525.Az

Ceyms Uorlik ermənilərin yanında


 

ALEKSANDR MİŞENKO: "DÜNYA İCTİMAİYYƏTİ DAĞLIQ QARABAĞIN İŞĞALINA DÜZGÜN QİYMƏT VERMƏLİDİR"

Ceyms Uorlik ermənilərin yanında<b style="color:red"></b>

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib ki, dünya ictimaiyyəti Dağlıq Qarabağdakı hadisələrə vaxtında qiymət versəydi, hazırda Ukraynada baş verənlərin şahidi olmazdıq.
 
Onun sözlərinə görə, dünya ictimaiyyəti bu gün də Dağlıq Qarabağın işğalına müvafiq qiymət verməməklə böyük səhvə yol verir:

"Mən Azərbaycanın kədərini yaxşı başa düşürəm. Bütün bunları özün hiss etməsən, bunu başa düşmək mümkün deyil. Ermənistan Azərbaycan ərazilərini işğal etmiş təcavüzkar ölkədir".

Hesab etmək olardı ki, dünya ictimaiyyəti bu cür bəyanatlardan sözün həqiqi mənasında dərs çıxaracaq, Azərbaycan kimi münaqişələrdən əziyyət çəkən dövlətlərə qarşı ikili standartlar, təzyiq siyasəti əvəzinə məsələlərə reallığa uyğun olaraq qiymət verəcək. Lakin ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda ermənilərin təşkil etdiyi "sülh və ədalət üçün dua" mərasiminə qatılmaqla işğalçılara olan rəğbətini nümayiş etdirib. O bildirib ki, kilsədə ermənilərin "sülh və ədalət üçün dua" mərasiminə qatılmaqdan şərəf duyur. Mərasimə vitse-prezident Cozef Baydan, ABŞ-ın BMT-dəki səfiri Samanta Pouer və Ermənistan prezidenti Serj Sarkisyan da qatılıb.

Millət vəkili Sahib Alıyev bu yaxınlarda Ermənistanın Gümrü rayonunun kilsələrinin birində oğurluğa cəhd olunmasını xatırladaraq qeyd edib ki, kilsələrindən oğurluq qədər ermənilərin durumunu ortaya qoyan fakt tapmaq çətindir: "Kimsə deyə bilər ki, olunub olunub da, bəyəm məscidlərdə belə hadisələr baş verməyib?! Əlbəttə, edilib. Amma kilsə ermənilər üçün sadəcə ibadət yeri deyil. Erməninin dövləti də, dili də, uydurma soyqırımı da, elə özü də ona görə var ki, kilsəsi var. Kilsəsi yoxdursa, erməni də yoxdur. Hətta erməni terrorunun planlaşdırıldığı, dəstəkləndiyi və xeyir-dua verildiyi yer də kilsə olub. Əgər indi hər hansı erməni qalxıb onun üçün hər şey sayılan kilsədən oğurluğa cəhd edirsə, demək ki, onlar uçurumun bir addımlığındadırlar.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq  Mübariz Əhmədoğlu bildirib ki, Birləşmiş Ştatlar Azərbaycana qarşı heç vaxt neytral mövqedə olmayıb. Onun sözlərinə görə, bu dövlətin Dağlıq Qarabağ münaqişəsindəki tətbiq etdiyi ikili standartlar xeyli zamandır, Ermənistana tərəfkeşliklə əvəz olunub: "ABŞ həmişə erməniləri müdafiə edib. Dağlıq Qarabağ münaqişəsinin yaranmasının səbəbkarı məhz Birləşmiş Ştatlardır.
 
ABŞ keçən əsrin sonlarında erməniləri ələ alıb SSRİ-nin üstünə qaldırıb. Azərbaycanın təbii resusrları - neft potensialı üzə çıxandan sonra onlar ermənipərəst mövqelərini gizlətməyə başlayıblar. Ona görə də ABŞ-ın mövqeyini ikili standartlar kimi təqdim etmək düzgün deyil. Bu dövlət açıq şəkildə ermənilərin mövqeyini dəstəkləyir. Sadəcə biz özümüz bəzən Birləşmiş Ştatları Dağlıq Qarabağ məsələsində neytral görmək istəmişik. Bəzən də ABŞ-ın mövqeyini azərbaycanpərəst mövqe kimi təqdim etmişik. Ancaq Birləşmiş Ştatların Dağlıq Qarabağ siyasəti heç vaxt dəyişməyib. İndi də Amerikada hesab olunur ki, vaxtilə Sovet İttifaqına qarşı dağıdıcı qüvvə kimi istifadə olunan ermənilərdən Rusiyanı sıradan çıxarmaq üçün yararlana bilərlər. Ona görə də Birləşmiş Ştatlarda ermənilərə xüsusi diqqət göstərilir.
 
Hesab edirəm ki, bu belə də davam edəcək. Amerikada kilsədə keçirilən mərasim də məhz buna işarədir.

Yəni, ABŞ-ın vitse-prezidentinin erməni lobbisi tərəfindən təşkil olunan tədbirdə iştirak etməsinə başqa ad vermək olmaz. Əslində bu ermənilərə deyil, Amerikanın xarici siyasətində ermənilərin oynadığı rola verilən qiymətdir".

