525.Az

Yaz yağışında Kitab Bayramı


 

Yaz yağışında Kitab Bayramı<b style="color:red"></b>

Yazağzı yollandıq ora... Bəri-bəzəyi özündən olan Ağdama. Yaşıl çəmənliklər qoynunda arın-arxayın uçuşan kəpənəklər diyarına... Səslər və duyğular səltənətinə... Günəşin bol məkanına... Yağışın çiçək-çiçək səpildiyi yerə... Bir sözlə, qəlbimin can atdığı diyara...

Yolboyu qupquru çöllər, dağın-daşın boz üzü... Sürətlə ötüşən boz təbiət tabloları ürəyimi üzür kimi gəldi mənə. Mənimlə yol yoldaşı olanlar Ağdamla tanışlıq üçün yol almışdılar. Mən Ağdama qovuşmaq üçün. Onlar Ağdamı görmək istəyirdilər. Mən isə Ağdamı öpmək, dağını, daşını duz kimi yalamaq, yaralı qoynuna sığınmaq, uşaqlığıma, gəncliyimə dönmək üçün.

Öz təbirincə desək, “Əlahəzrət” dediyi kitaba canını, qanını, ömrünü bağışlamış, onun yolunda səhhətindən və rahatlığından keçmiş, uzun illərin naşiri və kitabsevəri, sədaqətli ağdamlı, ANPB-nin sədri Bəhruz Axundovun və Ağdam rayon icra hakimiyyətinin təşkilatçılığı ilə, Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə düzənlənən Kitab Bayramı üçün yer təyin edilmişdi... İndi Ağdamın mədəniyyət mərkəzi hesab edilən, daha doğrusu genli-bollu Ağdamdan kəsilib qalan Quzanlı kəndinin Mədəniyyət Evinin geniş həyətində...

Bir zamanlar Ağdamın aran kəndi hesab etdiyimiz, onun dağından, daşından, yaylağından, bulağından aralı Quzanlıda... Ağdam oduna yanan, uzaqdan, yaxından yurd həsrəti ilə gələnə yurd olmağa çalışan, düşmən tapdağı altında inləyən Ağdamdan qopan Quzanlıda... Boynuna götürdüyü işi şərəflə yerinə yetirməkçün günü-gündən yaşıllaşan, salxım söyüdlərlə sığallanan, tumarlanan, gülü gül, bülbülü bülbül çağıran Quzanlıda...

Çöllər nədən sapsarıydı...

Bir anlıq yuxuya getdim... Çoxdan gözlədiyimə, yuxularımda qarış-qarış, addım-addım gəzdiyimə, ətrindən ötrü qəribsədiyimə çathaçatda. Bunudamı çox görürdü Yaradan?! Şütüyən maşın pəncərəsindən Ağdamın üfüqündə itən kəndimizə xəyal qonağı olmağı, ilmə-ilmə yaşılla toxunmuş yamaclarının seyrinə dalmağı. Ayıldım... Kimsə elə bil silkələdi... Çöllər yaşıla bürünmüşdü. Otlar bir boy qalxmışdı. Zəncirotular ağ papaqlarını çəmənin yaşıl qoynunda gizləyib gedəni-gələni qarşılayıb, yola salırdı. Yüngül meh çəmənlərə daraq çəkir, çəmənin yaşıl ətəyinin altından qaymaqciləkləri boylanırdı.

Mən lalə axtarırdım... Xoşbəxt günlərimin qara xallı gözəlini. Çöllər laləsiz idi... Sarıya bürünmüşdü... Sanki lalələr köç etmişdi bu yerlərdən. Sapsarı çəmənliklər üzü Ağdama gedirdi... Bizi ardınca apara-apara...

