525.Az

Dağlıq Qarabağ arxa planda


 

ÜMİDLƏR RİQA GÖRÜŞÜNƏDİR

Dağlıq Qarabağ arxa planda<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, ABŞ-ın dövlət katibi Con Kerri Rusiyaya səfər edərək Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla Ukrayna böhranı ətrafında fikir mübadiləsi aparıb.

Qeyd edək ki, bundan bir neçə gün öncə Almaniya Kansleri Angela Merkel də Moskvaya səfər edərək Kreml rəhbəri ilə sözügedən münaqişə ətrafında müzakirələr aparıb. O, Moskvada Putinlə birgə keçirdiyi mətbuat konfransında Rusiyanın hərəkətlərinin Qərblə münasibətlərdə problem yaratdığını bildirib.
 
Merkel deyib ki, Beynəlxalq qanunvericiliyi pozan Krımın ilhaqı və Ukraynanın şərqində silahlı münaqişə ölkələrimiz arasında münasibətlərə ciddi zərbə vurub:
 
"Mürəkkəbliyindən asılı olmayaraq tarix münaqişələri sülh yolu ilə, dialoq vasitəsilə həll etməyi öyrədir".

Ukrayna adına sevindirici haldır ki, ərazi bütövlüyü pozulan dövlətin problemi ilə xarici dövlətlər bu qədər ciddi səylə məşğul olur. Lakin dünya ictimaiyyətinə məlumdur ki, hələ keçən əsrin 90-cı illərində Cənubi Qafqazda Azərbaycanın  torpaqlarının Ermənistan tərəfindən işğalından sonra Dağlıq Qarabağ adlı münaqişə ocağı yaranıb.

Təəssüflər olsun ki, məsələylə əlaqədar vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu 20 ildən artıq vaxt ərzində nəinki problemin həllinə, hər hansı bir irəliləyiş əldə olunmasına, erməni girovluğunda olan azərbaycanlıların azad edilməsinə də nail ola bilməyib.
 
Belə görünür ki, dünya birliyi Dağlıq Qarabağı arxa planda saxlamağa çalışır. Halbuki Ukrayna rəsmiləri də üzləşdikləri problemlərdən sonra xarici siyasətində dəyişiklik edərək etiraf etməyə başlayıblar ki, xüsusilə post-Sovet məkanında baş verən münaqişələrin başlama yeri Dağlıq Qarabağ olduğu kimi, həll yolu da Dağlıq Qarabağdan keçir. Bu istiqamətdə işlər görmək əvəzinə xarici dairələr Azərbaycana qarşı fundamental azadlıqlar kontekstində təzyiqlər edir, Bakıda baş tutacaq ilk Avropa Oyunlarının keçirilməsinə əngəl törətməyə çalışır.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, xarici qüvvələr ikiüzlülük edirlər. O bildirib ki, Birləşmiş Ştatlar və digər böyük dövlətlər oxşar məsələlərə müxtəlif siyasi baxışlar ortaya qoyurlar:

"Bu dövlətlər Ukrayna məsələsindən fərqli olaraq Azərbaycanın Dağlıq Qarabağ probleminə obyektiv münasibət sərgiləmir. Ona görə də vaxtaşırı Azərbaycanın əleyhinə fəaliyyət aparılır. Ukrayna münaqişəsinə də baxdıqda onlara ciddi dəstəyin nümayiş olunmadığının şahidi olarıq.

Ukrayna öz torpaqlarını itirir, lakin münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli prinsiplərlə həll olunması üçün Rusiyaya real təsir mexanizmləri tətbiq olunmur. Moskvaya qarşı Qərb sanksiyalar tətbiq etsə də, bu Rusiyanın geri addım atması üçün kifayət etmir. Con Kerrinin Soçi danışıqları da məhz beynəlxalq ictimaiyyət qarşısında Amerikanın imicini qorumaq üçün atılan formal addımlardandır. Çünki onlar rəsmi Kiyevə münaqişədən əvvəl zəmanət verib ki, Ukraynanın təhlükəsizliyi təhdid mənbəyi olmayacaq. Lakin sonrakı hadisələr Qərb və ABŞ-ın prestijini zədələyib.

