525.Az

I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti


 

I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti<b style="color:red"></b>

İyunun 12-də bütün dünya idmansevərlərinin diqqəti Bakıya yönələcək.

Həmin gün Odlar Yurdumuzun paytaxtında I Avropa Oyunları start götürəcək. 17 gün ərzində Bakıda əsl idman bayramı yaşanacaq. Avropanın ən güclü idmançıları qalib adı uğrunda mübarizə aparacaqlar. Belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsi hər bir azərbaycanlı üçün qürur mənbəyi olmalıdır. Buna kimi bir çox siyasi, iqtisadi, mədəni idman tədbirlərinə peşəkarlıqla ev sahibi edən Bakı, bu dəfə də I Avropa Oyunlarında öz məharətini göstərməlidir.

I Avropa Oyunları “Köhnə qitə”nin 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa Olimpiya Komitəsi tərəfindən keçiriləcək. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq.

Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə baş tutacaq.

Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Bədxah qonşularımız Ermənistan nümayəndələrinin səsvermədə iştirakdan imtina etmələri belə, Bakının qələbəsinə əngəl olmayıb.

Baş Assambleyanın ikinci günü Bakı şəhəri və paytaxtımızın idman qurğularının təqdimatı ilə başlayıb. Tədbirdə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu oyunların keçirilməsi ideyasının tarixi barədə danışıb və Bakıda Avropa Oyunlarının keçirilməsinə dəstək verib. Hikker şəhərin nailiyyətləri, Bakıya səfər edənlərin müşahidə etdiyi inkişafdan bəhs edib.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO və İCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılıb.

BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri Azad Rəhimov və baş əməliyyat direktoru Saymon Kleqdir. O, 8 oktyabr 2014 tarixində Avropa Oyunlarına hazırlıq işlərinin təyin olunmuş vaxtda tamamlanacağı barədə bəyanat verib. Geridə qalan müddətdə həyata keçirilən işlər də Saymon Kleqin verdiyi vədin quru söz olmadığını sübuta yetirib. Oyunların startına 1 ay vaxt qalsa da, Bakı demək olar ki, yarışa tam hazırdır. Bu işdə isə ilk növbədə ölkə rəhbərliyinin, dövlət başçımız İlham Əliyevin və Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevanın böyük rolu olub.

Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyektlərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilib. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılıb.

İdmançıların məskunlaşacağı Atletlər Kəndi (Olympic Village) Bakının Nizami rayonunda yerləşir.Atletlər kəndi 13 binadan, üç və dörd otaqlı 16 müxtəlif növ mənzildən ibarətdir.

Heç şübhəsiz, bu cür mötəbər idman yarışlarında açılış və bağlanış mərasimləri böyük maraq kəsb edir. I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, eləcə də yüngül atletika yarışları Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu arena Azərbaycanın beynəlxalq olimpiya təyinatlı ən böyük tamaşaçı tutumlu stadionudur. Bakının Böyükşor qəsəbəsində, Koroğlu metrostansiyası yaxınlığında yerləşir. Stadionun əsası 6 iyun 2011-ci ildə qoyulub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak ediblər.

Daxili sahəsi 120,830 kvadratmetr olan stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılıb. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb. Dövlət başçısı metal gilizi rəmzi topun içərisinə qoyub. Prezident İ. Əliyev, FİFA və UEFA prezidentləri xatirə topunu imzalayıblar.

Bakı Olimpiya Stadionunun sifarişçisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, baş podratçısı Dövlət Neft Şirkəti (ARNDŞ), subpodratçı isə “Tekfen İnşaat və təsisat A.Ş” olub. Prosedura uyğun şəkildə layihə sənədləri hazırlanıb və müvafiq qaydada ekspertizadan keçirilib.

Stadion 2015-ci ilin mart ayının əvvəlində Bakı Olimpiya Stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilib.

Sözügedən stadionla yanaşı, azarkeşlər I Avropa Oyunlarının həyəcanını Milli Gimnastika Arenası, Bakı Su İdmanı Mərkəzi, Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, “Crystal Hall”, Bakı İdman Zalı, Tofiq Bəhramov adına Respublika Stadionu, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Atıcılıq Mərkəzi      Atıcılıq, Dağ Veloparkı, BMX Veloparkı, Bilgəh Çimərliyi və “Kür” İdman və Avarçəkmə Mərkəzində baş tutacaq. Məhz “Kür” İdman və Avarçəkmə Mərkəzində baş tutacaq Kanoe Spirinti Bakıdan kənarda baş tutacaq yarış növüdür.

