525.Az

Birinci Avropa Oyunları və "qarayaxma batalyonlarının" möhtəkirliyi


 

AZƏRBAYCANA QARŞI QARAYAXMA KAMPANİYASI STANDART SSENARİLƏR ƏSASINDA HƏYATA KEÇİRİLİR

Birinci Avropa Oyunları və "qarayaxma batalyonlarının" möhtəkirliyi<b style="color:red"></b>

İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberq Azərbaycanı Avropa Olimpiya Komitəsinə şikayət edib.
 
S.Lindeberq Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının başlanmasına 100 gün qalmış "Amnesty İnternational"ın yaydığı hesabata istinad edərək bildirib ki, guya turnirə ev sahibliyi edən Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı standartlara əməl olunmur. Lakin Bakıya dəfələrlə səfər edən və ölkəmizin inkişafını, əldə etdiyi tərəqqini öz gözləri ilə görən Patrik Hikkinin rəhbərlik etdiyi Avropa Olimpiya Komitəsindən Lindeberqin müraciətinin əsassız olduğu, reallığı əks etdirmədiyi bildirilib.

Sual yaranır ki, niyə hər dəfə hansısa ölkədə mötəbər tədbir, xüsusilə beynəlxalq idman yarışları təşkil olunanda bəzi xarici dairələr tərəfindən standart fikirlər irəli sürülür? İdmanı siyasi alətə çevirmək istəyənlər hər dəfə dünya çempionatları, olimpiya oyunları və digər beynəlxalq səviyyəli yarışlar ərəfəsində təşkilatçı ölkələrdə guya insan hüquqlarının pozulduğundan narahat olurlar.

Diqqət yetirsək, Asiya Qitə Oyunları, Panamerika Oyunları, Afrika Oyunları keçirildiyi halda dünyaya ilk dəfə olimpiya bayramı yaşadan Avropada indiyədək qitəmiqyaslı yarışlar keçirilməyib. Bu baxımdan Qərbin geridə qaldığını hesab etmək olar. Lakin dünyada iqtisadi böhranın yaşandığı bir vaxt bu geriliyə son qoymaq üçün ortaya belə bir təşəbbüsün atılmasına baxmayaraq əksər Avropa dövlətləri məlum iqtisadi böhran məsələlərinə görə tarixdə ilk dəfə keçiriləcək turnirin təşkilatçılığını öz üzərinə götürmək istəməyib.
Bu cür əhəmiyyətli hadisənin öhdəsindən yalnız Azərbaycan kimi siyasi-iqtisadi sabitlik dövrü yaşayan dövlət gələ bilərdi. Hərçənd ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi-siyasi qüdrəti bəzi dövlətlərdə qısqanclıqla qarşılanmağa başlayıb. Lakin açıq aydın görünür ki, xarici qüvvələrin əsas hədəfi Azərbaycan deyil, Avropa Oyunlarıdır. Fəaliyyətlərində məkrli niyyətlər güdən təşkilatlar dünyada sülhə, əminamanlığa, dostluğa, qardaşlığa və birgə yaşayışa töhfə verən bütün mötəbər tədbirlərin qarşısını almağa çalışırlar. Sanki onların məqsədi hədəf seçdikləri regionlarda qarşıdurma məkanlarını yaradaraq dünyanı qan gölünə çevirməkdir.

Millət vəkili Zahid Oruc bildirib ki, Avropa Oyunlarının başlayacağı günə qədər biz müxtəlif ölkələrin olimpiya komitələrinin adından bu qəbildən olan müraciətləri eşidəcəyik.
 
Onun sözlərinə görə, bu gün xarici siyasət dairələrinə verilən tapşırıqları bəzi olimpiya komitələri də yerinə yetirir:
 
"Ona görə də biz onları ayrıca bir qeyri-siyasi tərəf kimi qəbul etməklə yanlışlığa yol verərik. Bu cür qara kampaniyalar təkcə ölkəmizə qarşı baş vermir. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq idman tədbirlərinə qarşı qərəzli çıxışların arxasında iqtisadi, siyasi, geopolitik maraqların reallaşdırılması missiyası dayanır.

