525.Az

Müstəqillik dövrü ədəbiyyatşünaslığımız elmi-ədəbi təfəkkür işığında


 

Müstəqillik dövrü ədəbiyyatşünaslığımız elmi-ədəbi təfəkkür işığında<b style="color:red"></b>

Müstəqillik dövrü ədəbiyyatşünaslığının ilk çərəyinin tamamlanmasına iki ildən də az vaxt qalır. 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə son iki ildə geniş vüsət alan ədəbi-elmi canlanma və yenilənmə ədəbiyyatşünaslarımızın yaradıcılığına da qüvvətli təsirini göstərməkdədir. Müasir Azərbaycan ədəbiyyatşünaslığında gedən köklü dəyişikliklərin və baş verən sanballı yeniliklərin mahiyyətini akademik İsa Həbibbəylinin "Böyük ədəbiyyatşünaslıq uğrunda" analitik məqaləsindəki aşağıdakı mülahizələri sərrast ifadə edir: "...Azərbaycançılıq üstündə köklənmiş sistemli ədəbiyyatşünaslıq elmi ölkəmizdə dövlət müstəqilliyi bərpa edildikdən sonra tam olaraq geniş şəkildə inkişaf etməyə başlamışdır. Bu mənada konkret tarixi özünüifadə kimi müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığı XX əsrin səksəninci illərinin ikinci yarısından başlamış və davam etmişdir. ...Fikrimcə, XXI əsrin başlanğıcından müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında irəliləyiş və inkişaf qaçılmaz bir prosesə çevrilmişdir".

Bu ədəbi-mənəvi oyanış və yüksəlişin öncüllərindən biri filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir. Tanınmış alimin bu yaxınlarda işıq üzü görmüş "Müdriklik mücəssəməsi" (Bakı, "Elm və təhsil", 2014) kitabı söylədiklərimizi təsdiq etməkdədir. 40-a yaxın ədəbi-elmi məqalənin yer aldığı bu monumental kitab çağdaş ədəbiyyatşünaslığımızın mahiyyətini və səviyyəsini uğurla əks etdirir. Əgər kitaba daxil olan bəzi məqalələrin həcminin 50-100 səhifəyə yaxın olduğunu nəzərə alsaq, onda söhbət açdğımız ədəbi-elmi mənbənin ehtiva dairəsinin miqyas və hüdudlarını təsəvvür etmək müşkül  olmaz.

"Müdriklik mücəssəməsi" kitabı eyniadlı möhtəşəm məqalə ilə başlanır. Bu məqalə Azərbaycan xalqının dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuşdur. Yüksək elmi professionallıqla yazılmış bu məqalənin üslubunu elmilik və obrazlılığın uğurlu sintezi səciyyələndirir. Professor Asif Rüstəmli özünəməxsus sənətkarlıq və məharətlə tədqiqatın əvvəlindəcə dahi şəxsiyyətin yaddaqalan və unudulmaz obrazını cızmağa nail olur; müəllif Heydər Əliyevin "yüksək natiqlik məharəti, geniş erudisiyası, ensiklopedik biliyi, dərin analitik zəkası, müdrik və uzagörən strategiyası, çevik taktikası, polad məntiqi, sarsılmaz iradəsi, müstəsna idarəçilik istedadı, peşəkar diplomatik manevrləri ilə əfsanələşərək fenomenal şəxsiyyətlər Olimpində" qərar tutmasını xüsusi vurğulayır.  Dünyanın görkəmli ictimai-siyası xadimləri planetar miqyaslı siyasətçi Heydər Əliyevi hələ onun sağlığında "canlı əfsanə", "dahi şəxsiyyət", "siyasət ustadı" adlandırırdılar.

Professor Asif Rüstəmlinin öz elmi-fəlsəfi təhlilləri əsasında yaratdğı Heydər Əliyev obrazı özünün monumentallığı və həyatiliyi ilə seçilir. Alimin düşüncə və mülahizələri həmişə konkret faktlara, hadisə və proseslərə söykənir. Məsələn, ulu öndərin məşhur çıxışlarından birini təhlil edərkən, o öz fikirlərini xüsusən tarixi əhəmiyyət daşıyan və gələcəyə ünvanlanan məsələlər üzərində cəmləşdirməyə çalışır.

