr həm də dini konfliktləri artırır. Təəssüf ki, İslam dinindən bir vasitə kimi sui-istifadə olunur. Bu barədə nə deyə bilərsiniz?

- Burada söhbət sivilizasiyaların toqquşmasından getmir. Əgər terrordan danışsaq, Ərəb Dövlətləri Liqası açıq şəkildə terroru pisləyir və onu rədd edir. Əgər söhbət ümumilikdə Şərq və Qərb münasibətlərindən gedirsə bu vəziyyətdə biz daha çox əməkdaşlıq etməliyik. Bu əməkdaşlıq birgə, yanaşı mövcud olmaq, çalışmaq, işbirliyi üçün qurulmalıdır. Birlikdə işləməliyik. Əgər dünyada sülh içərisində yaşamaq istəyiriksə, qarşılıqlı münasibət qurub birgə çalışmalıyıq.

Əks halda başqa çıxış yolu yoxdur. Burada isə inam çatışmazlığı mövcuddur. 1990-cı ildə dünyanın düzəni dəyişəndə, "soyuq müharibə" aradan qalxanda Şərqlə Qərb arasında münasibətlərin normallaşmasına ümid edilirdi. Yeni yaranan dünya nizamında etimad çatışmazlığı beynəlxalq sistemə inamı zəiflədir. III Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışlarda da bu mövzuya, dünyadakı ikili standartlar probleminə toxunuldu.

Əlbəttə, bu amil qlobal siyasətdə inamsızlığa səbəb olur. Məhz ikili standartlar dünyada, xüsusilə də Yaxın Şərqdə qeyri-sabitliyə, ksenofobiyaya, terrorçuluğun artmasına təkan verir. BMT-də, xüsusən də Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır, fövqəldövlətlərin əlində alətə çevrilən Təhlükəsizlik Şurasında hansısa dəyişikliklərin edilməsi qeyri-mümkündür. Dondurulmuş münaqişələrə gəlincə, fövqəldövlətlər belə vəziyyətlərdən öz maraqları naminə istifadə edirlər.

- Yaxın günlərdə Bakı üçüncü dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Sizin multikulturalizmə münasibətiniz necədir, o, dünyanı xilas edə bilərmi?

- Ümumiyyətlə, Azərbaycan hökumətinin multikulturalizmə yanaşmasını çox müsbət hal kimi dəyərləndirirəm. Azərbaycan son illər bu sahədə çox fəal çalışır, önəmli addımlar atır. Bunlar çox gözəl haldır. Məsələn, elə götürək, III Qlobal Açıq Cəmiyyətlər Forumunu. Bu konfransın özü Qərb və Şərqi ifadə edir və itirilmiş inamı bərpa etmək baxımından bu, çox faydalıdır. 

Forumda müasir dünyanı narahat edən çox vacib problemlər, mövzular müzakirəyə çıxarılır. Onu deyə bilərəm ki, bu gün müasir dünyanın doğrudan da multikulturalizmə böyük ehtiyacı var. Bu baxımdan Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini də yüksək qiymətləndirirəm.

Multikultural cəmiyyətlər olmadan dünyada mənzərə çox cəfəng görünər və sevindirici haldır ki, Azərbaycan bu istiqamətdə düzgün yol tutub. İnanıram ki, Azərbaycan bu istiqamətdə yolunu davam etdirəcək və ölkənizə öz düzgün yolunda uğurlar arzu edirəm.

PƏRVANƏ

 





07.05.2015    çap et  çap et