525.Az

Məhək daşı


 

Məhək daşı<b style="color:red"></b>

Başlandı...

Doğma Azərbaycanımda keçiriləcək I Avropa Oyunlarının MƏŞƏLİ alovlandı...

Odlar Yurdunun qədim “Atəşgah” məbədindən od almış bu məşəl estafeti bir-birinə ötürən mindən çox Azərbaycan övladının əllərində Vətənimizə səyahətə çıxdı...

Bu, illər sonra hələ dünyanı çox gəzib dolaşacaq, bəşər mədəniyyəti tarixinin çox dönəmlərinə işıq salacaq, amma onun Vətəni, doğulduğu torpaq, od aldığı ocaq həmişə AzƏrbaycan olacaq!..

...Azərbaycan Prezidenti cənab İlham Əliyevin və I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın  Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə məşəli alovlandırıb göylərə ucaldaraq vüqarla irəliyə doğru addımladığı o tarixi anların hər saniyəsini gözlərimə köçürməyə can atdım. 

Prezident bu qutsal əmanəti I Avropa Oyunlarının ilk məşəlçisi, tanınmış idmançımız, bizim gənclik illərimizin qüruru olan olimpiya çempionu Rəfiqə Şabanovaya ötürərkən bu Azərbaycan qadınının üzündəki ifadəyə diqqət yetirdim...

Mehriban xanımın və Patrik Hikkinin müşayiəti ilə məşəl əlində irəliyə doğru, gələcəyə doğru hərəkətində Prezidentin rastına ilk çıxan Azərbaycan vətəndaşı idi - Rəfiqə xanım...

Həm də təcrübəli idmançı, olimpiya çempionu kimi belə  idman tədbirlərinin bir dövlət üçün nə demək olduğunu yaxşı anlayan, bu məşəli daşımağın mahiyyətini yaxşı bilən vətəndaş...

Təbrikdən sonra bir anlıq dövlət rəhbərimizə nəsə demək istədi elə bil, amma fərəh hissindən dili də söz tutmadı və minnətdarlıq duyğularını sadəcə baxışları ilə sezdirib, estafeti növbəti ünvanına ötürmək üçün tələsdi...

O anlarda, məhz o anlardaca mənə elə gəldi ki, indi Azərbaycan xalqının hər bir təmsilçisinin üzündə eyni işıqdan var, xalqın uşaqdan böyüyə hər bir təmsilçisinin eyni minnətdarlıq baxışları Azərbaycan Prezidentinə dikilib, hər kəs öz şükranlıq duyğularını çatdırmaq üçün söz tapa bilməyib, bunu nəzərləri ilə yetirmək istəyir...

lll

Maksim Qorkinin "Dankonun qəlbi" əfsanəsində xalqın ən ümidsiz, çıxılmazlığa düşkün anlarında DANKO adlı cəsur bir gənc önə çıxıb insanları öz ardınca irəliyə, keçilməz meşənin o biri üzündəki işığa doğru səsləyir.

Göy gurultusunun ətrafı bürüdüyü, ildırımların çaxdığı bir vaxtda yorğun insanlar ümidsizcə onun ardınca irəliləyirlər, bu yolda çətinlikləri, itkiləri çox olur. Və bu yolun qorxudan, çarəsizlikdən insanların gözlərinin böyüdüyü  zülmət bir  anında Danko öz ürəyini sinəsindən çıxarıb məşəl kimi başı üzərində qaldırır...

"...Onun ürəyi günəşdən daha parlaq idi. Dankonun ürəyindən meşəyə gözqamaşdırıcı bir işıq yayıldı. İnsanlar təəccübdən daş kimi donub qaldılar. Danko irəli çıxdı, insanlara irəliləmələrini söylədi. Getdilər, getdilər…”

Azərbaycan torpaqlarında Avropa Oyunlarının ilk  məşəlinin alovlandığı o tarixi anlarda həmin əfsanə bax beləcə ruhuma çökdü...

