525.Az

İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri


 

İstiqlal yolunun şanlı mücahidləri - <b style="color:red">Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri</b>

Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb.

Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun mütəqilliyi, millətimizin azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət qurmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası  - Xalq Cümhuriyyəti elan edildi.

Xalqımızın bir çox ziyalıları, görkəmli şəxsiyyətləri Demokratik Respublikanın yaradılmasında, onun inkişafında müstəsna rol oynayıb, müstəqillik yolunda əllərindən gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə də, bir çox təqiblərə məruz qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar. Xalqa və dövlətçiliyə bir nümunə olan həmin ziyalıların bəzilərinin həyat və fəaliyyət yollarını daha dərindən araşdırıb təqdim edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız isə Prezident Kitabxanası, həmçinin Milli Kitabxananın zəngin məlumat bazasıdır.   

Rüstəm xan Xoyski 

Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri də Rüstəm xan Xoyskidir. O, general-leytenant İsgəndər xan Xoyskinin oğlu, Fətəli xan Xoyskinin kiçik qardaşıdır. R. Xoyski 1888-ci il noyabrın 5-də Gəncə şəhərində anadan olub. İlk təhsilini gimnaziyada alıb. Ali təhsilini isə universitetdə alıb. 1918-ci ilə qədər hüquq-mühafizə orqanlarında fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin təşkil etdiyi birinci və ikinci Hökumət kabinələrində işlər idarəsinin müdiri, sonralar isə himayədarlıq naziri vəzifəsində çalışıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Rüstəm xan Xoyski Azərbaycan Sovet Sosialist Respublikası Ali İqtisadi Şurası rəyasət heyətinin katibi, kooperativ hüququ məsələləri üzrə hüquqşünas və s. vəzifələrdə çalışıb. Sonralar Moskvaya köçüb və 1939-cu ildə orada vəfat edərək, Novodeviçye qəbiristanlığında dəfn edilib.

Əliağa Həsənov

Görkəmli ictimai və dövlət xadimi Əliağa Həsənov 1871-ci ildə Bakıda anadan olub. Bakı şəhər gimnaziyasını və kommersiya məktəbini bitirib. “Nəşri-maarif” cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından iştirak edib. Şəhər dumasının üzvü idi. Əliağa Həsənov ölkədə bir çox ictimai siyasi işlərin aparılmasında yaxından iştirak edib. Belə ki,  Həsənov Bakıya Şollar su kəmərinin çəkilməsində, şəhər kanalizasiya şəbəkəsinin yaradılmasında, Dənizkənarı parkın salınmasında böyük xidmət göstərib. 1917-ci il Fevral inqilabından sonrakı siyasi hadisələrdə yaxından iştirak edib, 1918-ci ilin martında Bakıda türk-müsəlman əhaliyə qarşı soyqırımlarının qarşısını almağa çalışıb. Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una (1918, 19 noyabr) əsasən, Bakı şəhərindən bitərəf kimi Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilib. Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü Hökumət kabinəsində maliyyə nazirinin müavini, 4-cü kabinədə isə maliyyə naziri təyin olunub. 1919-cu il sentyabrın 30-da Həsənovun rəhbərliyi ilə Azərbaycan Dövlət Bankı fəaliyyətə başlayıb. Cümhuriyyətin əsginasları üzərində baş nazirlə yanaşı maliyyə naziri Həsənovun da imzası var idi. Milli pulların qiymətdən düşməməsi, emissiya həcminin artmaması, devalvasiyaya uğramaması üçün Həsənov böyük səy göstərib. Həsənov həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də Sovet hakimiyyəti dövründə Azərbaycan Dövlət Bankına rəhbərlik edib. O, həm də Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirak edib. Həsənovun dövri mətbuatda, o cümlədən, “Füyuzat” jurnalında bir çox  məqalələri dərc olunub. 1933-cü ildə Bakıda vəfat edib.

Ağa Əminov  

Azərbaycanın siyasi və dövlət xadimlərindən biri də Ağa Əminovdur. A. Əminov  1888-ci ildə Bakıda anadan olub. 1907-ci ildə Bakı kişi gimnaziyasını, 1911-ci ildə Peterburq Dağ-Mədən Mühəndislər İnstitutunu bitirib. Hələ tələbə vaxtında Peterburqda azərbaycanlı tələbələrdən ibarət həmyerlilər cəmiyyətinin üzvü olub. Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işləyib. 1912-ci ildə “Müsavat” partiyasına daxil olub. 1917- ci il Rusiyada Fevral inqilabından sonra onun siyasi fəaliyyəti daha da  genişlənib. Qafqaz müsəlmanları qurultayının iştirakçısı olub, “Müsavat” partiyasının 1-ci qurultayının keçirilməsində fəal rol oynayıb. Əminov Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una əsasən, “Müsavat” partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilib. Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü Hökumət kabinəsində ticarət və sənaye naziri olub. A. Əminov ölkə iqtisadiyyatının inkişaf etdirilməsində əlindən gələni edib. Belə ki, Əminov iqtisadiyyatda liberallaşma xəttinə təşəbbüs edib, bu sahədə bir sıra mühüm tədbirlər görülməsinə nail olub: neft və neft məhsullarının mal mübadiləsi aparmadan Azərbaycandan kənara sərbəst çıxarılması haqqında Hökumət qərarı; mal mübadiləsi üzrə komitənin ləğvi haqqında maliyyə-iqtisad komitəsinin qərarı; 1919-cu ilin sonu üçün xammalın Azərbaycandan kənara ixrac şərtləri haqqında yeni, liberal məzmunlu qanunun qüvvəyə minməsi və s. O, sərbəst ticarət, dövlətin iqtisadi inkişaf prosesinə müdaxiləsinin məhdudlaşdırılması tərəfdarı olub.