"Azərbaycançılıq hissiyyatını gənclərdə yaratmaq lazımdır". Dahi öndərin bu kəlamını təhlil edərək, müəllif belə nəticəyə gəlir: "Azərbaycançılıq hissiyyatı - Azərbaycanı sevmək, onun yüksəlişi yolunda çalışmaq və mübarizə aparmaqdır. Heydər Əliyevin elmi-nəzəri irsində Azərbaycançılıq hissiyyatı - Azərbaycan xalqının tarixi keçmişi ilə yanaşı onun çağdaş dövrünü, yeniləşən və yüksələn bugününü də tam və geniş mənada əhatə edir".

Ümumən, "Müdriklik mücəssəməsi" tədqiqatında ulu öndərin dövlətçilik fəaliyyətinin milli-humanitar siqləti və mahiyyəti uğurla açılmışdır. Alim dahi rəhbərin iki minillik Azərbaycan mədəniyyətinin və söz sənətinin zəmanəmizin mənəvi ehtiyaclarına xidmət etdirilməsində, onların dünya miqyasındakı əhəmiyyətinin və şöhrətinin yüksək səviyyədə etiraf olunmasındakı misilsiz zəhmətlərini elmi cəhətdən ümumiləşdirməyi bacarmışdır. İki minillik Azərbaycan mənəviyyatının və mədəniyyətinin öyrənilməsində, onların müasir ictimai-siyasi-mədəni sistemlərə və sivilizasiyalara məlum edilməsində, yaxınlaşdırılmasında Heydər Əliyev qədər əməyi və xidmətləri olan ikinci bir şəxsi təsəvvür etmək çox çətindir.

Təkcə "Müdriklik mücəssəməsi" məqaləsində deyil, sonrakı məqalələrdə də Heydər Əliyev dühasının Azərbaycan XX əsrindəki rolu və mövqeyi vurğulanır. Bu cəhətdən, kitabdakı "Dövlətçiliyimizin və demokratiyamızın ilk müəllimi", "Məhəmməd Əmin Rəsulzadə və Cəfər Cabbarlı: qovuşan və ayrılan yollar", "Azərbaycan" qəzetinin Gəncə dövrü", "Azərbaycan" qəzetinin Bakıya köçməsi", "Zamanın söz kürsüsü" kimi məqalələrdə ötən əsrin ictimai-siyasi və mədəni tərcümeyi-halını yazan böyük Azərbaycan oğullarının cəsarətindən bəhs edilir. Azərbaycanın müstəqilliyinə və azadlığına aparan yolun nə qədər enişli-yoxuşlu, qanlı-qadalı olduğunu və nə qədər mərd-mübariz olsalar da, əsrin əvvəllərindəki istiqlal fədailəri ilk Azərbaycan Demokratik Cümhuriyyətini cəmi 23 ay qoruya bildiklərini biz ürək ağrısı ilə oxuyur, xatırlayırıq.

"Müdriklik mücəssəməsi" kitabında "Cabbarlı dünyası" adı altında verilmiş məqalələr də özünəməxsusluğu və rəngbərəngliyi ilə seçilir. "Cəfər Cabbarlı Cümhuriyyət dönəmində", "Cəfər Cabbarlı repressiyalar məngəsində", "Cəfər Cabbarlı və türk mifologiyası", "Qarabağ "1905-ci ildə": Tarixi gerçəklik və bədii həqiqət", "Cəfər Cabbarlının "Əfqanıstan"  pyesi barədə", "Cabbarlışünaslığın inkişaf mərhələləri" kimi məqalələr elmi-nəzəri yanaşmanın və təhlilin orijinallığı ilə diqqəti cəlb edir.

Müəllif hələ "Məhəmməd Əmin Rəsulzadə və Cəfər Cabbarlı: qovuşan və ayrılan yollar" məqaləsinin girişində vurğulayır ki, XX yüzilliyin əvvəllərində Azərbaycan ədəbi-ictimai mühitinin iki görkəmli nümayəndəsi - M.Ə.Rəsulzadə və C.Cabbarlının imperiyaya qarşı mübarizə illərində, Cümhuriyyət dövründə bir-biri ilə yaxın münasibətlərinin, yaradıcılıq əlaqələrinin araşdırılması ədəbiyyat tariximizin açılmamış səhifələrindədir və şübhəsiz ki, çağdaş oxucu auditoriyası üçün bu mövzu geniş və müstəsna əhəmiyyət kəsb edir. C.Cabbarlı haqqındakı bütün məqalələrində böyük sənətkar yaradıcılığının həmişə açılmamış tərəflərinə və cəhətlərinə üstünlük verən müəllif bu yazısında da C.Cabbarlı şəxsiyyətinin az məlum olan keyfiyyətlərindən söz açır.