İyunun 8-nə qədər yer üstündə avtobusla, funikulyorla, velosipedlə, yer altında Bakı metrosunun qatarları ilə, suda qayıqla, havada təyyarə ilə Vətən torpağının hər bir guşəsini dolaşacaq, hər bir guşəsinə  işıq saçacaq, öz hərarəti ilə hər bir guşəsini isidəcək o MƏŞƏL sevgi dolu bir qəlb kimi göründü mənə... 

Və bu sevginin işığında Azərbaycanın nurlu gələcəyi kimi, keçib gəldiyi keşməkeşli yollar, qanlı-qadalı illər də bir anlıq gün üzünə çıxdı...

lll

İlahi, tariximizin bu sevinc anlarına yetişmək üçün nələrdən keçdik, nə acılar yaşadıq, nə iztirablar çəkdik...

Biz illər əvvəl də Azərbaycanda bu cür mədəniyyət çıraqlarının alovlanması həsrətini çəkərkən, bu çırağın işığında tariximizin, milli sərvətlərimizin zənginliyini dünyaya göstərməyə can atarkən qismətimiz paytaxtın ən hündür nöqtəsində şəhidlərimizin xatirəsinə alovlanan ƏBƏDİ MƏŞƏLLƏR oldu...

Qarı düşmənin yandırıb  tar-mar etdiyi qərib yurdlarımız oldu, tüstüsü ərşə çıxan doğma yuvalarımız oldu.

Amma şükürlər ki, gəlib yolun bu məqamına da yetişə bildik!..

Bundan sonra ancaq İŞIQ var,  AYDINLIQ var, gələcəyə doğru nizamlı hərəkət var, bir zamanlar bizə acılar yaşadanlardan yüksələn rifahımızla, artan gücümüzlə, getdikcə möhkəmlənən birliyimizlə bütün olanların öcünü almaq var...

Və bir də ETALON var, SINAQ var və... MƏHƏK DAŞI var...

lll

...2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarı tarixi bir qərar idi.

Bu möcüzəni Azərbaycanın inkişafı sayəsində gerçəkliyə çevirmək mümkün oldu.

Bu həm də Azərbaycanın sosial-iqtisadi inkişafına söykənən qərar idi.

Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdi. Bunu Azərbaycan Prezidenti də öz  çıxışında xüsusi vurğuladı və xalqımız üçün həm böyük şərəf, həm də məsuliyyət kimi qiymətləndirdi.

"Vaxtımız məhdud idi, - dedi Prezident. - Ona görə biz dərhal işə başladıq, Təşkilat Komitəsi yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır".

Dünyanın başqa inkişaf etmiş ölkələrində də belə genişmiqyaslı oyunlar keçirilir, amma o ölkələrin belə tədbirlərə hazırlaşması, lazım gələn hər şeyi yerbəyer etməsi üçün uzun illər sərf olunur.

 Bu gün tikdiyini sabah bəyənmirsən, nəyinsə yerində olmadığını, nəyinsə yararsız olduğunu iş başa çatandan sonra anlayıb, ilk fürsətdəcə inşaat işlərinə yenidən başlayırsan.

Bunun açılış mərasiminin, idman yarışlarının keçiriləcəyi arenaları var, bu arenaların düzgün yerlərdə planlanması, ölkəmizə gələn nümayəndə heyətlərinin, media mənsublarının, oyunları izləmək üçün təşrif gətirmiş turistlərin gecələməsi üçün yerlərin - olimpiya kəndlərinin, media kəndlərinin, hotellərin hazırlanması var, xidmət infrastrukturunun formalaşdırılması, insanların keçib getməsindən ötrü yolların sahmana salınması, şəhərlərimizin abadlaşdırılması var...  

Bir-biri ilə qarşılıqlı əlaqə tələb edən, böyük zəhmət hesabına başa gələn bu qədər iş arasında qarşılıqlı nizam və sinxron ahəng yaratmaq və bunların hamısını eyni zamanda başa çatdırmaq böyük hünər tələb edir.  

