525.Az

"I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti"


 

"I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti"<b style="color:red"></b>

İyunun 12-də Bakıda I Avropa Oyunlarına start veriləcək. 17 gün ərzində bütün dünyanın diqqəti Azərbaycan paytaxtına yönələcək.

Yarışda ancaq avropalı idmançılar mübarizə aparsa da, Avropa Oyunlarına planetin hər bir yerindən maraq hədsizdir. Bu cür mötəbər yarışın Bakıda keçirilməsi isə Azərbaycan xalqı üçün əsl bayramdır. Azərbaycan bu günə qədər istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də idman sahəsində bir çox nüfuzlu tədbirlərə ev sahibliyi edib. Bütün hallarda da ölkəmiz məsuliyyətin altından alnıaçıq çıxıb. Şübhə yoxdur ki, Bakıda keçiriləcək və tarixə ilk Avropa Oyunları kimi düşəcək yarış da təşkilinə görə uzun müddət yaddaşlardan silinməyəcək. 

TARİXƏ QISA NƏZƏR

Bakıda keçiriləcək mötəbər yarış tarixə I Avropa Oyunları kimi düşəcək. Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq.

Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib.

DÖVLƏTİN DƏSTƏYİ - UĞURUN TƏMİNATI

2012-ci ilin sonunda Romada qəbul olunan qərardan sonra bu sual daha çox səsləndi: niyə məhz Bakı? Avropa Olimpiya Komitəsinin Bakının lehinə qərar qəbul etməsinin səbəbləri çoxdur. Amma başlıca səbəb dövlətin, xüsusilə respublika Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi qayğıdır. Azərbaycan güclü ölkə, dinamik inkişaf edən dövlətdir. Bütün sahələrdə uğurlarımız var. Ölkəmizin istər siyasi müstəvidə, beynəlxalq aləmdə, istərsə iqtisadi sahədə, istərsə də idmandakı uğurları artıq reallıqdır, dünya ictimaiyyəti bunu bilir və təqdir edir. Azərbaycanda idmana olan diqqət və qayğı ölkənin dövlət siyasətidir. Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır.

Hər il müxtəlif beynəlxalq yarışların məhz Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə müsbət imic qazandırır. Bu gün ölkədə böyük sürətlə kütləviləşən müxtəlif idman növləri gənclərimizi daha böyük qələbələrə ruhlandırır.

Son 10 ildə Azərbaycan idmanının tarixində şanlı səhifələr yazılıb. Ötən dövr ərzində Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunub. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. İdmançıların dövlət tərəfindən daim qayğı ilə əhatə olunması, onların bütün problemlərinin həll edilməsi, yüksək səviyyəli təlim-məşq toplanışlarının keçirilməsi idmançılarımızın beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etməsini təmin edir.

Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc ölkəyə qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırırlar. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.

Milli Olimpiya Komitəsi beynəlxalq miqyasda böyük nüfuz qazana bilib, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilib. Azərbaycanda keçirilən Avropa və dünya çempionatları silsilə xarakter daşıyır.

SİYASİ SABİTLİK VƏ YÜKSƏK SƏVİYYƏLİ ŞƏRAİTİ DƏ UNUTMAQ OLMAZ

Azərbaycan paytaxtının digər üstünlüyü kimi siyasi sabitliyi göstərmək olar. Beynəlxalq idman təşkilatları böyük turnirləri həvalə etdiyi ölkələrin siyasi durumuna daim böyük diqqət ayırır. Azərbaycan isə bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Tarixi təcrübədən aydındır ki, hər bir xalqın və cəmiyyətin öz mövcudluğunu qoruyub saxlaması və inkişafı sistematik səciyyə daşıyan bir sıra fundamental amillərlə bağlıdır. Bu amillərin başında isə ictimai-siyasi sabitlik faktoru gəlir. Əlbəttə ki, bəhs edilən faktorların təmin olunmasını şərtləndirən başlıca mexanizm milli dövlətdir.

Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi, yekun rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional strateji kursun fonunda əhalinin maddi rifah halının mütəmadi olaraq yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin daha da gücləndirilməsi, müxtəlif inkişaf modellərinin tətbiq edilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi fundamental göstəricilər ümummilli inkişafın strateji cizgilərini və vəzifələrini təşkil edir. Bütün bunlar isə Azərbaycanı yüksək sürətlə ardıcıl olaraq inkişaf edən ölkəyə çevirməklə yanaşı, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən əhəmiyyətli faktor qismində çıxış edir.

