525.Az

Cəld, yüksək, güclü...


 

BİRİNCİ AVROPA OYUNLARININ BAKIDA TƏŞKİL OLUNMASI ÖLKƏMİZDƏ GENİŞ VÜSƏT ALMIŞ OLİMPİYA HƏRƏKATININ MƏNTİQİ DAVAMIDIR

Cəld, yüksək, güclü...<b style="color:red"></b>

"Olimpiya oyunlarında Azərbaycanın bilavasitə, müstəqil olaraq iştirak etməsi xalqımızın azadlığının, ölkəmizin müstəqilliyinin bəhrəsidir və müstəqil Azərbaycan dövlətinin son illərdə əldə etdiyi nailiyyətlərin böyük bir hissəsidir".

Heydər Əliyev 

Olimpiya hərəkatı yaranandan indiyə qədər bir an da olsun bəşəriyyətin maraq dairəsindən kənarda qalmayıb. Açıq aydın görsənir ki, ölkələrin buna marağı durmadan artır. Belə qənaətə gəlmək olar ki, Olimpiya hərəkatı artıq paradiqmaya çevrilib. Buna görə də artıq yeni nümunələr ortaya qoyulur. 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin İtaliyanın paytaxtı Romada keçirilən 41-ci Baş Assambleyasında ilk dəfə Avropa Oyunlarının keçirilməsi və bu oyunların Bakıda təşkil olunması barədə qərar qəbul edildi.

Dünyada Olimpiya hərəkatı Yunanıstanda başlasa da, sırf Avropanı əhatə edən idman oyunları, ilk dəfədir ki, keçirilir. Bu mənada I Avropa Oyunlarının əsas missiyası bəşəriyyətə sülh, ədalət, tərəqqi bəxş etmək olan Olimpiya hərəkatına yeni nəfəs verəcək. Söhbət birinin digərini tamamlamasından gedirsə  tarixə ekskurs etmək zəruriyyəti yaranır.

Olimpiya Cənubi Yunanıstanda, Peloponnesdə, Elide sahəsində yerləşən şəhərcikdir. Burada Zevsə həsr olunmuş yaşıl palıd meşəsi, meşədə Zevs məbədi, məbəddə isə məşhur Olimpiya yarışları üçün yer ayrılmışdı. Sparta Arkadiyanı və Arholidi tutduqdan sonra, çətinlik çəkmədən Olimpiya ilə birlikdə Elidanı da fəth edə bilərdi. Amma onlar bunu etməməklə ağıllı bir iş gördülər. Olimpiyanı neytral ərazi elan etməklə onun müdafiəsini öz üzərlərinə götürdülər. Hər 4 ildən bir yay fəslində bütün Yunanıstanda müqəddəs barışıq elan edilirdi: müharibələr dayandırılırdı və Olimpiyaya yarışlarda iştirak, yaxud tamaşa etmək üçün bütün yollarla insan kütləsi axışırdı. Yunanlar Olimpiya yarışlarında özlərini vahid xalqın övladları kimi hiss edirdilər. Tarixi aspektdən göründüyü kimi Olimpiya hərəkatı ilk öncə dostluq, tərəfdaşlıq və dözümlülük hərəkatı olub.

Azərbaycan prezidenti cənab İlham Əliyev "Bakı-2015" ilk Avropa Oyunlarının Davosda keçirilən təqdimatı mərasimindəki  çıxışında idmanın Yer üzünün insanlarını birləşdirdiyini bildirdi və qeyd etdi ki, Olimpiya oyunları zamanı bütün müharibələr dayandırılmalıdır: "Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman. Bu, olimpiya hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir fürsətdir. Beləliklə, ümid edirik ki, Avropa Oyunları dostluq, tərəfdaşlıq oyunları olacaq. Qələbələr hamımız tərəfindən qeyd ediləcək və mən bu fürsətdən istifadə edərək sizin hamınızı dəvət etmək istərdim. Bakıda qonağımız olun! Ümidvaram ki, sizi iyunun əvvəlində şəhərimizdə görəcəyik və bu cür yüksək nailiyyəti bir yerdə seyr edəcəyik". 

Bəli, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları dostluq, tərəfdaşlıq hərəkatına çevrilməli, ölkəmiz üçün obyektiv sülhün bərqərar olunmasına öz töhfəsini verməlidir. İndiki Avropa ölkələri özlərini qədim yunan sivilizasiyasının varisi hesab edirlər. Ancaq bu ölkələrin bir qismi elə həmin Yunanıstandan süzülüb gələn Olimpiya oyunlarının təməlində dayanan dostluq, tərəfdaşlıq və dözümlülük prinsiplərinin bərqərar olunmasına əngəllər törətmək istəyirlər. Bu dəyərlərdən gündəlik danışıq dilində geninə-boluna istifadə edənlər nədənsə ölkəmizdən söhbət düşəndə mövzunu dəyişir və diqqəti başqa macəralara yönəltməyə çalışırlar.