Azərbaycanın qısa müddət ərzində - cəmi iki il yarıma bu qədər işin öhdəsindən gələ bilməsi, bu möhtəşəm mədəniyyət tədbirinin təşkili üçün lazımi idman infrastrukturunun formalaşdırılması, Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimizin, dövlət rəhbərimizin də qeyd etdiyi kimi, mövcud standartların ən yüksəyinə uyğunlaşdırılması, nəqliyyat infrastrukturunun yenilənməsi, müasirləşdirilməsi bir Azərbaycan möcüzəsidir.

Bu möcüzəni Prezident İlham Əliyev yaratdı, Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva yaratdı... Qoşa qanad kimi - bir-birinə dəstək olub Vətən naminə, Müstəqillik və Azadlıq, Bolluq və Bərəkət naminə qurub-yaratdılar bu Möcüzələri...

Və Azərbaycan Prezidentinin qədim “Atəşgah” məbədində yandırdığı o MƏŞƏL Azərbaycanın demokratik inkişafının, ardıcıl tərəqqisinin MƏHƏK DAŞI oldu...

lll

İlk dəfə qədim Yunanıstanda olimpiya oyunları təşkil edilərkən insanların yarış kefini pozmamaq üçün hətta müharibələri bir neçə müddətlik dayandırardılar.    

Sevinirəm ki, Azərbaycanda böyük dövlət adamı Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik kursundan, dövlət rəhbərimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdən qaynaqlanan, bu siyasətdən güc alan sabitlik, əmin-amanlıq hökm sürür.

Azərbaycanda müxtəlif xalqların, dinlərin təmsilçiləri, ayrı-ayrı dillərin daşıyıcıları bir ananın övladları kimi uzun zamanlardır əl-ələ, ürək-ürəyə yaşayır.

Burada heç kimə "sən doğma, sən yadsan" deyən yoxdur...

Azərbaycanda heç kim özünü qərib sanmır, qürbətdə hiss etmir...

Hər yerdə sabitlik, əmin-amanlıq, ictimai asayiş göz bəbəyi kimi qorunur, təhlükəsizlik məsələləri yüksək peşəkarlıq səviyyəsində təşkil olunur, bir sözlə, dövlətimizin müvafiq institutları, hüquq-mühafizə orqanları sərvaxt iş başındadırlar. Min şükür!..

Mədəniyyətlər arasında savaşın, müxtəlif mədəniyyətlərə aidlik duyğusunun insanları bir-birinə qənim kəsdirən çağdaş dünyamızda Azərbaycandakı tolerantlıq mühiti bütün dünyanın öyrənib barınmalı olduğu nadir bir təcrübədir  əslində...    

Bu düşüncələr içində I Avropa Oyunlarına görülən hazırlıq işlərinin mənim üçün başqa bir rəmzi məqamını da xatırlayıram. Bu Oyunlar bitəndən iki il sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək.

Bir tərəfdə I Avropa Oyunlarının timsalında - Qərb, bu biri tərəfdə İslam Həmrəylik Oyunlarının timsalında - Şərq.

İki dünya, iki sivilizasiya, gələcəyə iki baxış...

Və bunların hər ikisinin arasında qərar tutub dünyamızın xoş gələcəyi üçün, insanların bir daha müharibə qurbanlarına çevrilməməsi üçün, qanlı qırğınların gətirdiyi yetimlik, didərginlik, ölüm duyğusunun körpə qəlblərdə yuva qurmaması üçün, körpələrə indikindən daha rahat, indikindən daha xoşbəxt, indikindən daha firavan bir dünyanın qurulmasından ötrü ən kiçik imkanlardan belə istifadə etməyə can atan, sivilizasiyaları birləşdirən, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səy göstərən müstəqil Azərbaycan dövləti...    