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun iki il bundan əvvəl bu cür fikirlərlə çıxış etməli olduğunu deyən politoloq hesab edir ki, Ukrayna ilə Azərbaycanın münasibətlərinə həmişə xüsusi diqqət ayrılmalıdır:
 
"Mişenkonun bugünkü mövqeyi düzgündür. Ukraynanın faciəsi o zaman başladı ki, Mişenko kimi adamlar - Yanukovicin komandasının üzvləri açıq-aşkar Ermənistan tərəfə keçdilər. Ukrayna ATƏT-ə sədrlik edən dövrdə biz dəfələrlə onlara çatdırdıq ki, quruma rəhbərlik etdiyiniz dövrdə Dağlıq Qarabağ münaqişəsində ərazi bütövlüyü prinsipini qabardın ki, sabah özünüz münaqişədən əziyyət çəkməyəsiz. Biz açıq şəkildə onlara deyirdik ki, Ukraynanın ərazi bütövlüyü yaxın vaxtlarda pozulacaq. Rəsmi Kiyev isə o vaxt buna nə əhəmiyyət verdi, nə də əməl etdi.
 
Ona görə də onun başına bu oyunlar gəldi. Yəni, Ukraynanın bu vəziyyətə düşməsində Yanukovicin komandasının üzvləri, indiki ölkə rəhbərliyi, Kiyevin Azərbaycandakı səfirliyinin əməkdaşları, o cümlədən, səfir - Aleksandr Mişenko da məsuliyyət daşıyır. Hal-hazırda isə Kiyevin Dağlıq Qarabağla bağlı mövqeyi beynəlxalq hüquq normalarına tam uyğundur. Onlar axıra kimi bu mövqedə qalmalıdır. Əminəm ki, rəsmi Kiyev sağlam mövqeyini qoruyub saxlasa Azərbaycandan əlavə dəstək əldə edə biləcək".

Politoloq Qabil Hüseynli bildirib ki, dünya ictimaiyyəti post-sovet məkanında və digər regionlarda separatizm əməllərinə - mərkəzi hakimiyyətə qarşı qaldırılan üsyanlara vaxtında düzgün siyasi qiymət versəydi bu məsələlər çoxdan həll olunar, yeni münaqişə ocaqları yaranmazdı. Onun sözlərinə görə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko düzgün dəyərləndirir ki, Krımın Rusiya tərəfindən ilhaqı və Donbas vilayətində yaranan münaqişələr Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə mahiyyətinə görə üst-üstə düşür: "Biz beynəlxalq ictimaiyyəti dünyada sülhün, əmin-amanlığın bərpa olunması üçün ciddi tədbirlər görməyə çağırmalıyıq".

Ermənistan yalnız danışıqları uzatmağa çalışdığını deyən politoloq hesab edir ki, hər dəfə prezidentlər görüşərək müzakirələr aparır, xüsusi təkliflər irəli sürülür, lakin Sarkisyan rejimi şərtləri sıradan çıxarmağa çalışır: "Hal-hazırda Minsk qrupunun hazırladığı yeni həll variantını Ermənistan hələ də dəstəkləməyib.

Bununla yanaşı yenilənən Madrid prinsiplərini də işğalçı ölkə rədd edir. Çünki bu sənəddə xalqların öz müqəddəratını həlletmə hüququ əsasında referendumun keçirilməsi öz əksini tapıb ki, Azərbaycan buna qədər işğal olunan torpaqlarının geri qaytarılmasını və Dağlıq Qarabağın azərbaycanlı icmasının doğma yurdlarına köçürülməsini tələb edir. Əks halda qanuni referendum baş tuta bilməz".

Politoloq qeyd edib ki, Ceyms Uorlikin apardığı danışıqlar ciddi əhəmiyyət kəsb etmir: "Biz Ermənistanın əsl niyyətini daha dəqiq müəyyənləşdirməliyik. İşğalçılar Azərbaycanın qüdrətli ordusu qarşısında aciz olduqlarını bilirlər. Ona görə də danışıqlar prosesi vasitəsilə müharibə riskini azaltmağa çalışırlar. Ən azından Ermənistan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində baş tutan danışıqlarda "konstruktivliyini" göstərməsi üçün birinci növbədə 7 ətraf rayonu qeyd-şərtsiz geri qaytarmalıdır. Lakin biz bunun əskini müşahidə edirik. Sarkisyan Kəlbəcərə yol çəkir, Laçına Suriyadan erməni qaçqınlar yerləşdirir, yerli toponimlərin adlarını dəyişdirir və özününküləşdirməyə çalışır. Bu baxımdan Ermənistan tərəfindən konstruktiv addım gözləmək düzgün deyil. Azərbaycan da haqlı olaraq işğalçı ölkəyə qarşı inamsızlıq göstərir".

Ceyms Uorlikin siyasi konyuktura ilə hərəkət edən şəxs olduğunu deyən Q.Hüseynli əlavə edib ki, amerikalı həmsədr üçün Azərbaycanın problemləri böyük əhəmiyyət kəsb etmir: "Son dövrlər ABŞ-ın Ermənistana qarşı münasibətində dəyişiklik var və Uorlik də buna uyğun hərəkət edir. Hesab edirəm ki, 20 il ərzində fəaliyyətində heç nə ilə yadda qalmayan ATƏT-in Minsk qrupunun bundan sonra hər hansı bir irəliləyişə nail olacağına inanmaq sadəlövhlük olar. Buna görə də biz Minsk qrupunun formatının dəyişdirilməsinə çalışırıq".

Ceyhun ABASOV

 





13.05.2015    çap et  çap et