Təhsil Nazirliyinin keçirdiyi Respublika Fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasiminə həsr etdiyim "Məktəbin dirçəlişi, yaxud olimpiada hərəkatı" məqaləmdə Bilik yarışması (fənn olimpiadaları), ilə Güc yarışmasının (olimpiya oyunları) artıq kəmiyyət və keyfiyyət göstəricilərinə görə identiklik təşkil etməsi məsələsinə toxunmuşdum. Məncə bizim istədiyimiz yaxşı vətəndaş bu iki hərəkatın fövqündə yetişəcək. Ölkədə təhsilə və idmana göstərilən yüksək qayğı bizdə böyük məmnunluq hissləri yaradır. Yeniyetmə və gənclərin idman və təhsildən yaxşı başqa hansı məşğuliyyəti ola bilər? Məncə bunları əvəz edəcək yaxşı nəsə hələ icad olunmayıb. Azərbaycan vətəndaşlarının bədən tərbiyəsi və idmanla, o cümlədən, peşəkar idmanla məşğul olmaq hüququ var və bu hüquq digər mühüm hüquqlar kimi qorunur: həm də vətəndaşların təhsil almaq hüququna bərabər tutulur. Bunun özü  idmanın inkişafına təkan verən mühüm amillərdən biridir. Bununla yanaşı, hər bir kəsin idmanla məşğul olmaq imkanı var və burada diskriminasiya və məhdudiyyətdən söhbət belə gedə bilməz. Birinci Avropa Oyunlarının Bakıda təşkil olunması ölkəmizdə geniş vüsət almış Olimpiya hərəkatının məntiqi davamıdır. Və bu baxımdan Avropa Olimpiya Komitəsinin qərarı düzgün və obyektivdir. Böyük idman tədbirləri içərisində özünəməxsusluğu ilə seçilən Olimpiya oyunları Olimpizm fəlsəfəsi ilə izah olunmalıdır. Olimpizm fenomeni qarşılıqlı anlaşma, dostluq və təmiz oyun məziyyətləri ilə digərlərindən seçilir. Olimpizm bədənin, ruhun və ağılın balanslaşdırılması, ləyaqətin vəhdəti olan həyat fəlsəfəsini ehtiva edir. Olimpizm idmanı təhsil və mədəniyyətlə birləşdirməklə yanaşı, həmçinin gücdən sevinc hissi duymaq, yaxşı nümunədən tərbiyəvi dəyərləri əxz etmək, ümumi etik prinsiplərə söykənən həyat tərzi formalaşdırır. Olimpizmin məqsədi idmanın şəxsiyyətin harmonik inkişafının qulluğunda dayanmasına şərait yaratmaq, insan ləyaqətini qoruyub saxlayan sülhsevər cəmiyyəti formalaşdırmaqdır. Bu aspektdən baxanda hiss olunur ki, Beynəlxalq Olimpiya Komitəsi "Olimpiya xartiyası"nda əksini tapmış ideallar və oyunların indiki formaları arasında uyğunluğu aydın şəkildə dərk edir: "Olimpiya oyunları təkcə iştirakçıların medallar uğrunda mübarizə aparmaqları, rekord əldə etmək və tamaşaçıları əyləndirmək, iştirakçıların peşəkar idman karyerasında tramplin əldə etmək, yaxud bir siyasi sistemin digərindən üstünlüyünü nümayiş etdirməkdən ibarət deyil (I.O.C. Olympic Charter 1979, p. 109).

Beynəlxalq Olimpiya Komitəsinin 1896-1916, 1919-1925-ci illərdə prezidenti olmuş Baron Pyer de Kubertenə görə oyunlar bunlara xidmət etməlidir:

-iştirakçıların fiziki və əxlaqi inkişafına kömək etmək;

-iştirakçıların təmiz idman davranışını nümayiş etdirmək;

-sənətə marağı stimullaşdırmaq;

-həvəskar idmanın inkişafına imkan yaratmaq- pul üçün yox, məmnunluq üçün idman nəzərdə tutulur;

-xalqlar arasında sülh və əminamanlığı möhkəmləndirmək.

Biz "Bakı 2015: Avropa oyunları"nda bu idealların həyata keçirilməsinin şahidi olacağıq. Bütün sadalananlar idmançıların və milyonlarla insanın həyat fəlsəfəsinə çevrilməlidir. Son dövrlər keçirilən Olimpiya oyunlarında idmançılarımızın iştirakını böyük həyəcanla izləmişik. Özgə meydanlarda qələbələrimizi təcəssüm edən Azərbaycan himninin sədaları altında bayrağımız qaldırılanda sevincimizin həddi-hüdudu olmayıb. İndi meydan özümüzünküdür. Öz meydanımızda hər qələbəmizin metafizik (fövqəl hissi) sevinci hamımızı riqqətə gətirəcək.

1920-ci ildən Olimpiadanın bu devizi (lat. "Citius, altius, fortius" - CƏLD, YÜKSƏK, GÜCLÜ)  onun embleminə çevrildi. Biz də "Bakı 2015: Avropa oyunları"nda bütün idmançılarımıza CƏLD olmağı, YÜKSƏKlərə qalxmağı və daha GÜCLÜ olmağı arzulayaq. Yetişən yeni nəsillər "sağlam bədəndə, sağlam ruh olar"  deyimini əsas götürərək bunlardan mütləq bəhrələnəcəklər. 

Etibar ƏLİYEV
təhsil üzrə ekspert, fəlsəfə doktoru

 





13.05.2015    çap et  çap et