Bakıda Avropa Oyunlarında 20 idman növündə yarışlar keçiriləcək. Oyunlarının proqramına 28 yay olimpiya idman növündən 18-i, həmçinin 2 qeyri-olimpiya idman növü daxildir. Azarkeşlər Kamandan Oxatma, Atletika, Badminton, Basketbol 3x3, Çimərlik Futbolu, Çimərlik Voleybolu, Boks, Avarçəkmə, BMX Velosiped İdmanı, Şosse Velosipedi İdmanı, Dağ Velosipedi İdmanı, Suya Tullanma, Qılıncoynatma, Akrobatika Gimnastikası, Aerobika Gimnastikası, İdman Gimnastikası, Bədii Gimnastika, Cüdo, Karate, Sambo, Atıcılıq, Sinxron Üzgüçülük, Üzgüçülük, Stolüstü Tennis, Taekvondo, Batut Gimnastikası, Triatlon, Voleybol, Su Polosu və Güləşdə gərgin mübarizəyə şahidlik edəcəklər. İlk gündə mübarizəyə sinxron üzgüçülük və su polosu ilə start veriləcək.

Yarışlar üçün bilet satışı artıq bir müddətdir start götürüb və ilk gündən azarkeşlərin böyük marağına səbəb olub.

Bakı Avropa Oyunları Beynəlxalq İdman Yayımı Teleyayımı Şirkəti (International Sports Broadcasting, ISB) tərəfindən yayımlanacaq. 16 gün davam edəcək Avropa Oyunları yarışması zamanı Beynəlxalq İdman Yayımı Teleyayımı yüksək dəqiqliklə gözlənilən 1,200 saatlıq yüksək keyfiyyətli teleyayımı təmin edəcək, bura bütün yarımfinal və finalların canlı yayımı və gündəlik əsas göstəricilər barədə məlumatın verilməsi daxildir. ISB açılış və bağlanış mərasimlərini və Azadlıq Meydanında təşkil ediləcək axşam əyləncə tədbirlərini də yayımlayacaq.

Avropa Oyunları adlanmasına baxmayaraq, turnirə təkcə Avropa deyil, digər qitə kanallarının da maraq göstərməsi yarışın mötəbərliyindən xəbər verir. Avropada Albaniya, Avstriya, Belarus, Belçika, Fransa, Almaniya, Macarıstan,  Lüksemburq, Moldova, Rumıniya, Slovakiya, İsveçrə, Türkiyə, ərəb ölkələri, hətta Yaponiya belə canlı olaraq nümayiş etdiriləcək.

I Avropa Oyunlarının məhz Bakıda keçirilməsi Azərbaycanda turizmin inkişafında da böyük rol oynamağa qadirdi. Çünki bu turnir zamanı Azərbaycan paytaxtına xeyli turist gələcəyi şübhə doğurmur. Bu isə ölkə turizminin inkişafında əvəzsiz rol oynayacaq. Ümumiyyətlə, Azərbaycanda turizmin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bu sahəyə xüsusi önəm vermiş, Azərbaycanın turizm potensialından səmərəli istifadə edilməsi işinə qayğı və diqqət göstərmişdir. Ulu Öndərin davamçısı olan ölkə Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmizdə turizm sahəsi dinamik inkişaf yolu keçib. Bu turnir isə paytaxtımıza, ölkəmizə yeni turistlərin cəlb olunması baxımından böyük rol oynayacaq.

Avropa Oyunları həm də bir təbliğat vasitəsidir. Bu gün Azərbaycanın bircə böyük problemi var. Bu da hər birimizin yaralı yeri olan Qarabağdır. Mötəbər idman yarışı sayəsində biz Qarabağ həqiqətlərini bütün dünyaya daha yaxşı formada çatdıra bilərik. İdmanı siyasətə qatmaq olmaz - bu fikirlə tez-tez rastlaşırıq. Elə erməni idmançıların sözügedən turnirdəki iştirakı da bu deyimin əsassız olmadığını göstərir. 

Avropanın ən qabaqcıl ölkələri, şəhərləri bu gün müəyyən problemlərlə üz-üzə qaldıqları halda Azərbaycan paytaxtı gündən-günə irəliyə doğru gedir. Məhz bütün bunları nəzərə alaraq, Bakının I Avropa Oyunlarını keçirmək məsuliyyətinin öhdəsindən ustalıqla gələcəyi şübhə doğurmur.

Sonda... Bakı 2015 Avropa Oyunlarının rəsmi logosu 16 iyun 2014 tarixində elan edilib. 35 yaşlı azərbaycanlı Adəm Yunisov tərəfindən tərtib edilən bu yeni loqo Alov, Su, əfsanəvi Simurq quşu, Xalı və Nar da daxil olmaqla, ev sahibi olan ölkənin qədim və müasir mədəniyyət və səylərini formalaşdırmış beş başlıca elementi bir araya gətirib. Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədə, Avropanın ən sürətlə böyüyən iqtisadiyyatı və şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edir.

Bakı 2015 I Avropa Oyunlarının rəsmi simvolları olan Ceyran və Nar haqda da söhbət açmaq yerinə düşər. Avropa Oyunları Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq Ceyran və Narı Oyunların rəsmi simvolları elan edib. Bu cütlük Bakı 2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının simvoluna çevrilib.

İsgəndər HƏSƏNOV
Yazı “Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi  müsabiqəyə təqdim etmək üçün” verilir

 

 





10.05.2015    çap et  çap et