Maşından düşən kimi sinirlərimi oxşayan Ağdam ətrilə dolu hava qarşıladı məni. Xəfif yel əsdi. Üz tutub bu həzin yelin ardınca getmək, yamyaşıl çöllərin sübh şehinə, çiçəkli yamacların çiçək ətrinə qarışmaq keçdi könlümdən. Günəş odlu şar kimi masmavi səmanı dəlib çıxmışdı. Sükut dolu səmada bir qeyri-adi qəribəlik var idi. “Yer üzünün cənnəti”, - deyib Ağdamımı oxşamaq keçdi qəlbimdən. Ona sığınmaq, mehrinə-məhəbbətinə tapınmaq arzusu aşdı-daşdı.

Bizi sənə kitab gətirdi, doğma diyar. Bizi sənə kitab yetirdi. İlk xeyir-duanı Ulu yaradandan alan kitab, ilk səhifələrində onun pıçıltılarını gizləyən kitab. Sonra bizi sirrinə-sehrinə alan, həyat amalımıza, şərəf işimizə çevrilən kitab. Balamıza ruzi, Vətənimizə sevgi, vicdanımıza güzgü olan kitab. Səhifələrinə sevgimizi, arzumuzu, qəmimizi-kədərimizi sığışdıran kitab.

Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin səsinə səs verən respublikanın aparıcı nəşriyyatları, jurnalistlər, media nümayəndələri, tanınmış yazıçı və şairlər bu möhtəşəm kitab bayramına təşrif buyurmuşdular. 20-yə yaxın Nəşriyyat-poliqrafiya müəssisəsi, o cümlədən, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi, “Təhsil”, “Aspoliqraf”, “Şərq-Qərb”, “Elm və təhsil”, “Renessans”, “Qismət”, “Parlaq imzalar”, “Zərdabi” Nəşriyyat Poliqrafiya Müəssisələri, “Hədəf” Nəşrlər Evi, AYB Kitab, Yayım Assosiasiyası, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyi, “Naşir”, “Ulduz” jurnalları, Ağdam Mədəniyyət və Turizm idarəsi...

Ümumilikdə 2000-ə yaxın adda, 10000 nüsxədən çox kitab sərgiləndi.

Narın yağış və cild-cild kitablar

Dünənki günəşli Ağdam bu gün yağışla dopdolu idi. Sevincdən ağlayırdı, yoxsa qəhərdən... Kim bilir?! Doluxsunub durmuşdu... Körpə uşağa dönmüşdü doğma səmalar... Bir ucdan göz yaşını sel kimi ələyirdi. Bu təntənəyə, bu ruh yüksəkliyinə, bu könül açan toplantıya qəlb odunu ələyir, damcı-damcı hopurdu canımıza. Ürəyini boşaldırdı Ağdam... Yazılmış kitabların səhifələrinə, yazılmamış kitabların ruhuna. Bəlkə belə yazılmaq istəyirdi o... Bəlkə belə yağmaq istəyirdi o. Onu sevənlərin iç dünyasına, kitablı-kitabsız, əlidolu, qəlbidolu gələnlərin fikrinə çiskin yağış ələyirdi Ağdam. Amma bu işıl-işıl yağış damcıları Kitab Bayramına axışanların kitaba olan marağanı azaltmadı. Hamı bütün sərgilənənləri görməyə, böyük paytaxtın Ağdama göndərdiyi kitab payına doya-doya baxmaq həvəsinə mane ola bilmədi.

Hər şeydən öncə Ulu öndər Heydər Əliyevin məzarına qızılgüllər düzüldü. Ona ehtiramla başladı tədbir. Ağdam kitabsevərlərinə bol-bol kitab töhfəsi ilə davam etdi, Ağdam torpağına səcdəylə sonuclandı. Bu torpaqdan su içmiş, bu torpağa qələm borcu olan hörmətli yazıçı və şairlər Aqil Abbas, Rəşad Məcid, Əli Əmirli, Mustafa Çəmənli, Habil Qurbanov kitabsevərlərlə görüşdü. İllərlə maraqla oxuduqları bu qələm sahiblərinin imzası ilə kitab əldə etmək arzusunda olanlar bir-birinə aman vermədi. Bu arada onlara qoşulub Rəşad Məcidin avtoqrafıyla “Bir də gəlməyəcək...” adlı kitabını əldə etməyi fürsət bildim. Qarabağ incəsənət ustalarının, “Dan Ulduzu” estrada ansamblının solisti Vüsalə Əsgərin ifası bayrama coşqu qatdı. “Təhsil” və “Aspoliqraf” nəşriyyatlarının nəfis uşaq ədəbiyyatı nümunələri öz oxucularının körpə əlləri sığallandı, vərəqləndi və Ağdamın evlərinin sakinlərinə çevrildi.

