Aslan Kəmərlinin 70 illiyinə
Rüstəm KAMAL
Azərbaycanın “qeyrəti-milliyə” şairi Aslan Kəmərlidə yurd sevdası sadəcə ənənəvi ritorika deyildi, məfkurə-əməl aktı, fəaliyyət növü idi. O, bu sevgini mücadiləsi, əməli, işilə təsdiqləmiş şairlərimizdən biridir.
Vətənin ağır, dar günlərində eldən-obadan ayağını çəkmədi, Qazax mahalının qeyrətli oğullarını, böyük ziyalılarını başına yığıb bu yöndə işləri sistemli hala salmaq üçün əsgərlərimizə, camaata mənəvi dəstək vermək üçün, mümkün qədər silah-sursatla təmin etmək üçün Qazax Xeyriyyə Cəmiyyətini yaratdı.
Onun sözünün mübtədası-xəbəri Qılınckəndi idi. Qılınckəndi onun mifik vətəni-Makondası idi.
Dar günündə görünmüşəm,
Salam, Qılınckəndi, salam!
Qılınckəndi Kəmərli kəndinin yuxarı başının adıdır. O Qılınckəndi ki, sadəcə Aslan Kəmərlinin doğulub boya-başa çatdığı yerin adı deyil, xatirələrinin qutsal məkanının adıdır.
Aslan Kəmərli özünü bir sosial statusda-oğul statusunda görürdü, təhtəlşüurunda oğul obrazını yaşadırdı.. Vətənə ürəklə və qətiyyətlə : “Önündə baş qoyan oğlunam sənin!”, –deyirdi.
Kənddəki yeddi dəyirmanı yeddi oğula bənzətməsi bu düşüncədən gəlirdi: “Yeddi dəyirman-yeddi oğul idi”.
Qəribədir: onun ünsiyyət dünyasında daha çox ana-oğul arxetip modeli (M. Arazda ata-oğul modeli) gerçəkləşir.
Beləcə yolları gözüylə yoran,
Beləcə həsrəti əridən anam.
Başı zirvəli dağ, ətəyi aran
Dağları arana gətirən anam..
Aslan Kəmərli dünyanın ağlığına, saflığına inanırdı və ən çox ay işığına tapınırdı.İşıq (ay işığı,dan yerinin işığı) könül dünyasının zərifliyinin işarəsi idi.
Ağ rəngə bürünüb bütün yer üzü,
Bəyaz don geyinib yerin zər üzü.
Klassik psixoanalizdə (freydizimdə) su ilə qadının assosiativ əlaqəsi həyatda gerçəkləşməyən analıq obrazının simvolik ifadəsidir. Aslan Kəmərlidə də həmin məna təqdim olunur.
Bir payız axşamı
göl kənarında
o qız özü boyda bəyaz qar idi.
Onun şeirlərində ağ çiçək qadın ismətinin simvoludur:
Ay ömür sirdaşım,
üzüağlığından
Silkinib, çalxanıb gözlərin sənin.
Bəlkə payızda doğulduğu üçündür ki, Aslan Kəmərlini irrasional başlanğıc su stixiyası ilə-yağışla, nəmişliklə bağlayırdı.
Bir payız axşamı...
Ulduz görünmür.
Yağır...
Çiçək-çiçək gölə iz düşür.
yaxud
Budaqdan süzülür damcı-damcı su,
Hər yarpaq üstündə bir ulduz yanır.
Dərənin istəyi, dağın arzusu
Buluddan nəmlənir, çəndən islanır.
Dolu ona “Misri”saz havasını xatırladırdı.
Dolu bu meşəni döyəcək indi,
Ay aşıq, “Misri”dən “Sarıtel”ə keç.
Ağ yağış-ağ cığır, ağ karvan yolu kimi obrazlar Aslan Kəmərlidə bu məna çevrəsinin içində olurdu. Ağ yağış əslində işığın başqa bir ifadəsidir, başqa bir formasıdır:
Ağ yağış altında çimir ağ söyüd,
Ağ söyüd mırlanar, şəfəqlənərmiş...
Onun “ağ yağış”ına metamorfoza (çevrilmə) xasdır, yəni yağış çiçəyə dönür, ulduza çevrilir:
Pəncərənin önündə yağır ağ yağış,
Ağ yağış torpaqda çiçəyə dönür.
Onun üçün ay işığının ağ yağışla eyniləşməsi onun könül dünyasının işarətləri idi. Onun ay işığına sevgisi, fikrimcə, yuxular səltənətinə bağlılığından gəlirdi:
Çəhlimə iz düşdü-izlər qoşadı,
Parladı nur kimi ay işığında.
Uşaqlığın əziz bir xatirəsi-anasının çuvala and içməsi də həmin halallığın və təmizliyin ifadəsi deyilmi?
Aslan Kəmərli predmetlərə, nəsnələrə məna verirdi.Onlar şair üçün sadəcə etnoqrafik simvollar deyildi, tərcümeyi-halı olan, keçmişi və bu günü olan canlı varlıqlar idi. Kərəntinin, qoşa dəyirmanın taleyini ürək ağrısı ilə insan taleyi kimi danışırdı:
Köçdən sonra yurdda qalan
Qara ocaq daşısanmı?
Yoxdur daha sənin anan,
Qoşa dəyirman.
“Lehrələrin içində şəfəq saçan”, “dodağına çiyələyin ətrini hopduran” kərəntinin yaşam obrazı da belədir:
Pas tutardı ağzını,
Yağış yağır, qar döyür.