Düşünürəm ki, bu gün Azərbaycanı el-el, oba-oba, oymaq-oymaq dolaşıb yerin altında torpağı isindirən, yerin üstündə yollarımızı  aydınladan, səmadan alov dilimləri ilə üzümüzə nur saçan o MƏŞƏL ölkəmizdəki sabitliyin, tolerantlığın, Azərbaycanın mədəniyyətlər arasında dialoq məkanı olmaq əzminin də MƏHƏK DAŞIDIR...

lll

Bütün bunlarla yanaşı, biz yenə milli dövlətçilik yolumuzun hər iki kənarında düşmənlərimizin səf tutub fürsət gözlədikləri həssas bir yerindəyik.

Yer üzündə artıq müstəqilliyinin 24-cü ilini yaşayan Azərbaycan adlı dövlətin olması çoxlarının yuxusuna haram qatır.

Bu dövlətin rəhbərinin heç kimin fənd-felinin, təzyiq və təhdidlərinin təsirinə düşmədən, özgür mövqeyindən geri çəkilmədən xalqı doğru bildiyi  yolla gələcəyə aparması və irəliyə doğru hər addımında Azərbaycanın qazandığı tarixi uğurlar çoxlarını təşvişə salır...

Əsrlərdir xalqların faciələri üzərində siyasət quranlar, ölkələrin sakit həyatını, düzənini pozub dünyanı qana çalxalayanlar, Amerika yazıçısı Mark Tvenin təbirincə desək, kasıb xalqların göz yaşlarını brilyanta çevirənlər, ağ xanimanlarda əyləşib sadə insanlara qara günlər yaşadanlar bizi də yenə acıların, qan-qadanın, faciələrin ağuşuna itələmək istəyirlər...

...Ay sizin!.. Yuxunuzda görərsiniz...

lll

Bakıda keçiriləcək belə mötəbər yarışlar ərəfəsində dünyanın nəzərlərinin  Azərbaycana zillənməsi bədxahlarımıza daha bir fürsət verib. 2012-ci ildə Bakıda düzənlənmiş "Evrovision" beynəlxalq mahnı yarışmasının keçirildiyi günlər sayaq, yenə Azərbaycana qarşı bədxahlar xoru səslənir.

Sözünü üzə deməyə təpəri, içindəki məkrli niyyətləri üzə çıxarmağa səmimiyyəti çatmayan qüvvələr min bir fitnə-fəsad düşünürlər. Xarici nəşrlərdəki muzdlu mirzələrə ölkəmizə qarşı min bir iftira yazdırırlar. Azərbaycanın mövqeyini sarsıtmaq, real həyat həqiqətlərini təhrif etməkdən ötrü min bir dona girirlər.

Nə yazıqlar ki, belə qüvvələrin əlində alətə çevrilən, şeytanın çatdığı ocağa odun daşıyan, Azərbaycana qarşı əməlləri ilə bu qüvvələrin məkrli niyyətlərinə xidmət edən öz  bədxahlarımız da var.

Bu gün Azərbaycan ellərini dolaşan o məşəlin işığı, nə yazıqlar ki, belə bədxahların da üzərinə düşür və bədxahlığın, nankorluğun, doğma yurda naqis münasibətin də yığnağını - MƏHƏK DAŞINI nişan verir...

...Axı Vətən və Dövlət sınaq qarşısındadırsa, biz Vətən Daşları da öz məsuliyyətimizi dərk etməliyik!..

lll

Milli etnoqrafiyamıza, adət-ənənələrimizə az-çox bələd olanlar təşkilində ümumun iştirakı lazım gələn, elliklə köməyə ehtiyac duyulan işlərin xalq arasında necə böyük coşqu yaratdığını yaxşı bilirlər.

Bu, xalqımızın içimi rəğbət hissi ilə titrədən ən gözəl xüsusiyyətlərindən biridir.

İnsanlarımızın bu halını həmişə sevmişəm...