Yəni, idmanın siyasi alətə çevrilməsi bu günün hadisəsi deyil. Hələ 1980-ci ildə SSRİ-də keçirilən Yay Olimpiya Oyunlarını boykot etmək yönündə dünyada müxtəlif bloklaşmalar yaranmaqda idi. Sanki bu yarış Sovet İttifaqının gücünü artıracaq, beynəlxalq nüfuzunu gücləndirəcək və əlaqələrinə müsbət təsir edəcəkdi. Bununla da SSRİ-nin populyarlığının artması  onun çevrəsində olan dövlətləri də kommunizm idealogiyasında yaşamağa vadar edəcəkdi. Bunu hesablayan Qərb dairələri həmin yarışa qarşı çıxmaqda idi. Hətta 2012-ci ildə London Yay Olimpiya Oyunları ərəfəsində də təkcə 6-7 min material əks ruhdan bu yarışların əleyhinə yönləndirilməkdə idi.

Bu baxımdan biz özümüzü heç bir dövlətdən ayırmamalıyıq. Əksinə belə müqavimət Azərbaycanın gücünü daha da artırır, səfərbərlik imkanlarını genişləndirir, bizi sakit olmağa qoymur, qayğısızlıq şəraitində yaşamaqdan çıxarır. Həmçinin bu bizə imkan verir ki, mötəbər idman tədbirinin beynəlxalq aləmdə daha güclü təqdimatını keçirək".

Millət vəkili hesab edir ki, "Amnesty İnternational" təşkilatının hazırladığı qərəzli hesabatı aparıb beynəlxalq qurumlara təqdim etmək özü bir möhtəkirlik, aşkar şəkildə idman tədbirinə qarşı çıxmaq, yarışlarda iştirak edən minlərlə insanın haqqını pozmaqdır:

"Azərbaycanın tamamailə haqqı var ki, bu tədbirdə iştirak edəcək insanların adıyla bu qurumlara qarşı çıxsın. Onlara sual verməliyik ki, nə etməliyik?  Bu idman tədbirinə qatılan insanlar silah götürüb bir-biri ilə savaşmalıdır? Yəni, bizim alternativimiz nədir? Onlar istəyirlər ki, normal idman yarışlarının keçirilməsinin, sağlam rəqabət şəklində idmançıların mübarizəsinin əvəzinə Azərbaycan kiçik müsəlman ölkəsi kimi müharibə meydanına çevrilsin? 

Axı, Avropa Oyunlarının özü də qitə dövlətlərinin bir-biri ilə qarşılıqlı əlaqələrin güclənməsinə, dünyanın siyasi arxitekturasının müsbətə doğru dəyişməsinə təsir edəcək. Bu idman yarışı təkcə Azərbaycan dövlətini, onun hakimiyyətini gücləndirməyəcək. Niyə bəzi xarici dairələr narahat olurlar?

Tutaq ki, Azərbaycan iqtidarı güclənsə nə olacaq? Həqiqətənmi, 4-5 nəfərin haqqı onlar üçün mühüm əhəmiyyət daşıyır və həmin insanlar azadlığa çıxmasa idman yarışları keçirilməyəcək. Ona görə də Azərbaycan cəmiyyətini ölkəmizə qarşı bəzi xarici dairələrin bu tip münasibətlərini düzgün aspektdə dəyərləndirməsinə çağırış edirəm. Düşünməliyik ki, bu hadisələrin arxasında məlum qurumlar var. Bu gün Azərbaycanda alovlanan məşəlin işığında bütün qara sifətlər də aydınlığa çıxacaq, bu yarışlara üz ağlığıyla gələn, əziyyət çəkən, yarışlarda qalib olmaq istəyən insanlar da məlum olacaq".

