525.Az

Dost sözü


 

VAQİF BƏHMƏNLİNİN 60 YAŞINA

Dost sözü<b style="color:red"></b>

Ötən əsrin 70-ci illərində şəhərdə ədəbi dərnəklər vardı. Biz orda tanış olmuşuq: Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Maarif Soltan, Adil Cəmil... Biz çox idik. Lakin bu saydıqlarım daha tez “bir-birimizi tanıdıq” və günü bu günə qədər də, necə deyərlər, bir yerdəyik. Hərəmiz öz qismətimizi, öz taleyimizi yaşasaq da, bizim ümumi bir taleyimiz də var: bu poeziyadır, ədəbiyyatdır.

O zaman ali təhsilimizi başa vurub hərəmiz bir yana dağılıb getsək də, həmən ümumi taledə bir yerdə olduq. Və bu şərikli tale illər keçəndən sonra yenə bizi bir yerə yığdı. Yeri gəlmişkən deyim ki, bizdən əvvəlki nəsillərin nümayəndələrindən dəfələrlə eşitmişəm ki, bir ədəbi nəslin mənsublarının heç bir təmənna güdmədən belə uzun müddət bir yerdə olmalarına qibtə edirlər və onu da vurğulayırlar ki, bizim ədəbi mühitimizdə bu ən istisna hallardandır. Nə isə, heç yaxşı yerdən başlamadım, deyəsən. Onu da deyim ki aramızda ən işgüzarı Vaqif, ən tənbəli isə Maarifdir. Maarifi elə bil Allah “qonaqlıq” tapmaq üçün yaradıb. Bu adamın nə zaman işlədiyini-yazdığını mən hələ də başa düşmürəm. Eybi yox, inşallah, gələn il (60 yaş!) başa düşərik. Neyniyək, aramızda ən kiçiyi odur da...

Hə, dərnəyin məşğələsi bitəndən sonra bizim öz dərnəyimizin məşğələsi uzanardı: “Şanxayda”, Yasamalda və s. Vaqifin kirayənişin qaldığı gecəqondularda. Biz də gecəqondularda kirayənişin idik (mən hələ də gecəqondudan çıxa bilməmişəm...)  Lakin Vaqifin otaq yoldaşları da “əhli-qələm” olduqlarından bizim buradakı məşğələlərimiz daha səmimi alınırdı. Orasını deyim ki, bizim uşaqlarda üzgörənlik yoxuydu. Yazı məsələsində güzəşt və ən əsası da, ən acı tənqiddən də inciklik söhbəti ola bilməzdi. Ümumiyyətlə, o dövrün ədəbi dərnəklərində dəstəbazlıq, yerlibazlıq, demək olar ki, yox dərəcəsindəydi. Vaqifin elə o zaman da ədəbi müşahidə və ədəbi mühakimə qabiliyyəti tam fərqliydi. Belə ki, Vaqif şeirin müsbət və kəsir tərəflərini elə arqumentli şəkildə əsaslandırır, elə təhlil edirdi ki, ondan sonra söz demək, nəsə təzə bir şey demək çox çətin olurdu.Ən başlıcası isə öz yazılarına olan yüksək tələbkarlığı idi. Tezliklə aydın oldu ki, bizim aramızda çox istedadlı, gələcəyi böyük ümidlər vəd edən, amma son dərəcə sadə və səmimi bir ədəbiyyat adamı var. Odur ki, Vaqif ədəbi mühitdə çox tez tanındı və çox tez qəbul olundu. Ümumiyyətlə, illər keçəcək, Vaqif ona olan ümidlərin hamısını doğruldacaq, böyük ədəbiyyat adamı, böyük şair olacaqdı. Və elə böyük insan olaraq da qalacaqdı. Yeri gəlmişkən deyim: Vaqif o zaman ürəkdən deyirdi ki, kaş Allah mənə elə məqamlar qismət edəydi ki, istedadlı adamlara, yaxşı adamlara daha böyük kömək edə biləydim. Zənnimcə, bu Vaqifin həyatda ən böyük arzularından biriydi. Qismət oldu. Qismət oldu və Vaqif də Allah qarşısındakı vədinə bir buğda boyu qədərində də xilaf çıxmadı. İndiki ədəbi mühitdə, yaşından asılı olmayaraq, bəlkə də elə bir istedadlı adam yoxdur ki, yaxından-uzaqdan Vaqifin ona köməyi dəyməsin.