Məsələn, onun bu mülahizəsi diqqətəlayiqdir: "Yaradıcılığında daha çox rəmzlərə üstünlük verən sənətkar "Gülzar" hekayəsi ilə Azərbaycanın işğal faktını ilk dəfə bədii ədəbiyyata gətirmişdi. Əsərlərində Sovet gerçəkliyinin "qırmızı qaranlıqlar"ını böyük ustalıqla təsvir edən sənətkar milli müqavimət hərəkatının azadlıq uğrunda mübarizəsini verməkdən də çəkinməmişdir".

M.Ə.Rəsulzadə cavan həmkarının yaradıcılığına həmişə yüksək hörmət və həssaslıqla yanaşmış, C.Cabbarlı yaradıcılığındakı ən mühüm uğur və yenilikləri öz vaxtında dəyərləndirməyə çalışmışdır. Kitabda göstərildiyi kimi, C.Cabbarlı dramlarını "Azərbaycan dramaturgiyasında mühüm bir mərhələ" adlandıran görkəmli dövlət və ədəbiyyat xadimi "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində yazırdı: "Od gəlini"ni Cəfər, "Çeka" həbsxanasından çıxdıqdan sonra yazmışdır... Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir, Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini qəbul etməyə məcbur edirlər.

Xalq üsyan edir. Gənc Elxan sevgilisinin baş örtüyündən düzəltdiyi bir bayraqla meydana atılır. Müdhiş bir mübarizədən sonra onu tuturlar, edamına qərar verirlər. Dar ağacının altında onu şəhadət kəlməsini oxumağa məcbur edirlər. O isə "Bütün dünya desə də, mən demərəm "La ilahə illəllah!" - deyə hayqırır.

Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün "ərəb" və "islam" sözləri yerinə "rus" və "kommunizm" sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir." Bu fikirlərin qiyməti ölçüyə gəlməz dərəcədədir. Çünki qeyd etdiyimiz düşüncə və yanaşma hansısa bir tənqidçinin sərbəst fikirləri deyil. C.Cabbarlının böyük və təcrübəli müasirinin, onun yaradıcılığına və dünyagörüşünə yaxından bələd olan qüdrətli bir insanın mülahizələridir. Kitabın müəllifi də C.Cabbarlı yaradıcılığının tematikasını və simvolikasını uğurla açan bu cür yanaşma və təhlillərə yer verməklə C.Cabbarlı sənətinin orijinal estetik keyfiyyətini və təkrarsız xüsusiyyətini nəzərə çarpdırmaq istəmişdir.

"Cəfər Cabbarlı Cümhuriyyət dönəmində" və "Cəfər Cabbarlı repressiyalar məngəsində" məqalələri də yeni fakt və sənədlərlə zənginliyi nöqteyi-nəzərindən ciddi maraq doğurur. C.Cabbarlının bədii dünyasının və irsinin zənginliyini nümayiş etdirən, oxucuya məlum olmayan yeni-yeni əsər və əlyazmalarından xəbər verən bu məqalələrdə biz, eyni zamanda, böyük sənətkar yaradıcılığının əbədiyyən itirilmiş  nadir nümunələrindən də xəbər tuturuq.