Milli QHT Forumunun prezidenti Rauf Zeyni qeyd edib ki, Azərbaycana qarşı qarayaxma kampaniyası standart ssenarilər əsasında həyata keçirilir:

"Ölkəmiz Şərqlə Qərb arasında körpüdür. Bu gün Azərbaycan kifayət qədər sivil, inkişaf etmiş ölkə olaraq dünyanın idman, kültür, dialoq mərkəzinə çevrilib. Dünyanın əksər dövlətlərinin liderləri Bakıda qlobal forumlarda bir araya gələrək bəşəri problemlərin həlli yollarını müzakirə edirlər. Bu cür tədbirlərdə Yaxın Şərqdə baş verən qarşıdurmalar, Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və digər münaqişə ocaqlarında baş verən hadisələr, ümumdünya iqtisadi böhranından çıxış yolları əsas müzakirə mövzusuna çevrilir. Bu mənada Azərbaycanı dünyanın düşüncə mərkəzlərindən biri kimi hesab etmək olar. Bütün bunlar dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir.
 
Bu mənada Azərbaycanın əldə etdiyi nailiyyətlərə bizim düşmənlərimiz və onları dəstəkləyənlər, o cümlədən, bəzi beynəlxalq təşkilatlar, media orqanları qərəzlə yanaşırlar. Nəticədə, müxtəlif istiqamətlərdə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını əngəlləmək üçün qarayaxma kampaniyası aparılır, insan hüquqların pozulduğu iddia edilir. "Amnesty İnternational", "Freedom House", "Human Rights Watch" kimi qeyri-obyektiv fəaliyyət göstərən təşkilatlar tərəfindən hesabatlar hazırlanır ki, guya Azərbaycan bu mötəbər idman tədbirini qarşılamağa layiq deyil. Azərbaycanın dünyada artan imicinə zərbə vurmaq istəyən qüvvələr anlamalıdır ki, ölkəmiz kiçik və gənc olmasına baxmayaraq Avropanın, ümumilikdə isə dünyanın etimadını qazanmış, layiqli tərəfdaş kimi özünü sübut etmiş lider dövlətlərdən biridir".

20 ildən çoxdur ki, Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu xatırladan R.Zeyni bildirib ki, bu təşkilatlar ölkəmiz əleyhinə çıxışlar hazırlamaqdansa, Dağlıq Qarabağın işğalı ilə bağlı BMT-də qəbul olunan 4 qətnamənin dərhal yerinə yetirilməsini tələb etməlidir:

"Əgər bəşəri ədalətdən söhbət gedirsə, o zaman ədalətli olsunlar. Türk və müsəlman olduğumuza görə bizimlə dini və etnik zəmində siyasi hücumlar etməsinlər. Avropa bütövlükdə dünyanın xilasını düşünürsə, ikili standartları kənara qoyub onun bir hissəsi olan Azərbaycanın problemlərini həll etmək barədə addımlar atmalıdır. Artıq Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil.

Ona görə də hesab edirəm ki, Azərbaycan tutduğu yolu davam edəcək, Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək, möhtəşəm aura yaradacaq və bu idman bayramından istifadə edib əldə etdiyi nailiyyətləri, üzləşdiyi problemləri informasiya məkanı vasitəsilə dünya ictimaiyyətinə dolğun şəkildə çatdıracaq. Bu yarışlar zamanı Azərbaycana gələcək 2 min media nümayəndəsi, 6 min idmançı, 30 min azarkeş şahidi olacaq ki, 24 illik müstəqillik tarixi ərzində müharibə şəraitində olan dövlətimiz bu inkişafa necə nail olub. Bu zaman ölkəmizə qarşı qarayaxma kampaniyası aparan təşkilatlar, dairələr və dövlətlər tamamilə kölgədə qalacaq".

Ceyhun ABASOV

 





08.05.2015    çap et  çap et