525.Az

İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri


 

İstiqlal yolunun şanlı mücahidləri - <b style="color:red">Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri</b>

(Əvvəli ötən sayımızda)

Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb.
 
Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, millətimizin azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət qurmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası  - Xalq Cümhuriyyəti elan edildi.

Xalqımızın bir çox ziyalıları, görkəmli şəxsiyyətləri Demokratik Respublikanın yaradılmasında, onun inkişafında müstəsna rol oynayıb, müstəqillik yolunda əllərindən gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə də, bir çox təqiblərə məruz qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar. Xalqa və dövlətçiliyə bir nümunə olan həmin ziyalıların bəzilərinin həyat və fəaliyyət yollarını daha dərindən araşdırıb təqdim edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız isə Prezident Kitabxanası, həmçinin Milli Kitabxananın zəngin məlumat bazasıdır. 

Məmməd Yusif Cəfərov

Tarixin ən dəhşətli rejimlərindən olan çar Rusiyası nə qədər çalışsa da, xalqımızın dövlətçilik ənənələrini məhv edə bilmədi. Azərbaycan Rusiya çarizminin qəddar müstəmləkə rejiminə qarşı əsas müqavimət mərkəzlərindən biri idi. Azərbaycan xalqı daim idarə olunmağa deyil, idarə etməyə alışıb. Bunun nəticəsidir ki, xalqımızın qabaqcıl ziyalılarının başçılığı altında bütün Rusiyanın türk müsəlman xalqlarının milli-azadlıq hərəkatının önündə gedirdi. Bu ziyalılar sırasında Məmməd Yusif Cəfərovun fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

O, Rusiya imperiyasının müstəmləkə siyasətini daim tənqid edən Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biridir. Məmməd Yusif Cəfərov 1885-ci ildə Bakıda anadan olub. O, görkəmli pedaqoq, jurnalist Əli İsgəndər Cəfərzadənin kiçik qardaşıdır. 1907-ci ildə Bakıda kişi gimnaziyasını bitirən Məmməd Yusif Cəfərov Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur.

Moskva mühiti və tələbəlik illəri Məmməd Yusifin dünyagörüşünün inkişafına böyük təsir göstərib. Çünki 1905-1907-ci illər inqilabının məğlubiyyətinə baxmayaraq, tələbələr arasında inqilabi mübarizə ruhu hələ də qalmışdı və tələbə təşkilatları fəaliyyət göstərirdi. Təhsil illərində Moskvada oxuyan azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan etnoqrafik konsert gecələri"nin və "Azərbaycan həmyerlilər təşkilatı"nın üzvü, sonralar isə rəhbərlərindən biri olub. Artıq tələbə vaxtından o, öz yoldaşlarından fərqlənirdi.  O, öz tələbə yoldaşlarını bu təşkilatlarda elmə, biliyə yiyələnməklə yanaşı, xalqın azadlığı uğrunda mübarizədə birliyə çağırırdı.

1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən M.Y.Cəfərov "Nikahın şəriət üzrə pozulması" mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edir və həmin il Bakıya qayıdaraq məhkəmədə andlı hakim köməkçisi vəzifəsində işləməyə başlayır. Gənc olmasına baxmayaraq Məmməd Yusif artıq şəhər əhalisi arasında özünə ad-san qazanmışdı. Bunun nəticəsidir ki, 27 yaşlı Məmməd Yusif 1912-ci ilin sentyabrında Rusiya IV Dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarında müsəlman əhalisi tərəfindən deputat seçilir. IV Dövlət Dumasında Azərbaycanı təmsil edən yeganə deputat kimi M.Y.Cəfərov çıxışlarında çar hökumətinin yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tutur. Kadetlər fraksiyasına qoşulan Cəfərov 1912-1917-ci illərdə Peterburqda fəaliyyət göstərən IV Dövlət Dumasının 5-ci bölməsinin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və Dəniz işləri üzrə komissiyalarının üzvü seçilir.