Otellər baxımından da Bakıda heç bir problem yoxdur. Bu gün şəhərdə xarici ölkələrdən gələcək qonaqları ən yüksək səviyyədə qəbul etmək, yerləşdirmək üçün hər cür şərait var. Təsadüfi deyil ki, 6-10 may tarixlərində ölkəmizdə keçirilən "Tour d'Azerbaidjan-2015" velosiped yarışının fəxri qonaqlarından biri, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer ölkəmizdə yüksək səviyyəli yarışların təşkili üçün hər cür şəraitin olduğunu vurğulayıb: "Azərbaycanda yarışların təşkili üçün bütün şərait var. Gözəl yollar, otellər. Heç dünyanın 1 nömrəli veloturu olan "Tour de Frans"da komandalar Azərbaycandakı kimi gözəl otellərdə qalmırlar".

TƏŞKİLAT KOMİTƏSİNİN İŞİ GÖZ ÖNÜNDƏDİR

Bakıda keçiriləcək birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qurulub. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva sədrlik edir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılıb.

BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri Azad Rəhimov və baş əməliyyat direktoru Saymon Kleqdir.

Əminliklə söyləmək olar ki, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsi ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək. Azərbaycan paytaxtı Avropa Olimpiya Oyunları hərəkatı üçün bir standart müəyyənləşdirəcək. Növbəti illərdə keçiriləcək Avropa Oyunları artıq Bakının ev sahibliyi ilə keçirilən Oyunları özünə bir etalon kimi istifadə edəcək. Bir sözlə, Azərbaycan bir daha özünü dünyaya mühüm bir idman ölkəsi, mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən, milli adət-ənənələrini qoruyan, qonaqpərvər, dadlı mətbəx nümunələri ilə seçilən bir ölkə kimi tanıtmış olacaq. Ölkəmizin bu uğuruna dostlarımız sevinəcək, düşmənlərimiz isə növbəti dəfə kədərlənmiş olacaqlar.

I AVROPA OYUNLARINDAN NƏ QAZANACAĞIQ?

Bu suala bir kəlmə ilə cavab vermək mümkünsüzdür. Çünki bu cür nüfuzlu yarışın məhz Azərbaycan paytaxtında keçirilməsi ölkəmizə çox şey qazandıracaq. İlk növbədə qeyd edək ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi sayəsində Azərbaycanın dünyadakı gündən-günə artan nüfuzu daha da yüksələcək. Daha əvvəl olduğu kimi ölkəmiz yenidən təkcə siyasi, iqtisadi, mədəni tədbirlərə deyil, idman yarışlarına da yüksək səviyyədə ev sahibliyi edə bildiyini bütün dünyaya sübut etmiş olacaq.

Bu turnir infrastruktur baxımından ölkə idmanına böyük fayda verib. Çünki ölkəmizdə idman strukturunun yenidən qurulması, yeni-yeni idman obyektlərinin, Olimpiya idman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb. Ölkəmizin bütün bölgələrində müasir səviyyəli idman infrastrukturu formalaşdırılıb. I Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyeklərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilib. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılıb. Bu idman qurğuları gələcək nəsillərin idmana maraq göstərməsini şərtləndirir.

I Avropa Ouunlarının Bakıda keçirilməsi Azərbaycanda turizmin inkişafında da böyük rol oynamağa qadirdi. Çünki bu turnir zamanı Azərbaycan paytaxtına xeyli turist gələcəyi şübhə doğurmur. Bu isə ölkə turizminin inkişafında əvəzsiz rol oynayacaq. Azərbaycanda turizmin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bu sahəyə xüsusi önəm vermiş, Azərbaycanın turizm potensialından səmərəli istifadə edilməsi işinə qayğı və diqqət göstərmişdir. Ulu Öndərin davamçısı olan ölkə Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ökəmizdə turizm sahəsi dinamik inkişaf yolu keçmişdir. Bu turnir isə paytaxtımıza, ölkəmizə yeni turistlərin cəlb olunması baxımından böyük rol oynayacaq.

BAKININ EV SAHİBLİYİ HAMINI RAZI SALACAQ

Bu gün Avropanın ən qabaqcıl ölkələri, şəhərləri müəyyən problemlərlə üz-üzə qaldıqları halda Azərbaycan paytaxtı gündən-günə irəliyə doğru gedir. Məhz bütün bunları nəzərə alaraq, Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunlarının ən yüksək səviyyədə təşkil olunacağı şübhə doğurmur. Bu cür mötəbər yarışın Bakıda keçirilməsi Azərbaycanın böyük qələbəsidir. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda idmana, futbola göstərdiyi qayğının nəticəsidir.

İbrahim CƏFƏROV
"Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün".

 





13.05.2015    çap et  çap et