525.Az

"Ermənistan yorulub"


 

"Ermənistan yorulub"<b style="color:red"></b>

"Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının mümkünsüz olduğunu başa düşür və yorulub. Ona görə də Ermənistan Dağlıq Qarabağla bağlı siyasətinin dəyişdiyini bəyan edir".

Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın Argentina mətbuatına müsahibəsini şərh edərkən bildirib.

O xatırladıb ki, Saakyan müsahibəsində Dağlıq Qarabağın  Ermənistana birləşməyə çalışdığını bildirib və əlavə edib ki, biz bu arzu ilə yaşayırıq. Amma hələ bunun zamanı gəlib çatmayıb.

Politoloq hesab edir ki,  Bako Saakyanın bu fikri Ermənistanın Dağlıq Qarabağ siyasətinin mahiyyətini göstərir:

"Saakyanın indi bu fikri açıqlaması təsadüfi deyil və bu bir sıra parametrləri özündə birləşdirir. Bu, dünya erməniliyi ilə razılaşdırılmasa da dünya erməniliyinin də marağındadır. Belə ki, dünya erməniliyi nəinki Dağlıq Qarabağın, hətta Ermənistanın müstəqil olmasına inanmır.
 
Digər tərəfdən, Ermənistanın iqtisadi cəhətdən tükənməsi onun Dağlıq Qarabağa münasibətinə də təsirsiz qalmadı. Dağlıq Qarabağa verdiyi kreditin faizini 800 dəfə artırdı. Bu vaxtadək Dağlıq Qarabağa verilən bütün kreditlər illik 0.1%-lə olduğu halda, son kreditlər illik 8%-lə verilir. Hər halda Ermənistanın öz əyalətlərinə ayrılan vəsaitə kredit faizi qoyulmur.

Başqa tərəfdən, bir müddət öncə "Millətlərin öz müqəddəratını təyinetmə prinsipi"nə prezident Serj Sarkisyanın hücumu indi başa düşüləndir. Azərbaycanı şərləməklə Ermənistan əslində özü "millətlərin öz müqəddəratını təyinetmə prinsipi"ndən imtina etmək istəyir".

M.Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağdakı separatçı rejimin bu addımı münaqişənin əvvəlki illərini yada salır:

"O zaman ermənilərin Dağlıq Qarabağ siyasətinin mahiyyəti "miatsum" idi. Yəni Dağlıq Qarabağı Ermənistana birləşdirmək. Buna gücləri çatmadıqda Dağlıq Qarabağ ermənilərinin müstəqilliyi ideyasını ortalığa atdılar. Saakyanın Argentina mətbuatına verdiyi müsahibənin dərc olunmasından xeyli vaxt keçib.

Ermənistan rəhbərliyi və ictimai-siyasi mühiti Saakyanın bu fikrinə reaksiya verməyə bilər. Buna baxmayaraq, erməni ekspertlər son vaxtlarda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını aktuallaşdırmışdılar. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi Ermənistan prezidenti Sarkisyanın Avrasiya İqtisadi Birliyinə üzv olarkən götürdüyü öhdəliyə və bu öhdəliyin verbal nota ilə təsdiqlənməsinə ziddir. Ermənistan Dağlıq Qarabağı öz tərkibinə daxil etməyəcəyi ilə bağlı öhdəlik götürüb. Saakyanın Ermənistan prezidenti ilə razılığı olmadan bir fikri səsləndirməsi qeyri-mümkündür. Ehtimal ki, Ermənistan məhz bununla həm də AİB-i nüfuzdan salmaq istəyir".

Politoloqa görə, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmaq adı ilə "erməni soyqırımı"na münasibət bildirən ABŞ-ın Minsk qrupundakı həmsədri Ceyms Uorlik, o cümlədən, digər həmsədrlər B.Saakyanın bu bəyanatına münasibət bildirməyib:

"Baş verənlər dünya erməniliyinin daxilində ciddi problemlərin olduğunun göstəricisidir. Bu, təbiidir.

Ermənistanda din və din xadimi devalvasiyaya uğrayıbsa, kriminallığa xidmət edirsə, yalan ən qiymətli dəyər hesab edilirsə, mənəviyyat çürüyübsə başqa nəticə gözləmək çox çətindir. Hər halda beynəlxalq ictimaiyyət, o cümlədən, ATƏT MQ bu məsələdə müvafiq nəticələr çıxaracaqlar".

M.Əhmədoğlu digər bir məsələyə, Rusiyada qələbənin 70-ci ildönümü tədbirlərinə də toxunub: "ABŞ II Dünya müharibəsinin 70 illiyinin qeyd olunması məsələsində Rusiyaya ciddi zərbə vurdu. Yalnız Amerikanın səyləri nəticəsində Avropa dövlətlərinin böyük əksəriyyətinin liderləri Moskvada keçirilən hərbi parada qatılmadı". 

Mərkəz sədrinin sözlərinə görə, indi Qərbdə düşünülür ki, Rusiya bu sarsıdıcı zərbədən artıq nəticə çıxarıb:

"Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasında müzakirə olunan Ukrayna məsələsinin davamı olaraq bu görüş keçirilir. ABŞ düşünür ki, Rusiya mayın 9-da aldığı ciddi zərbədən sonra nəticə çıxarıb. Rusiya ilə Amerikanın niyyəti odur ki, rəsmi Moskva ilə münasibətlərin tam spektrini müzakirə etsin. Bura həm Ukrayna, İran, Suriya, həm də dünyanın digər regionlarında nüvə təhlükəsizliyi məsələsi və s. aiddir. Con Kerrinin Sergey Lavrovla Soçidə keçirdiyi bu görüş nəticəverici bir görüş olacaq. Beləcə, Qərb bundan sonrakı startegiyasını müəyyənləşdirdi. Hesab edirəm ki, indiki dövr üçün əhəmiyyətli bir görüş olacaq".

PƏRVANƏ

 





14.05.2015    çap et  çap et