Məmməd Yusif Cəfərov dumada Rusiya Baş nazirinin hesabatı, gömrük departamentinin xərcləmə dərəcəsi, köçürmə idarəsi üzrə xərclərin smetasına dair büdcə komissiyasının hesabatı, 1913-cü ildə Cənubi Qafqazın bəzi yerlərində məhsulsuz qalan əhaliyə kömək tədbirləri, müharibə və s. məsələlərin müzakirəsi zamanı çıxışlar edir, çar hökumətinin müstəmləkəçilik siyasətini, Cənubi Qafqaz, xüsusən də müsəlman əhalisinin maariflənməsinə göstərilən laqeyd münasibəti, hüquqlarının məhdudlaşdırılmasını, milli məktəblərin bağlanmasını tənqid edir, kazarmaya çevrilmiş məscidlərin geri qaytarılmasını Müsəlman fraksiyası adından tələb edirdi. M.Y.Cəfərov çarizmin köçürmə siyasətini daim tənqid edirdi. Tənqidləri zamanı bunun "yerli ünsürləri sıxışdırmaq yolu ilə ucqarlarda rus ünsürünü gücləndirmək" məqsədi daşıdığını açıb göstərirdi. Köçürmə nəticəsində ən yaxşı torpaqların yerli əhalidən alınıb gəlmə əhaliyə verilməsini, yerli əhalinin yaşamaq imkanlarının məhdudlaşdırılmasını o, "dövlət işi yox", yerli əhaliyə qarşı yönəldilmiş "dövlət bəlası" kimi dəyərləndirirdi. M.Y.Cəfərov Peterburqda olduğu dövrdə Lənkəran balıqçıları, Şamaxı müəllimləri, müsəlman ruhaniləri bir deputat kimi ona müraciət edirdilər. O, əhalinin təkliflərini həll etmək üçün bir sıra dövlət idarə və nazirlikləri ilə əlaqə saxlayır, onların həllinə çalışırdı. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətində yer alan şəxslərin həyatına nəzər saldıqda, onların hər birinin böyük bir siyasi yol keçdiyini görərik. 1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verdi.1917-ci il martın 9-da Müvəqqəti hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Onun tərkibinə V.Xarlamov (rus), A.Çxenkeli (gürcü), K.Abaşidze (gürcü), M.Papaçanovla (erməni) yanaşı, azərbaycanlı Məmməd Yusif Cəfərov da daxil oldu. Ona yeni yaradılan komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırıldı. 1917-ci il aprelin 15-20-də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. Həmin qurultayda Tiflisdən gələn azərbaycanlı M.Cəfərov da iştirak edib və təbrik nitqi söyləyib.  O, inqilab münasibətilə azadlıq əldə edən  müsəlmanları təbrik edir, onları birliyə çağıraraq deyir ki, köhnə çar rejimi əvvəldən çürümüş təməl üzərində qurulduğu üçün yıxıldı. O, Rusiyada azadlığın əldə edilməsində əsgərlərin və fəhlə sinfinin roluna yüksək qiymət verərək qeyd edir: "Mən sizin seçilmiş nümayəndəniz kimi bildirirəm ki, biz bir an da unutmamalıyıq ki, Rusiyada azadlığı əsgərlər və fəhlələr qazanıb və onlar sizə öz qardaşları kimi baxırlar".

1917-ci il noyabrın 15-də Tiflisdə Y.Gegeçkorinin sədrliyi ilə müstəqil yerli hökumət - Zaqafqaziya Komissarlığı yaradılır və M.Y.Cəfərov bu hökumətdə ticarət və sənaye naziri vəzifəsinə seçilir. Sonra o, 1918-ci ilin fevralında Tiflisdə fəaliyyətə başlayan Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının Rəyasət Heyətinin sədr müavini olur. O, seymin və Müsəlman fraksiyasının iclaslarındakı çıxışlarında Cənubi Qafqaz xalqlarını dostluğa, ədavəti aradan qaldırmağa, əldə edilən azadlığı qorumağa, Türkiyə dövləti ilə danışıqlara başlamağa və sülh sazişi bağlamağa çağırır.

M.Y.Cəfərov 1918-ci ilin iyun ayının axırlarından 1919-cu ilin martın ortalarına kimi Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında diplomatik nümayəndəsi olub.

1919-cu il aprelin 14-də Azərbaycan parlamenti N.Yusifbəylinin sədrliyi ilə yeni Azərbaycan hökumətini təsdiq etdi. M.Cəfərov bu hökumətdə xarici işlər naziri vəzifəsini tutdu. O, bu vəzifədə 1919-cu il dekabrın 22-nə kimi çalışdı. M.Cəfərov bir diplomat kimi hər zaman öz vəzifəsində Azərbaycan Respublikasının mənafeyini müdafiə edib. Bu, onun imzaladığı Gürcüstan və Azərbaycan Respublikaları arasında hərbi-müdafiə müqaviləsində, əlavə müvəqqəti kağız pulun buraxılması haqqında Ermənistan, Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, müsəlmanların vəhşicəsinə qırılması əleyhinə Ermənistan Xarici İşlər Nazirliyinə, müsəlman əhalisinin mənafeyinin müdafiə edilməsi, Azərbaycanın ərazi bütövlüyü, əmlakının qorunması barədə Böyük Britaniyanın Cənubi Qafqazdakı və Bakıdakı qoşunlarının komandanlarına göndərdiyi notalardan və s. aydın görünür.
 
Böyük siyasi xadimin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasında xidmətləri çoxdur. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları və ictimai xadimləri Məmməd Ağa oğlunun və Hüseyn Mirzə Camalovun arxivlərdən toplayaraq çap etdirdikləri "Zaqafqaziyada rus siyasətinə aid sənədlər" kitabını xüsusi qeyd etmək lazımdır. 1919-cu ilin oktyabrında Azərbaycan parlamentinin bitərəf üzvü M. Y.Cəfərov Müsavatın sıralarına daxil olub. Həmin ilin dekabrında Yusifbəyli kabinəsi istefaya çıxdığı üçün M.Y.Cəfərov da tutduğu vəzifəni tərk edib.

(Ardı var)

Samirə QULİYEVA

 





13.05.2015    çap et  çap et