Yanındadı zindanı,
Yanındadı bülövü.
Aslan Kəmərli ömrü boyu baş tutmayan, arzuladığı görüşlərdən yazdı. Şair həyatının mənası sanki görüşlərdən ibarət idi. Onun yaddaşında görüş-gözləmə məqamlarının ayrıca yeri var idi.Şeirlər məhz bu görüşləri yuxu kimi danışmaq üçündür.
Gedək o yerlərə, yenidən gedək,
Durma iki yolun ayrıcında sən.
Qəribədir: Aslan Kəmərlidə bütün görüş məqamları iki dünyanın simvolik sərhədində (dan vaxtı, yolayrıcı, doqqaz...yuxu-gerçəklik) baş verir.
Bəlkə də quş idin,
Bəlkə də mələk,
Yenə də fırlanırsan dövrəmdə mənim.
Bəlkə də yuxudu,
Bəlkə də gerçək,
Bəlkə ömrümüzdə görüşməmişik.
O nədənsə həmişə gözləyənlərin obrazını yaradırdı: “Qatarı gözləyən sərnişin kimi.Oturub divanda mürgüləyirsən”.
Qayıtmaq onun “tale mətni”ndə əsas süjet xəttidir, qaranlıqdan işığa, payızdan yaza dönüş kimi düşünülür.
Qayıtdım ömrümün bəyaz çağına,
Bu yer başdan-başa nurdu-işıqdı.
Payızdan dönmüşəm bu yaz çağına,
Çiçək yaraşıqdı, daş yaraşıqdı.
yaxud
Uyusun toranlıq süd qoxusunda
Ürəkdən ürəyə işıq ələnsin.
Qayıdaq obaya dan yuxusunda
Qayıdaq, gözümüz nura boyansın.
Elə şeir kitabının adı da təsadüf seçilməmişdi-“Obamıza yönüm düşüb”. Burada şeirlərin mövzusu da, fəlsəfəsi də qayıtmaq, görüşmək həsrəti ilə bağlıdır.
Aslan Kəmərlidə həsrət sadəcə sentimentallığın, duyğusallığın ifadəsi deyildi, yaşamının havası, ömrünün dəyər mənası idi. Onun Vətən sevgisinin mayasında dururdu.
Ondan ötrü Nazim Hikmət ömrü də “həsrət yükünün”, qürbət-qəriblik mayasının təcəssümü idi. Bəlkə ona görə də şairə həsr etdiyi əsərin I hissəsi “Həsrət” adlanırdı? “Nazimin həsrət yükü.Qədim ceviz ağacı”. Nəziha Arazın sözlərini epiqraf gətirir: “Başı sağ çiyindən sol çiyinə döndərmək də qürbətdir”.
O özünü Kəmərlidən, Qılınckənddən, anasından ayrı Bakıda qürbətdə bilirdi. Axır ki, murazına çatdı-qərib ruhu Vətənin göylərində dolaşır.
Elə “muraz” və “Araz” sözlərini qafiyələndirməsi də həmin həsrət duyğusunun məntiqi nəticəsi idi.
Toxunma Araza, Araz murazdı,
Həsrətə özümüz qol çəkən olduq.
Və Vətən sevdalısı bu böyük türk oğlu inanırdı ki, bir gün gələcək, həsrətlər bitəcək, “bahar soraqlı yellər” Təbrizdən müjdə xəbərini gətirəcək.
Çiçəyi burnunda bir murazım var,
Bir xəbər yetirin yollar, a yollar.
Yuxusunun çin olacağına, bu qovuşmanın-bu görüşün qaçılmaz olduğuna inanırdı:
Layla Araz, a layla,
Sil yaramı, qalayla.
Qan görmüşəm yuxuda
O sahili harayla.
Sonda Aslan Kəmərlinin şeirləri ilə bağlı bir mistik yozumumu deyim: Aslan Kəmərlinin qəzavü-qədəri özünə əyan olmuşdu.
Öz tale-qədərindən xəbəri varmış kimi, qaraçıdan ona doğru xəbəri söyləməsini xahiş edir:
Sənə əl açmağım bir bəhanədir,
Fələk özü baxıb falıma mənim.
Aslan Kəmərliyə şeirlərində ölümün əyan olması bu qədər təsadüf sayıla bilməzdi. “Aldat anamı, qaraçı” şeirində deyirdi:
Sən de ki, Aslanın ömrü uzundu,
Səadət yolunun üstündə durub.
Önündə təhlükə əsdi, uçundu,
Sevinci kədərin qəsdində durub.
Təsadüfi deyil ki, ölümə tələsməsi motivi “Ölümdən o yana” poemasında magik söz kimi səslənirdi:
Başına döndüyüm, a Qılınckəndi,
Amandı, qoynuna tez apar məni.
Bir süjetli şeirində ölümə tələsən adamın tale obrazını yaradıbdır. Şeir elə belə də adlanır-“Tələsən adam”. Tələsən adam-özüydümü?
Gözlədi ölümü, o da yubandı.
Dedi ki, vaxta var, tələsmə bir az:
–Daha inanmıram, gəlməz, yalandı,
Ölümü bu qədər gözləmək olmaz.
Dediyi kimi də oldu-canı qədər sevdiyi, torpaqları uğrunda mücadilə aparan türk şairi Aslan Kəmərli Qılınckəndin qoynuna tələsdi. Çünki qəti inanırdı ki:
Yenə yaşıl çiçək olub
Bu qara torpaqdan
göyərərəm mən.