Bu baxımdan sözügedən dövlətlər itirdikləri imici bərpa etməyə çalışırlar. Buna baxmayaraq hesab etmək olmaz ki, xarici qüvvələr Ukrayna məsələsində ciddi addımlar atıb. Hər halda Dağlıq Qarabağ münaqişəsinə nisbətən daha çox işlər görülür. Çünki Luqansk və Donetsk separatçılarına ABŞ dəstək vermədiyi halda, Dağlıq Qarabağ separatçı rejiminə hərtərəfli yardımlar göstərir. Bu da ikili standartların bariz göstəricilərindəndir".

Millət vəkili əlavə edib ki, Qərb və Amerika dairələri dünyada baş verən münaqişələrin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır: "Lakin Dağlıq Qarabağ məsələsində ABŞ birbaşa ermənilərin maraqlarına uyğun hərəkət edərək onlara tərəf olduğunu sübut edir. Bu baxımdan hesab edirəm ki, Birləşmiş Ştatlar Rusiya qədər münaqişənin ermənilərin xeyrinə həll olunması üçün əlindən gələni edir".

Millət vəkili Sahib Alıyev bildirib ki, Azərbaycanla Ermənistan arasında atəşkəs haqda anlaşmanın 21 ili tamam olduğu gün Amerikanın Dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Onun sözlərinə görə, görüşdən sonra verilən açıqlamadan belə anlaşılır ki, Amerika bizim regiondakına bənzər bir atəşkəs rejiminin də Donbasda yaradılmasını istəyir:
 
"Kerrinin Ukrayna prezidenti Poroşenkonun Donetsk aeroportunun yenidən geri alınacağıyla bağlı açıqlamasını pisləməsi, Minsk anlaşmasına əməl olunacağı təqdirdə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldıla biləcəyini dilə gətirməsi elə bu deməkdir. Belə anlaşılır ki, Vaşinqtona münaqişənin həlli deyil, dondurulması əl verir. Çünki bu gərginlik mənbəyinin qalması deməkdir. Gərginlik mənbəyi qalırsa, deməli, tərəflər üzərində kontrol və təzyiq imkanları da qalır".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Kerri ilə görüşdən sonra ABŞ dövlət katibinin xahişini yerinə yetirərək əsirlikdə saxladığı ukraynalı döyüşçü Nadejda Savçenkonu azad edəcək:
 
"Putin ağıllı adamdır. Bu xoş jesti ilə Krımın işğalını unutdurmağa və Amerika ilə pozulan münasibətləri nisbətən yumşaltmağa çalışacaq. Çünki Putin bilir ki, ABŞ-la münasibətləri müəyyən qədər normallaşdıra bilsə, Avropa ölkələri ilə eyni yolla gedəcəklər. Beləcə, nə oldusa Krıma və yarımadanın qurucu sakinləri tatarlara oldu".

Politoloq Qabil Hüseynli qeyd edib ki, Kerri ilə Lavrovun Soçi görüşündə Azərbaycan məsələsi də müzakirə mövzusu olub.

O deyib ki, burada əsasən enerji dəhlizi ilə bağlı Trans-Xəzər qaz kəməri layihəsi və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ərtafında fikir mübadiləsi aparılıb:

"Bizim üçün geosiyasi baxımdan əhəmiyyətli olan odur ki, danışıqlarda Trans-Xəzər layihəsi ilə əlaqədar Türkmənistan qazının Azərbaycan qazı ilə birləşib TANAP-a qoşulmasına Rusiya tərəfindən əngəllər törədilməməsi üçün razılıq əldə olunub.

Eyni zamanda ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında 7 rayonun geri qaytarılmasına ciddi cəhdlər edilməsi qərara alınıb. Yəni, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun qaytarılması münaqişənin həlli və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından mühüm addım sayıla bilər. Ermənilərin isə buna necə reaksiya verəcəyi sual altında qalır. Bu məsələyə mayın 24-də Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan və Ermənistan prezindentlərinin Riqa görüşündə aydınlıq gələcək.

Həmin görüşdə nəticənin dərhal əldə olunacağına ümidlər az olsa da, ancaq məsələnin həlli istiqamətində böyük irəliləyişə nail oluna bilər. Bu baxımdan Con Kerri ilə Sergey Lavrovun Soçi görüşü xüsusi əhəmiyyət kəsb edir. Çünki orada təkcə Dağlıq Qarabağ və Ukrayna məsələsi deyil, eyni zamanda Suriya və Yəmən böhranları da xırda detallarına kimi müzakirə olunub".