Bundan başqa Əminov 1918-1919-cu illərdə “Müsəlman gecələri” tədbirinin əsas təşkilatçılarından olub,1919-cu ilin mayında  Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının  yaradılmasında da fəal rol oynayıb. 1920-ci il Aprel işğalından sonra “Azərneft” sistemində işləyib. O, 1921-ci ildə Bakıda vəfat edib.

Cəmo bəy Hacınski

İctimai-siyasi xadim, publisist, teatr tənqidçisi, sənətşünas Cəmo bəy Hacınski 1888-ci ildə Qubada anadan olub. O, Mehdi bəy Hacınskinin qardaşıdır. 1912-ci ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirib. 1907-1915-ci illərdə “Kaspi” qəzetinin müxbiri və əməkdaşı olub. 1915-1917-ci illərdə Batum vilayətində və Dənizkənarı rayonda Birinci Dünya müharibəsi (1914-1918) dövründə zərər çəkənlərə yardım edən müsəlman qaçqın komitəsinin müvəkkili işləyib. “Nicat” mədəni-maarif cəmiyyətinin işində iştirak edib, müsəlman dram cəmiyyətinin və Azərbaycan arxeoloji cəmiyyətinin yaradıcılarından olub.

1917-ci ilin iyulunda Cənubi Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilib, oradan nümayəndə kimi Rusiya Müəssislər məclisinə seçkilər üzrə Cənubi Qafqaz mərkəzi komissiyasının sədri vəzifəsinə təyin edilib.

Zaqafqaziya seyminin Müsəlman fraksiyasının, 1918-ci il mayın 27-də seym buraxıldıqdan sonra isə yeni yaradılan Azərbaycan Milli Şurasının üzvü olub. Hacınski 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə keçirilən iclasında qəbul edilən Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olub.

Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il “Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun”una əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinə daxil edilmişdi.

Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra edib, 4-cü və 5-ci hökumət kabinələrində (1919-cu il aprel -1920-ci il mart) poçt və teleqraf naziri vəzifəsində çalışıb, Respublikada rabitə sahəsinin inkişafında xüsusi xidməti olub.

C.Hacınski  siyasi fəaliyyətlə yanaşı mədəniyyətə, incəsənətə də diqqət və maraq göstərib. Belə ki, 1918-ci ildə “Türk yurdu” cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxuyub,  Azərbaycan və rus mətbuatında “Qubalı” imzası ilə çıxış edib. Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirov və b. haqqında məqalə və resenziyalar yazıb. “Milli nəğmələr” kitabçalarında (1919-1920) şeirləri dərc olunub.

1920-ci il Aprel işğalından sonra xalq ədliyyə komissarlığında inzibati-maliyyə şöbəsinin rəisi təyin olunub, mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirib. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin işində yaxından iştirak edib, qədim mədəniyyət abidələrinin mühafizəsi məsələləri ilə məşğul olub.

Lakin həyat Hacınskiyə fəaliyyətini daha da genişləndirməyə imkan vermir. Belə ki, 1922-ci il aprelin 21-də həbsə alınan C.Hacınski  3 il məhbəsdə saxlandıqdan sonra Solovki (Rusiya, Arxangelsk vilayəti) həbs düşərgəsinə göndərilir. 1928-ci ilin iyununda azad edilərək Bakıya qayıdıb, həmin ilin iyulundan respublika Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında (“Köybirliyi”) plan şöbəsinin katibi olub, sonra şöbə müdiri vəzifəsini icra edib. Hacınski 1933-cü ilin noyabrından Azərittifaq sistemində işləyib, bir ildən sonra sənaye kooperasiyasında baş məsləhətçi vəzifəsinə keçirilib. 1937-ci ilin yanvarında həmin vəzifə ləğv olunduğundan işdən çıxarılıb, 1938-ci il noyabrın 24-də yenidən həbs edilərək sürgün olunub. 1942-ci ildə Kirov vilayətindəki Vyatka həbs düşərgəsində vəfat edib.1956-cı il iyunun 13-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən ona bəraət verilib.

(Ardı var)

Samirə Quliyeva

 





16.05.2015    çap et  çap et