525.Az

Milli Kamera ansamblının konserti olub


 

Milli Kamera ansamblının konserti olub<b style="color:red"></b>

Mayın 12-də  Rəşid Behbudov  adına  Mahnı Teatrında konsert keçirildi.  Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümünə həsr olunan konsertdə Azərbaycan Televiziya və Radiosunun Milli Kamera ansamblı çıxış edirdi. 

Azərbaycan Milli Konservatoriyası   nəzdində  Musiqi  Kollecinin müəllimi  Arzu  Səlimovanın  səyi və təşəbbüsü, eləcə də Azərbaycan Televiziya və Radiosu  Səsyazma  evinin direktoru Ramil Qasımovun dəstəyi ilə yaradılaraq 2 ildən artıq uğurla fəaliyyyət göstərən Milli Kamera Ansamblı bir sıra konsertlərdə çıxış edib, qısa zamanda dinləyici rəğbəti qazanıb.

Ansamblın özəllikləri  elə  konsert  proqramının üz qabığındakı şəkildən  bəlli  olurdu. Burada  hər bir musiqiçinin əlində tutduğu alətin eyni bir  alət -kamança olduğu istər-istəməz nəzəri cəlb edirdi. 

Qeyd edək ki,  Mahnı  Teatrındakı  konsertdə  ansambl salona toplaşanları sözün əsl mənasında  olduqca  rəngarəng musiqi proqramı   ilə  qarşı-qarşıya  qoydu. Bu mənada  proqramda həm xalq mahnı və rəqsləri, həm Azərbaycan, həm də avropa bəstəkarlarının yaradıcılığından  nümunələr  yer  almışdı. 

Ansamblın ifasında “Sevinci” xalq rəqsi, Qara Qarayevin “İldrımlı yollarla” baletindən rəqs, Edvarq Qriqin “Per Qünt” süitasındam “Anitranın rəqsi”, “Karib dənizinin quldurları” kinofilmindən fraqment, Nazim Quliyevin “Cavidi düşünərkən”  əsəri  səsləndirildi. Bu sırada ansamblın müşayiəti ilə sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın dosenti Abbasqulu Nəcəfzadənin ifasında (ney və zurnada) “Şərq melodiyaları”, Azərbaycan Respublikasının Əməkdar artisti Fərid Əliyevin ifasında (vokal) “Günəşim mənim”  Neopolitan xalq mahnısı, Ramiz Əliyevin ifasında (fleyta) Henri Mançininin “Çəhrayı pantera”, Vahid Babayevin ifasında (qarmon) “Yok” Moldov rəqsi təqdim olundu. Eyni zamanda ansamblın müşayiəti ilə Əməkdar artist Elza Seyidcahan “Ulu Öndər”, “Üşüyorum”, “Sakit okean” mahnılarını  da səsləndirdi.  Bundan  əlavə,  Tofiq Quliyevin “Sevgi valsı”, Siyavuş Kəriminin “Ömrümün istəyi”, Habil Əliyevin “Güləsən gərək” mahnılarını  Gülnaz İsgəndərova  və  Sərxan Bünyadzadə  ifa etdilər. Konsert proqramı Ağabacı Rzayevanın “Azərbaycan torpağı” mahnısının səslənməsi ilə başa çatdı.

İfa olunan hər bir nümunələr ansambl üçün    Arzu  Səlimova tərəfindən işlənmişdi.  Proqramda yer alan bütün əsərlərin həm ifaçılıq, həm də nümunələrin işlənməsi baxımından yüksək peşəkarlıqla təqdimi  bu işin arxasında nə qədər böyük zəhmətin, tələbkarlığın dayandığından xəbər verirdi. 

Sonda   Xalq artisti, professor  Ramiz Quliyev və  Əməkdar  İncəsənət xadimi  Arif Əsədullayev   çıxış  edərək  ansamblın fəaliyyətindən,  yüksək peşəkar ifasından və ümumiyyətlə,  bu cür ansamblın yaranması  təşəbbüsünün böyük  əhəmiyyətindən söz açdılar.  Konsert  proqramının zəngin olduğunu vurğulayaraq ansamblın rəhbəri və dirijoru Arzu Səlimovanı təbrik etdilər.

Salona  toplaşanların  simasındakı yüksək təəssürat və sonda arası kəsilməyən  sürəkli  alqışlar  bu  konsertin  hələ  yaddaşlarda  uzun müddət yaşayacağına  şübhə yeri qoymadı.

Fərdin MƏMMƏDLİ, 
Musiqişünas, Ü.Hacıbəyli təqaüdçüsü

 





16.05.2015    çap et  çap et