Vaqif qədər diqqətli adam həyatda tək-tək olur. Bizim hər hansı birimizin ən kiçik uğuru onun üçün böyük sevinc, ən kiçik uğursuzluğumuz da onun üçün yenə böyük, sözün həqiqi mənasında “dərd” olur. Vaqif o qədər işıqlı insandır ki, onunla ən qısa ünsiyyət belə insana ruh verir, qanad verir, həyat sevgisini artırır.

Vaqif həm də böyük vətəndaşdır. Dörd tərəfimizi bürümüş, ölüm-dirim səviyyəsinə qalxmış Azərbaycan savaşında Vaqif humanitar cəbhənin ən zərif yerlərindən olan Azərbaycan kitabı Cəbhəsində ön səngərdədir. Azərbaycan mədəniyyətinin dünyaya daha dolğun çatdırılması strategiyasını götürmüş dövlətimizin bu siyasətini kitab nəşri sahəsində ən uğurla həyata keçirənlərdən biri Vaqifdir. Onun nazirlikdə bu sahəyə sorumlu olmasından sonra ölkəmizdə kitab nəşri işinin və ən başlıcası Azərbaycan kitabının dünyaya tanıdılmasının keyfiyyətcə yüksəlməsi göz qabağındadır, danılmaz həqiqətdir.

Yaxından tanıdığım üçün deyirəm: Vaqif hamıya nümunə göstərilə biləcək ailə başçılarındandır. Ümumiyyətlə, bu ailə həm çağdaşlığa, həm ənənəyə bağlı müasir Azərbaycan ailə kultunu təcəssüm etdirən ailələrdəndir. Allah saxlasın, Vaqifin çox tərbiyəli övladları var, Vaqifə ikinci nəfəs verən nəvələri var - baba Vaqif indi ən çox onlardan yazır. Rəhilə xanım - Vaqifin həyat yoldaşı haqqında ayrı danışmaq istəyirəm. Onlar bir qrupda təhsil alıblar. Bu ailənin təməli ən təmiz ilk gənclik sevgisinin üzərində qurulub. Rəhilə xanım çağdaş publisistikamızın ən aparıcı simaları sırasında ön cərgədədir. Bir neçə sanballı kitabın müəllifidir. Ən əsası isə son dərəcə qayğıkeş övlad, ana, nənə və həyat yoldaşıdır. Hərdən mənə elə gəlir ki, Rəhilə xanım öz yüksək istedadını övladlarından da çox istəkli Vaqifinə qurban verən bir xanımdır.

- Çox sağ ol, Rəhilə bacı! Sən Vaqifi təkcə özünuz üçün yox, ədəbiyyatımız və Azərbaycanımız üçün qorumusan. Sənin böyük fədakarlığın, böyük zəhmətin itməyib. Vaqif bu gün bizim milli sərvətlərimizdən sayılacaq mərtəbədədir. Hamımızı təbrik edirəm.

- Vaqif salam. Bu yazını xəstəxanada növbətçi qalan zaman yazdım. Bu qədər ağrıyan insanların arasında fikirləşdim ki, Sənə və bütün ailə üzvlərinə Allahdan ancaq cansağlığı arzulayım. Arzuladım da. 60 yaşın mübarək qardaş!

Tofiq NURƏLİ
05.04.2015

 





11.05.2015    çap et  çap et