Xeyir işlərdə, eldən uzaq - hüzr məclislərində insanlar məclis sahibinin qohum, yad olduğuna təfavüt qoymadan qol çırmayıb işə girişirlər, gəlib-gedənləri o ocağın, o elin, o ulusun adına, nüfuzuna layiq qarşılayıb yola salmaqdan ötrü hərə bir işin qulpundan tutmağa, bacardığı qədər əl-ayaq verməyə çalışır.  

Bir insanın başqalarına münasibəti də məhz belə anlarda üzə çıxır. O qələbəliyin içində bir qırağa çəkilib ətrafdakı coşqunu, köməkdarlığı paxıl nəzərləri ilə izləyənlər, yalnız içindəki məkri,  kin-küdurət xıltını sinirə bilməyənlər olur, amma heç kim onların varlığından narahat olmur, heç kim onların fürsət tapmışkən atdıqları atmacalara, işi pozmaq, könül bulandırmaq cəhdlərinə fikir vermir.

Və o adamlar toplum üçün heç bir əhəmiyyət kəsb etmədiklərini, diqqət mərkəzində olmadıqlarını anlayınca suları süzülə-süzülə çəkilib gözdən itirlər.    

Bu gün Azərbaycan dünyamıza SÜLH, SABİTLİK, DOSTLUQ, ÜNSİYYƏT gətirən böyük bir xeyir işin astanasındadır. I Avropa Oyunlarına hazırlıq ərəfəsində cəmiyyətdə xalqımızın mənəviyyatından gələn o coşqunu, o qələbəliyi görürəm.

Şose yolun qonaqlar üçün hazırlanmış zolağına çıxıb görülmüş işi korlamağı özünə rəva görməyən bir sürücünün, gözə pis görünməsin deyə mənzillərinin eyvanını səliqə-sahmanlı saxlayan bir ev xanımının, əcnəbilərlə rahat ünsiyyət üçün dil biliklərini təkmilləşdirən, əynindəki mundiri təzələnən bir polisin, insanlara bu idman tədbirinin mahiyyətini anlatmaq üçün yazılar yazan bir jurnalistin, sosial şəbəkələrdə bu tərbirlə bağlı yenilikləri, audiovizual materialları paylaşan sıravi vətəndaşların davranışları mənə bu El Birliyini xatırladır.

Bu, "Eurovision" ərəfəsində də belə idi, indi də belədir.

Onda da bizi istəməyənlərin, uğurlarımızı gözləri götürməyənlərin, işimizə pəl vurmağa çalışanların hay-küyü əvvəl-əvvəl qulaq batırırdı. Amma zaman keçdikcə, Azərbaycan o müsabiqəyə daha əzmlə, daha tədbirli tərzdə hazırlaşdıqca, o mənasız çığırtılar da tədricən öləziməyə başladı. 

Və bu beynəlxalq mahnı yarışmasının tarixində Azərbaycanın müsabiqənin təşkili səviyyəsinə görə yeni bir maksimum, yeni bir norma, yeni bir standart müəyyənləşdirməsi bədxahlarımızın səsini birdəfəlik batırdı. Ortalarda bu təntənəyə ürəkdən şadiman olan, Vətənin daha bir nailiyyətinə sevinən xalqın sevgi təntənəsi qaldı.

İndi də belədir, belə olmalıdır və belə də olacaq!..

Çünki göz önündə gündən-günə inkişaf edən, tarixinin ən qüdrətli çağlarını, ən böyük uğurlarını yaşayan bir Vətən, bu uğurları sadə insanların həyatına gətirən bir Prezident və öz ölkəsinin uğurlarına sevinən, onların davamlı olmasını Tanrıya ünvanlanmış müqəddəs dua kimi zikr edən, öz Prezidentini sevən, apardığı haqq işində ona dəstək olmağa çalışan qədirbilən bir xalq var.

