525.Az

Şair Nazim Əhmədli Gənc Ədiblər Məktəbinin qonağı olub


 

Şair Nazim Əhmədli Gənc Ədiblər Məktəbinin qonağı olub<b style="color:red"></b>

Mayın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib.

Görüşün budəfəki qonağı AYB-nin  Ədəbiyyat Təbliği Bürosunun direktoru şair Nazim Əhmədli olub.

Tədbiri giriş sözü ilə GƏM-nin koordinatoru, şair Emin Piri açıb. Qonağı gənc yazarlara təqdim edərək, Nazim Əhmədlinin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatı üçün gördüyü işlərdən söz açıb:

“Nazim Əhmədli istedadlı şair olmaqla yanaşı, həm də ədəbiyyatımızın uğurlu təbliğatçısıdır. Azərbaycan ədəbiyyatını, ədəbi düşüncəsini yaymaqla məşğuldur. Paralel olaraq, özü də şeirlər yazır, ədəbi mühitdə fəal iştirak edir. Bir neçə kitabı artıq çap olunub, hazırda üç kitabı çapa hazırlanır”.

Nazim Əhmədli görüş iştirakçılarına öz yaradıcılığından danışıb, gənc yazarlara tövsiyələrini verib:

“İstedad Allah vergisidir. Bu vergidən elə yararlanmalıyıq ki, ilahiliyi, göylərə məxsusluğu itməsin. Əgər diqqət etmisinizsə, şeirlərimdə göy anlayışı mühüm yer tutur:

Ötən dərdin bir anıyam,
Xatirələr dumanıyam.
Göy üzünün adamıyam,
Göy özünə çəkir məni.

Yaradıcılıqda özünəməxsusluğu qorumağı əsas şərt hesab edən N.Əhmədli gəncləri təsirə düşməkdən qaçmağa çağırıb:

“Şair, yazıçı elə yazmalıdır ki, hətta imzası olmasa belə, hər sözü, hər cümləsi onu ələ versin. Əgər yaddaşlarda yaşamaq, unudulmaq istəmirsizsə, hər vəchlə təkrardan, təsir altına düşməkdən qaçmalısız”.

Qonaq heç kəsi təkrarlamamağı, yalnız özü olmağı, öz adıyla, öz sözüylə irəliləməyi qarşısına məqsəd qoyduğunu bildirib:

“Soruşanlar olur ki, niyə daha çox heca vəzninə, gəraylıya üstünlük verirsən. Düşünürəm ki, bu, mənim yolumdur. Sərbəst şeirdə yazıram. Düzdür, kifayət qədər sərbəst vəzndə yazılmış şeirlərim var, amma mən daha çox özümü heca vəznində, gəraylıda tapıram. Bu da var ki, gəraylını hər adam yaza bilmir, onun yazı texnikası bir qədər çətindir.

Açığını deyim ki, mən heç kəsi təkrarlamaq istəmirəm. Bunu da nəzərə almaq lazımdır ki, şeir, poeziya üçün ölçü önəmli deyil. Əsas önəmli olan mətn və mətndə döyünən ürəkdir. Təbiət etibarilə ənənələrə sadiq adamam, ancaq yeniliklərə də həmişə açığam:

Anamın
hələ dil açmamış
beş körpəsi böyümədi
elə uşaq qaldılar.
Bir az anama,
bir az atama
bir az da
torpağa oxşayırdılar...
Nə özləri böyüdü, nə dərdləri,
nə də paltarları...

Azərbaycan ədəbiyyatının dünyada yetərincə tanınmaması ilə bağlı məsələyə də toxunan Nazim Əhmədli gələcəyə nikbin baxır:

“Mən sizi əmin edirəm ki, çağdaş Azərbaycan poeziyasının ən üzdə olan və istedadlı nümayəndələrini beynəlxalq səviyyədə lazımınca təbliğ edə, tanıda bilsək, hətta “Nobel” də ala bilərik. Çünki Azərbaycan ədəbiyyatı düşündüyümüzdən, göründüyündən çox dərindi”.

Şairə Fərqanə Mehdiyeva Nazim Əhmədli yaradıcılığının fərqli nöqtələrinə toxunub:

“Hələ orta məktəbdə oxuyanda “Yaşıl budaqlar” almanaxını alıb oxumuşdum. Nazim Əhmədlinin də imzasını ilk dəfə həmin almanaxda görmüşdüm. Şeirləri çox xoşuma gəlmişdi. Bu vaxta qədər də həmin duyğu məni tərk etməyib. Amma Nazim Əhmədli öz enerjisini daha çox ədəbiyyatın təbliğatına yönəldib.

Bu yolda da kifayət qədər uğurla addımlayır. Keçirdiyi görüşlərdə, tədbirlərdə dəfələrlə iştirak etmişəm. Mənə elə gəlir ki, hər adam bu yükü qaldıra bilməz”.

Dayandur Sevgin, Yafəs Türksəs, Qəşəm Nəcəfzadə də N.Əhmədli yaradıcılığı və ümumilikdə Azərbaycan ədəbiyyatı, onun problemləri barədə danışıblar.

Bundan sonra N.Əhmədli sualları cavablandırıb, öz şeirlərini oxuyub, gənclərin yaradıcılıq nümunələri ilə tanış olub.

Cavid QƏDİR

 





16.05.2015    çap et  çap et