Q.Hüseynli hesab edir ki, Almaniya kansleri Angela Merkelin bu görüşlər sistemində Moskvaya səfərinin çox əhəmiyyətli yeri var:

"Almaniya Kansleri Putinə Rusiya-Amerika qarşıdurmasının Kremlə böyük ziyanlar gətirəcəyini izah etməyə çalışıb. Bu görüşdə bir sıra geopolitik məsələlərdə pozitiv razılaşmalar əldə olunub. Xüsusilə qeyd etmək istəyirəm ki, Putin Avropa və digər regionlarda yerləşən dövlətlərin təhlükəsizliyinə zərər verə biləcək niyyətlər güdmədiyinı dair fikirlər səsləndirib.

Bu da o deməkdir ki, Rusiya super dövlət yaratmaq ideyalarından imtina edə bilər. Çünki Putin artıq görüb ki, Ukrayna ABŞ Silahlı Qüvvələri və NATO hərbi birləşmələri tərəfindən mühasirəyə alınıb. Kreml rəhbəri dərk edib ki, əvvəlki kimi davranmaq həm sanksiyaların miqyasını genişləndirir, həm də NATO hərbi birləşmələrinin müqaviməti ilə onları üz-üzə qoyur.

Hesab edirəm ki, son zamanlar geosiyasi mühitdə yüksəlməkdə olan gərginlik enişlə əvəz olunacaq və yumşalma meyilləri müşahidə olunacaq. Hər halda Putin davranışlarına düzəliş edəcək. Bunun qarşılığında isə ABŞ və Qərb dövlətləri Rusiyaya qarşı sanksiyaları ləğv edərək, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yeni fəaliyyət planı ortaya qoyacaq. Beynəlxalq müstəvidə hər kəsə yaxşı məlumdur ki, Rusiyanın Ukraynaya qoşun yeritməsi dünya iqtisadi böhranını yaradan, neftin qiymətinin sürətli şəkildə aşağı düşməsinə gətirib çıxaran başlıca səbəblərdəndir. Vəziyyətin geri qaytarılması üçün  Rusiya Ukrayna ilə bağlı siyasətindən əl çəkməli, Qərblə əməkdaşlıq xəttinə əməl etməlidir".

Politoloq xatırladıb ki, Con Kerri Soçidə görüşlərini yekunlaşdıraraq Antalyaya, NATO dövlətlərinin xarici işlər nazirləri ilə görüşmək üçün gedib:

"Burada da Rusiyaya qarşı məsələlər əsas müzakirə mövzusu olacaq. Bu baxımdan Lavrov cəld hərəkət edərək Con Kerrini görüşə dəvət edib Rusiyaya qarşı NATO ölkələrinin qərarlar qəbul etməsinin qarşısını almağa çalışıb. Bundan əvvəl dəfələrlə Lavrov Kerri ilə görüşməyə cəhd etsə də sonuncu bundan imtina edib. Lakin görünən odur ki, Merkel Moskvada Putinlə görüşdə hansısa vədləri Kreml rəhbərinin dilindən qopara bildiyinə görə Kerri də Rusiya xarici işlər naziri ilə görüşə razılıq verib. Ona görə də görüşün formal xarakter daşıdığına inanmıram. Əksinə düşünürəm ki, Soçi müzakirələri qlobal mühitdə müsbət dəyişikliklərə imkan verən pozitiv nəticələrlə yadda qala bilər".

Q.Hüseynli əlavə edib ki, Cənubi Qafqazda gedən proseslərdə əsas maraqlı olan tərəf Rusiyadır:
 
"Ona görə də status-kvonun qorunub saxlanması istəyən rəsmi Moskvadır. ABŞ və Avropanın strateji maraqları isə qarşıdurmanın aradan qaldırılmasını tələb edir. Çünki böyük qaz kəməri layihəsi işə düşəcək və onun təhlükəli zonadan keçməsini heç kəs istəmir. 2019-cu ilə qədər qaz kəməri layihəsinin həyata keçiriləcəyini nəzərə alsaq, münaqişə də o vaxta qədər həllini tapmalıdır. Qarşıya qoyulan məqsəd bundan ibarətdir və ona görə də bu istiqamətdə səylər davam etdirilir".

Ceyhun ABASOV

 





14.05.2015    çap et  çap et