İndi ellərimizi dolaşan o məşəl bu sevginin, bu dəstəyin, Vətən adına qazanılmış bütün uğurlarımızın da MƏHƏK DAŞIDIR.

lll

Dünyada çox dövlətlər mövcud olub. Çox mədəniyyətlər təşəkkül tapıb. Amma aradan əsrlər keçəndən sonra onlardan yalnız elələri haqqında əminliklə danışa bilirik ki, əlimizdə bu dövlətlərdən, bu mədəniyyətlərdən kiçik də olsa bir nişanə var. Torpağın köksündə o dövlətdən qalmış hansısa bir daş parçası, bir qala, bir maddi-mədəniyyət abidəsi dikəlir.   

Dövlət tarix kitablarına düşməklə dövlət olmaz, dövlət özünü təkcə salnamələrdə, dillərdə dolaşan nəğmələrdə, nağıllarda, dastanlarda ifadə etməz.

Dövlət də ev kimi tikilməlidir, bina edilməlidir!..

Bu gün ölkəmizdə tikilib-qurulan hər bina Azərbaycan dövlətinin bir bina qədər də maddiləşməsidir, böyüməsidir, bu torpaqlarda daha da möhkəmlənməsidir.   

I Avropa Oyunları ərəfəsində bu yarışlara  hazırlıq məqsədilə inşa edilən bütün infrastruktur obyektləri, tikilən arenalar, çəkilən abad yollar, salınan parklar hamısı bu millət üçündür.

Avropa Oyunları cəmi bir neçə gün sürəcək və müasir dünyamızın önəmli mədəniyyət hadisələrindən biri kimi bütün təntənələri, xoş təəssüratları, ənənələri ilə birgə tarixə, xatirələrə çevriləcək.

Amma bu Oyunlara hazırlıq məqsədilə görülmüş bütün işlər həmişə vaxtın indisində yaşayacaq, bu gün də, sabah da bizlərə, övladlarımıza xidmət edəcək. Mingəçevirdə avarçəkmə yarışlarını bu şəhərdəki idman bazasında yerinə yetirəcək idmançılar üçün tikilmiş yaşayış binalarının işıqlı, yüksək şəraitli mənzillərində yarışlar bitdikdən sonra bizim məcburi köçkün bacı-qardaşlarımız məskunlaşacaq.

O binalardan biz istifadə edəcəyik, o yollardan biz keçəcəyik, o parklarda biz dincələcəyik, biz AZƏRBAYCANLILAR!..

Azərbaycan üçün görülən, Vətən adına ərsəyə gətirilən bütün bu işlərə necə sevinməmək olar?! .

Bu qədər nəcib əməlləri, xeyir niyyətləri gözdən salmağa, iftiralar yazmağa adamın əli necə gələ bilər, zəkası belə xəbis niyyətə necə çalışa bilər?!.

lll

İnsan həyatı çeşidli çətinliklərdən, bir-birini əvəzləyən məişət problemlərindən, saysız-hesabsız qayğılardan heç zaman xali deyil. Axtarsan, bu gün dünyanın özünün və ən varlı adamının da problemi, qayğısı olduğunu görərsən.   

Azərbaycanda da müxtəlif problemlərinin həllinə can atan insanlar var, öz həyatını ürəyi istədiyi kimi qurmağa tələsən, imkanları  ilə arzularını uzlaşdıra bilməyib rəncidə olan adamlar var.

Amma siyasi əqidəsindən, hakimiyyətə münasibətindən asılı olmayaraq hər kəs Azərbaycanda gedən təkamül proseslərinin, hər keçən günün, ayın, ilin cəmiyyət həyatına gətirdiyi müsbət dəyişikliklərin də fərqindədir.

Bütün problemlər, çətinliklər müvəqqətidir. Vətən isə əbədi!..

Və həyatın bütün müşküllərindən çıxış yolu, dünyaya, mənsub olduğun Vətənə, yaşadığın doğma ocağa müsbət nəzərlərlə baxmaqdan, həyatı təkcə ağ və qara fonda yox,  bütün əlvanlıqları ilə birgə görməkdən başlayır.

