525.Az

“Erməni lobbisi tərəfindən maliyyələşən təşkilatlar qara yaxmaqla məşğul olurlar”


 

SİYAVUŞ NOVRUZOV: “AZƏRBAYCAN AVROPA OYUNLARINA EV SAHİBLİYİ ETMƏKLƏ ƏSLİNDƏ TARİX YAZIR”

“Erməni lobbisi tərəfindən maliyyələşən təşkilatlar qara yaxmaqla məşğul olurlar”<b style="color:red"></b>

“Avropa Oyunları çox vacib  oyunlardır və  Azərbaycan tarixində çox böyük əhəmiyyət kəsb edir”.

Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dilə gətirib. Onun dediyinə görə, cünki bu oyunlar ilk dəfə olaraq keçirilir və Avropa Oyunlarının Azərbaycana salınması onu göstərir ki, Avropa məşəli artıq Azərbaycandan başlayaraq bütün Avropaya yayılacaq. O, deyib ki,  Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etməklə əslində  bir tarix yazır.

“Yəni, ilk Avropa Oyunlarını keçirən bir ölkə kimi Azərbaycanın adı tarixdə qalır və qalacaq”- deyən YAP rəsmisi eyni zamanda vurğulayıb ki,   bu oyunların keçirilməsi sadəcə, adi püşkatma və yaxud başqa bir məsələ ilə əlaqəli deyil:  “Təbii ki, bu səsvermə yoluyladır və səsverməyə də kifayət qədər əsaslar olmalıdır, lazımdır. Əsaslar da ondan ibarətdir ki, gərək həm ölkənin ictimai-siyasi vəziyyəti, həmçinin, ölkədə idman qurğularının səviyyəsi, o cümlədən,  digər məsələlər qaydasında olsun...”

 S. Novruzov bu yerdə xatırladıb ki, Azərbaycan bundan öncə də dəfələrlə dünya çempionatlarına, Avropa çempionatlarına, müxtəlif qran-pri mükafatlarına çox yüksək səviyyədə ev sahibliyi edib:

“Digər tərəfdən, Azərbaycanda  keçirilən beynəlxalq tədbirlərdə bütün Avropanın və dünyanın aparıcı dövlətlərinin nümayəndələri, keçmiş prezidentləri, hazırkı prezidentləri, parlament sədrləri, baş nazirləri iştirak edib və görüblər ki, Azərbaycanda  bu məsələlərlə bağlı nə qədər yüksək səviyyəli təşkilatçılıq var.

Azərbaycan hər bir tədbirə çox böyük məsuliyyətlə yanaşır və bu da Azərbaycana həm iqtisadi göstəricidir, Azərbaycanın həm demokratik dövlət, azad ölkə, burada azad fikir, söz azadlığının olmasıdır, insan haqlarının qorunmasıdır. Bu baxımdan da Azərbaycanda reallaşdırılan hər bir tədbir çox yüksək səviyyədə keçirilib. Bu yaxınlarda elə Avropa Olimpiya Komitəsinin sədri özü qeyd etdi ki, Azərbaycan qısa müddət ərzində belə bir tədbirin hazırlanıb keçirilməsinə tam hazır olmasına görə Ginnesin rekordlar kitabına düşə bilər. Onu da qeyd edim ki,  buna qədər də Azərbaycanda çoxlu sayda idman qurğuları, Olimpiya Kompleksləri tikilib, ayrı-ayrı Federasiyaların öz yarışlarını keçirməsi üçün böyük idman zalları formalaşıb. Bunlar hamısı da yüksək standartlara uyğundur ki, bu gün Azərbaycan istənilən dünya çempionatını, Avropa çempionatını, Olimpiya Oyunlarını və digər oyunları keçirməyə  tam hazırdır”.

YAP rəsmisi bununla yanaşı qeyd edib ki,  Azərbaycanın iqtisadi inkişafı, Azərbaycanda olan siyasi sabitlik, Azərbaycanda sosial problemlərin həll olunması, aparılan abadlıq-quruculuq işləri və sair, bunların hər biri bizi əhatə edən bəzi təşkilatların, bəzi dövlətlərin gözügötürməzliyinə səbəb olur: “Xüsusilə də erməni lobbisi, onunla yaxın olan dövlətlər, erməni lobbisinin maliyyəsi ilə maliyyələşən təşkilatlar və digər bu qəbildən olan insanlar var, qurumlar var ki, bu gün Azərbaycanda keçirilən Avropa Oyunlarına qara yaxmaqla məşğul olurlar, qara piar kampaniyası aparırlar. Bu və ya digər şəkildə özlərinin öyrətdiyi, burada ayrı-ayrı cinayətlər törətməklə məsuliyyətə cəlb olunmuş və istintaqda olan adamlara “siyasi məhbus” donu geyindirib Azərbaycanda gedən  proseslərə bir ləkə salmaq istəyirlər. Bu da mümkün olan iş deyil, bütün dünya bilir ki,  hər bir yerdə hər kəs törətdiyi cinayətə görə məsuliyyət daşımalıdır. İstənilən bir ölkəni götür,  orada vergidən yayınmadı, xarici kəşfiyyata xidmət etmədi, vətənə xəyanətdi ən ağır cəzalarla cəzalandırılır. Azərbaycanda da müvafiq qanunlar var və bu qanunlarla da həmin adamlar məsuliyyətə cəlb olunublar. Onların həbsinin həmin adamların peşə fəaliyyətinə bağlılığı yoxdur.

O baxımdan da bu gün Azərbaycan tam şəkildə bu oyunların keçirilməsinə hazırdır. Bunun əsas səbəblərindən biri də xalqla iqtidarın bir yerdə olması, xalqın öz prezidentini dəstəkləməsidir. Bir-iki müəyyən qüvvələr var ki, erməni lobbisi vasitəsilə maliyyə alır, onları çıxmaq şərtilə, Azərbaycan xalqının 99 faizi  bu məsələlərə tam hazırdır və biz ən yüksək səviyyədə bu tədbiri keçirəcəyik”.

 





10.05.2015    çap et  çap et