Bu nöqteyi-nəzərdən "Cəfər Cabbarlı repressiyalar məngəsində" məqaləsini dərin iztirablarla, ürək ağrıları ilə oxuyuruq: "... Az. ÇK əməkdaşları və XI Qırmızı Ordunun Xüsusi Şöbəsinin hərbçiləri  elm, təhsil, ədəbiyyat, mədəniyyət, incəsənət adamlarını, ictimai-siyasi xadimləri həbs edərkən, mənzilləri axtarıb qiymətli əlyazmaları, sənədləri müsadirə edərkən protokola "Heç nə aşkar edilmədi" yazıb sahibinə qol çəkdirsələr də, əslində millətə və mədəniyyətə ciddi zərbə vuran qarətçilik və talançılıq aksiyasını həyata keçirirdilər. Axtarış zamanı aparılan əlyazmaların siyasi mahiyyət kəsb etmədiyi məlum olandan sonra da, o sahibinə geri qaytarılmırdı. C.Cabbarlının "Bakı müharibəsi", "Araz çayı" pyeslərinin, onlarla lirik, satirik şeirlərinin, hekayələrinin günümüzə gəlib çatmaması bu varvarizmin təəssüfdoğurucu nəticəsidir. Heyiflər olsun ki, Cümhuriyyətin süqutundan sonra da Azərbaycan xalqına qarşı "xüsusi idarə"lərin, "Çeka"ların təməlini qoyduğu mənəvi terror ənənəsi uzun onilliklər inkişaf etdirilmiş və təkmilləşdirilmişdir".

Kitabda C.Cabbarlının tamamilə yeni obrazı ilə qarşılaşırıq. Bu obraz Sovet dövründə böyük sənətkarın sosialist realizminin banisi kimi məlum olan məşhur obrazını kökündən inkar edir. Çeka əməkdaşları tərəfindən olmazın işgəncələrə məruz qalan, amma öz əqidəsindən imtina etməyən, milli istiqlal fədaisi C.Cabbarlı ilə Sovet ədəbiyyatının banisi kimi şöhrətlənmiş Cabbarlı arasında yerlə-göy qədər fərq var.

C.Cabbarlı haqqındakı tədqiqatlar təkcə yeni fakt və sənədlərlə zənginliyi cəhətdən diqqəti çəkmir. Böyük sənətkarın bir sıra əsərlərinin yeni yozumu və oxunuşu da elmi cəhətdən çox qiymətlidir. Məsələn, "Qarabağ "1905-ci ildə": Tarixi gerçəklik və bədii həqiqət" məqaləsində biz məşhur pyesin yeni təhlili ilə üz-üzə gəlirik. Müəllifin söylədiyi kimi, C.Cabbarlı mövzunu hərtərəfli öyrənmək üçün arxiv sənədlərini nəzərdən keçirmiş, Qarabağa - Tuğ kəndinə, Şuşaya, Ağdama getmiş, qırğının iştirakçılarını və zərərdidələrini dinləmişdi.
 
1918-ci ilin qanlı mart günlərində ermənilərin Bakıda Azərbaycan türklərinə qarşı törətdikləri ağlasığmaz vəhşiliklərin, soyqırımın canlı şahidi olmuş sənətkar erməni xislətindəki hiyləgərliyin, xəyanətkarlığın, fəndgirliyin, nankorluğun, qəddarlığın, barbarlığın, simasızlığın bütün təzahür formalarını açıq və ya üstüörtülü şəkildə "1905-ci ildə" tarixi dramında əks etdirmişdir. Tədqiqatda çox doğru olaraq,  C.Cabbarlının 30-cu illərin siyasi ab-havasını çox gözəl görən və duyan bir sənətkar kimi 25 il əvvələ - 1905-ci ilə qayıdaraq erməni-müsəlman qırğınını mövzu seçməsi müəllifin böyük cəsarəti kim dəyərləndirilir. Ümumən, "1905-ci ildə" " tarixi dramının təhlilinin elmi cəhətdən son dərəcə dərin və yüksək səviyyədə alındığını qeyd etməliyik.

Doğru olaraq, bu əsərin Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", Nəriman Nərimanovun "Bahadır və Sona" əsərlərinin ideya-estetik davamı olduğunu vurğulayan müəllif türk Baxşı ilə erməni Sonanın, eləcə də erməni Baxşı ilə türk Sonanın izdivacını qeyri-mümkün hesab edir. "1905-ci ildə" tarixi dramındakı bu milli və mənəvi yenilməzlik pafosu öz dövründə bir çox müasirlərinin diqqətini cəlb etsə də, sonralar Sovet ideologiyası əsərin məhz bu estetik keyfiyyətlərini dəyərləndirməyə və təbliğ etməyə imkan verməyib.

(Ardı var)

 

 





07.05.2015    çap et  çap et