Hesablamalara görə, bu gün dünyada təxminən 4 minə qədər xalq var və bu xalqlar 6 minə yaxın dildə danışır.

Lakin bu gün bütün dünyada yaşayan o 4 minə qədər xalqın beynəlxalq səviyyədə tanınmış cəmi 192 dövləti var. 6 minə yaxın dil içərisində dövlət dili statusu qazanmış dillərin sayı isə heç 70-i keçmir.

...Və o 70 dilin cərgəsində bu gün müstəqil dövlətimizin rəsmi dili olan Azərbaycan Dili də var.

...Və o 192 dövlətin sırasında müstəqil Azərbaycan Dövləti də var...

...Və Müstəqil Azərbaycan Dövləti bu gün bəşər mədəniyyəti tarixində bir ilk olan I Avropa Oyunlarına ev sahibliyi edir...

Məgər XOŞBƏXTLİK barədə düşünmək üçün bütün bunlar kifayət deyilmi?!.

Ölkə hüdudlarından kənara çıxarkən əcnəbi sərhədçilərə böyük qürur hissi ilə təqdim etdiyimiz yaşıl üzlüklü pasport, bu sənədi bizə vermiş müstəqil Azərbaycan Respublikasına mənsubiyyət duyğusu, danışdığımız dil Yer üzünün hüdudsuzluğunda bizim bir xalq olaraq azad ruhumuzun ifadəsidir.

Vətəndaşlıq qururu, vətəndaşlıq xoşbəxtliyi də elə bu olmalı!..

lll

Ana dili kəlmələrindən tökülmüş mənəviyyat abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanlarına nəzər yetirirəm...

Uca bir dağ zirvəsində bir tonqal alovlanır...

Bu tonqalın işığı yetən uzaq-uzaq dağların başında da bir-birinin ardınca tonqallar sıralanır.

Oğuz elinin adəti vardı axı, Oğuz igidlərini, xatunlarını xoş günlərə səsləyəndə uca bir dağ başında bir tonqal qalanardı. Başqa dağlardan bu alovu görüb orda da tonqal qalayardılar, bütün el-oba bilərdi, geyinib, bəzənib şənliyə gələrdi. İndi isə...

Gəlir...

Alovumuz - o Uca və Qüdrətli əllərdən qüvvət yığan MƏŞƏLİMİZ elləri, obaları dolaşıb gəlir...

İnsanlarımızın ürəyindən nur götürüb yenidən Bakıya qayıdır.

Prezidentimizin qədim “Atəşgah” məbədində I Avropa Oyunlarının məşəlini alışdırdığı o anları izləyərkən bir anlıq yaddaşımda zaman anlayışı itdi, əsrlər arasındakı məsafə ortadan götürüldü, keçmişlə bugün, bugünlə gələcək o  məşəlin işığında birləşdi...

Müstəqil Vətənimizə, azadlığımıza, firavanlığımıza, sabitliyə, əmin-amanlığa, evimizə, ailəmizə olan məhəbbətimiz də, Vətən və Cəmiyyət qarşısında olan vətəndaşlıq mövqeyi də elə MƏHƏK DAŞIDIR və həm də... sınaq meydanıdır...

Və bu daşdan çıxan od-alova, məşələ də ürəyimizin nurunu, məhəbbətini hopdurmuşuq...

O anlardan bəri  düşüncələrimin zirvəsində bir alov dilimlənir.

Bu, Azərbaycanın xoş günlərinə, xoş büsatına səsləyən ALOVDUR!..

Qoy dostlar baxıb sevinsin, düşmənlərin bağrı dəlinsin!.. 

Və eşitsinlər:   BİZ GÜCLÜYÜK!..

Güclülər isə həmişə qalib gəlir!

 





18.05.2015    çap et  çap et