Seyid Lazım Ağa nuruna ehtiramla

Ağdama ilk qədəm basan kəsin ali məqsədi Seyid Lazım Ağa işığına, nuruna qərq olmaqdır. Ağdamın parlaq əfsanəsi olan əsrarəngiz ilahi qüvvə sahibi, illərlə ağdamlıların and yeri, ümidi və pənahı Seyid Lazım Ağa ocağına tapındıq. Hər birimiz bu ocağın sahibinə arzularımızı pıçıldadıq. Diləyimizi ünvanladıq. Kim nə pıçıldadı bilmirəm... Kimin ağlından nələr keçdi deyə bilmərəm. Mən Ağdamıma, Qarabağıma, Azərbaycanıma bütövlük dilədim, zəfər arzuladım. Tapdaqda qalanıma, yağmalananıma, parçalanıb tökülənimə İlahi yardım dilədim. “Ya Ulu Yaradan. Sən burda yatan Müqəddəsin ruhu eşqinə əzmimizi artır, qolumuza güc ver! Ölməmiş, itməmiş utancımızı yumağa macal və rüsxət ver, Allahım”, - dedim.

Sonra isə Ağdamın Quzanlısında yeni inşa edilmiş Çay evində olduq. Kitab işığına toplaşanlar bu məkanın işığını ilk yandıranlardan oldu. Nostalji və vətən ətirli düşüncələrlə Ağdamın ən mühüm atributunun bənzərinə sığındıq. Onun burula-burula qalxan pillələrində Ağdamı soraqladıq, onun hündür qoynundan bəlalı şəhərimin bəlalı yurd yerlərinə nəzər saldıq... O ucalıqdan Şellini, Qürtları, Qasımlını, Qaradağlını, Poladlını, Şıxbabalını, Abdal Gülablını, Ətyeməzlini, Saybalını aradıq... Səmtini tutmağa, müəyyənləşdirməyə, çəninə-dumanına dalmağa cəhd etdik. Öz yurdumuzda öz yurd yerlərimizə gendən baxdıq... “Allahım sən görürsən, - dedik. - Allahım sən bilirsən, - dedik. - İlk və son qərar sənindir Ulu Yaradan!”

Son...

Bu da son... Bahar ətri verən Ağdamın sapsarı qaymaqçiçəkləri ilə naxışlanmış çöllərinə son dəfə nəzər salıb, köks ötürür və geri dönürük... Əli kitabla dolu gəlib, qəlbi sevinclə dolu dönürük. Gətirdiyimiz payın əvəzedilməzliyinə və ölməzliyinə inamla qayıdırıq paytaxta. Ağdamın taleyindən nigarançılığımızı buradakı insanların yaşamaq, yaratmaq əzminə əmanət edib gedirik. Amma bu yerdə Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədova bir təşəkkürümüz qalır. Bu rayonun dərbədiyar olmuş camaatının hər an yanında qala bildiyinə, onların dərd ortağı olduğuna, təhsilə, mədəniyyətə böyük vətəndaş qayğısına görə. Söhbət əsnasında ona yerli camaatdan eşitdiyimiz bir yaxşılığa görə təşəkkür də etdik və bu cavabı eşitdik: “Bu gün Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olan bir gəncin təhsil almağına kömək etməsəydik, Ağdam bir hüquqşünas itirəcəkdi”.

Hər birinizə itirdiklərimizi və itirəcəklərimizi qabaqcadan saf-çürük edib, nəticə çıxarmaq arzusu ilə...

Sevinc Nuruqızı

 





11.05.2015    çap et  çap et