525.Az

Nobel prospektinin təmirə bağlanmış hissəsi açılıb


 

Nobel prospektinin təmirə bağlanmış hissəsi açılıb<b style="color:red"></b> Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1,6 kilometrlik hissəsi bu axşamdan nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq açılıb.
 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən APA-ya verilən məlumata görə, əvvəllər prospektin bu hissəsində səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yox idi.

Nəticədə yağış yağarkən yolun hərəkət  hissəsində gölməçələr əmələ gəlirdi. Bu isə öz növbəsində asfalt-beton örtüyünün sıradan çıxmasına  səbəb olurdu. Bunu nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sözügedən ərazidə yağış-kanalizasiya sisteminin qurulması və asfalt-beton örtüyünün yenilənməsi üçün təmir-tikinti işlərinə başlayıb.
 
Görülən işlər nəticəsində Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə doğru istiqamətdə səth suların normal axıdılması üçün 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub.

Asfalt-beton örtüyünün üst qatı qaşınaraq, təqribən 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənib, yolda kommunikasiya xətlərinə 60-dan artıq baxış qapağı qoyulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib. Bundan əlavə, yol boyu 3 min poqon-metr səki daşı düzülüb.
 
Qeyd edək ki, “Azəryolservis” tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir.

Təmir işləri tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və işlərin vaxtında yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər olunub.
 





18.05.2015    çap et  çap et