525.Az

"I Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyuram"


 

"I Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyuram"<b style="color:red"></b>

Müsahibimiz Türkiyədə yeni fəaliyyətə başlayan  “Ural” Təhsil, Mədəniyyət və Strateji Araşdırmalar Dərnəyinin rəhbəri Bülənt Maşaoğludur. Bizimlə söhbət zamanı o, yeni qurumun yaranma səbəbləri, əsas  fəaliyyət istiqamətləri barədə danışıb.

- Mən özüm İstanbul Universiteti Siyasi bilgilər fakültəsini bitirmişəm. Hazırda Türkiyədəki dostlarımızla bir araya gələrək “Ural” Təhsil, Mədəniyyət və Strateji Araşdırmalar Dərnəyini qurduq.  Onu da vurğulayım ki, “Ural” Təhsil, Mədəniyyət və Strateji Araşdırmalar Dərnəyi, “Dildə, fikirdə, işdə birlik” qayəsi ilə yola çıxaraq, türk dünyasında bu şüarın gerçəkləşdirilə bilən olduğunu göstərmək və bu sahədə sosial, mədəni, iqtisadi layihələrdə dünyada bu düşüncənin müdafiəçisi olmaq və fərdi olaraq türk dünyasına yönəlik çalışmalarımızı daha mütəşəkkil və effektiv edə bilmək adına belə bir işə girişdik. Məqsədimiz türk dünyasına yönəlik təhsil və mədəniyyət sahələrində qardaşlıq bağlarının güclənməsi və bütün türk xalqlarının bir-birini daha yaxşı tanıması, qaynayıb-qarışmasını təmin etməkdir. Türk dünyasından Türkiyəyə gələn tələbələrə gərək maddi, gərəksə mənəvi dəstək göstərmək ilk vəzifələrimizdəndir. Tək bir soydan gələn, eyni dilə və eyni mədəniyyətə sahib insanların bir çox ortaq payda da buluşub ortaq layihə istehsal edib, dünyaya yön verməsi daha asan olmalıdır.

- Yeni təşkilatınız türk xalqlarının təhsil və mədəniyyət sahəsində əlaqələrində hansı boşluqları doldurmağa töhfə verə bilər?

- Bu barədə bəzi layihələrimiz var. Məsələn, “URAL” ın bəzi layihələri bunlardır: Strateji mənada türk dünyasının problemlərinə həll yolları tapmaq və səlahiyyətli orqanlarla paylaşmaq, türk dünyasının hər hansı bir bucağında olan problemdə, gərək Türkiyədə, gərəksə türk dünyasının digər bölgələrində gündəm formalaşdırmaq, türk dünyası tələbələrinin təqaüd imkanlarını genişləndirmək, türk dünyası ölkələrində mədəni bağlılığı artırmaq. “URAL” yuxarıda saydığımız və digər bir çox fikir və layihələrlə türk dünyası birliyinin dəstəkçisi olmaq və bu fikrin xəyal deyil, gerçəkləşdirilə bilən olduğunu göstərmək məqsədi güdür.

Qərb dünyası, təəssüf ki, bu oyunların çox-çox az bir qismini Şərq ölkələrinə həvalə edir. Məsələn, biz illərdir, Dünya Olimpiadalarını almaq üçün çalışırıq, amma təəssüf ki, lobbimiz yetərsizdir.

- Siz Bakıda keçiriləcək ilk  Avropa Oyunları ilə bağlı nə düşünürsünüz? Türk dünyasında bu cür oyunların keçirilməsini necə qiymətləndirirsiniz?

- Öncə bunu söyləmək istəyirəm ki, bu cür beynəlxalq oyunların keçirilməsi  türk dünyası üçün çox əhəmiyyətlidir. İlk növbədə bunun əhəmiyyəti ölkənin tanıdılması ilə bağlıdır. Bəllidir ki, beynəlxalq idman, mədəniyyət yarışları, tədbirləri ölkələrin daha çox tanıdılmasında mühüm rol oynayır. Digər tətəfdən turizm baxımından əldə edilən gəliri də qeyd etmək lazımdır.  Bu tədbirlər zamanı turizmdən gələn gəlir onun təşkilinə çəkilmiş xərclərdən müqayisəyəgəlməz dərəcədə çoxdur. O da bəllidir ki, bəzi dəyərlər var ki, bunu maddiyyat ilə ölçmək olmaz. Ölkənin tanıdılması, onun dünyadakı imicinin daha da gücləndirilməsi də bu sıradandır. Məsələn, Avropa və Amerikada hələ Türkiyənin adını və yerini bilməyən insanlar  vardır.

Ancaq futbol, “Eurovizion” kimi sahələrdə uğurlu olmaq, ölkəmiz barəsində məlumatları onlarda artırır. Elə ölkələr var ki, sırf bu tanıdılma üçün lobbi quruluşlarına milyardlar xərcləyirlər. Azərbaycanda bu işlər üçün edilən yatırımlar, oyunların sonunda yenə Azərbaycan torpaqlarında qalacaq və Azərbaycan xalqının istifadəsinə veriləcək. Mən bu səbəblərdən ötrü bu oyunların Azərbaycanda keçirilməsindən böyük qürur duyuram. Kaş ki, bu cür fəaliyyətlər bütün türk dünyasında davamlı olaraq həyata keçiriləydi. Amma siz də bilirsiniz ki, Qərb dünyası, təəssüf ki, bu oyunların çox-çox az bir qismini Şərq ölkələrinə həvalə edir.

Məsələn, biz illərdir, Dünya Olimpiadalarını almaq üçün çalışırıq, amma təəssüf ki, lobbimiz yetərsizdir.

Bizim düşüncələrimiz arasında UEFA Kuboku bənzəri “Türk Dünyası Kuboku” düzənlənməsi, bütün idman növlərində ortaq fəaliyyət göstərmək var. Məsələn, önümüzdəki dönəm Dünya Olimpiadalarını türk dünyası olaraq alsaq, tayı-bənzəri olmayan, bir tanıdılma və birlik göstərmiş olarıq. Təbii ki, biz Türkiyədə bunlar üçün ancaq lobbi çalışması gerçəkləşdirə bilərik. Türk dünyası ölkələrinə könül vermiş bütün ictimai birliklər öz ölkələrində lobbi çalışması ilə məşğul olsa, gələcəkdə də bu cür Oyunların türk dünyası ölkələrində keçirilməsinə töhfə verə biləcəklərinə inanıram. Azərbaycana isə qarşıdakı oyunların keçirilməsində uğurlar arzu edirəm. Əminəm ki, Azərbaycan Avropa Oyunlarına çox uğurlu ev sahibliyi edəcək. 

PƏRVANƏ

 





16.05.2015    çap et  çap et