525.Az
Heydər Əliyev – siyasi lider, dahi şəxsiyyət
Hadi RƏCƏBLİ
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru
BU GÜN ÜMUMMİLLİ LİDER, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN NÖVBƏTİ ANIM GÜNÜDÜR
Heydər Əliyev fenomeni, onun siyasi istedadı və unikal şəxsiyyəti barədə külli miqdarda elmi məqalələr yazılmış, dünyanın siyasi texnologiyalar üzrə ixtisaslaşan əksər nəzərriyəçiləri onun əsrlərə sığmayan titanik fəaliyyəti barədə ən müxtəlif prizmalardan tədqiqat işləri aparmışlar və zaman keçdikcə də bu qəbildən olan yazılara həmişə ehtiyac olacaq. Biz Heydər Əliyev siyasi dühasını həm siyasi elitanın formalaşdırıcı və həm də əlahiddə götürülmüş siyasi lider kimi nəzəri-təcrübi kontekstdə öyrənməyi qarşımıza məqsəd qoymuşuq. Fikrimizcə, Heydər Əliyev şəxsiyyətinin həm Azərbaycan siyasətində siyasi elitanın banisi, müəllimi və həmişə istinad ediləcək rəhbəri kimi, həm də ayrıca fenomenal bir fərd kimi vəhdətdə öyrənilməsi böyük siyasi irs olaraq müasir, modern və sivil dövlətçiliyin əsaslarının nəzəri aspektləri baxımından xüsusi əhəmiyyətə malikdir.
Bəşər cəmiyyəti formalaşandan bəri hər bir ictimai-sosial varlıq malik olduğu siyasi formasiyasından asılı olmayaraq, həmişə özünün inkişaf səviyyəsinə uyğun şəxsiyyət və liderə ehtiyac duyur. Hətta insanlar arasında fövqəlfərqliliyin əleyhinə çıxan, ictimai özünüidarəni başlıca ideyası və son məqsədi hesab edən kommunizm təmayüllü ölkələr də siyasi lider amili olmadan fəaliyyət göstərə bilməmişlər və bilmirlər. Bu da təbiidir. Bioloji və sosioloji fərd olaraq insanlar həmişə digər məsələlərdə olduğu kimi siyasi həyat və dünyagörüşlərində də oxşamaq istədikləri və ardınca gedəcəkləri “nümunəvi başçı” axtarışında olublar. Bu axtarışlar insanlarda bioloji kod olaraq genlərdə və təhtəlşüurda yerləşdiyindən, bütün dövrlərdə və xalqlarda mövcud olacaq zəruri bir proses kimi həmişə davam edəcək.
Müasir dövrümüzdə də siyasət aləmi lider yetişdirməyin yeganə doğru mənbəyi olan siyasi elitasız keçinə bilmir və bu baxımdan biz, lider və şəxsiyyət üsün vacib olan bütün keyfiyyətləri “siyasi elita” və “lider” anlayışlarının qarşılıqlı müqayisəli şəklində və nəzəri anlayışlarla praktiki nailiyyətlərin vəhdətində Heydər Əliyev şəxsiyyətində görürük.
Siyasi nəzəriyyədə hamılıqla qəbul olunduğu kimi, siyasi elitaya iki istiqamətdə baxmalıyıq:
Birinci istiqamət siyasi elitanın daha geniş anlamda qəbulunu şərtləndirir ki, bura da bütbölükdə cəmiyyətin bütün təbəqələrinin yalnız müəyyən hissəsi, yəni sosial-iqtisadi dairələrin, ziyalıların, digər peşəkar təsisatların nüfuzlu və tanınmış nümayəndələri daxildirlər.
İkinci istiqamət daha dar çərçivədə və belə ifadə etmək mümkünsə, “peşə” mənasında başa düşülərək hakimiyyət sferasında və dövlət idarəçiliyi ilə (partiyalarla, digər siyasi strukturlarla) peşəkarcasına məşğul olan şəxslər qrupunu ehtiva edir.
Hər iki istiqamət formal olaraq özündə siyasi elitanın bütün komponentlərini əks etdirsə də, biz Heydər Əliyev şəxsiyyətinin siyasi elita ilə birbaşa bağlılığını qismən açmaq üçün daha uyğun gələn ikinci – peşəkar və ya başqa sözlə desək, hakimiyyət sferasına məxsus siyasi elitanın və onun yetişdirdiyi şəxsiyyət-liderin nəzəri təhlilini verməyə çalışacağıq.
Siyasi elitanın ən mühüm elementi siyasi liderdir. Məhz siyasi lider hakimiyyət və idarəçilik sistemini fərdiləşdirərək müvafiq hakimiyyəti bütün cəmiyyətin və ya vətəndaş qruplarının nəzərində təcəssüm etdirir. Yəni siyasi liler digər keyfiyyət və məziyyətləri ilə yanaşı, siyasi elitanı təşkil edən digər şəxslərdən fərqlənən xüsusi, spesifik bir fenomenə də malik olmalıdır.
Heydər Əliyev dünya siyasi arenasında özünü məhz belə lider kimi göstərdi. İstər Azərbaycana başçılıq etdiyi bütün dönəmlərdə, istər Moskvada SSRİ kimi nəhəng və qüdrətli bir dövlətin ən yuxarı hakuimiyyət eşalonunda yüksək rəhbər vəzifələr daşıdığı vaxtlarda, istərsə də çox qısa zaman kəsiyində işsiz qaldığı zamanla Heydər Əliyev sadə adamlardan tutmuş ən böyük siyasi xadimlərin də etiraf etdiyi kimi əlahiddə istedadı və dühası baxımından həmişə fərqlənib. İnsanları müəyyən bir ideya ətrafında və məqsəd uğrunda birləşdirə, səfərbər edə bilmək və bu zaman yaranacaq bütün mümkün çətinlikləri qabaqcadan görmək, onların həllinə əvvəlcədən hazır olmaq qabiliyyəti müəyyən vəzifə tutub-tutmamağından asılı olmayaraq Heydər Əliyevin ayrılmaz təbii xarakterik xüsusiyyəti idi və bu baxımdan o, bir çox siyasətçilərdən fərqlənirdi.
Siyasi liderlik hər şeydən əvvəl istənilən insan cəmiyyətinin fəaliyyətinin universal və ayrılmaz mexanizmi kimi xarakterizə olunmaıldır. Eyni zamanda lider yuxarıların və aşağıların münasibətlərinin saxlanılması, cəmiyyətin özünümühafizə və öz maraqlarının həyata keçirilməsi üçün bu münasibətlərin institutlaşdırılması elementidir.
Bu keyfiyyətlərin hamısını özündə kommunikativ şəkildə birləşdirə bilən Heydər Əliyevin məhz fərdi xüsusiyyətləri dünya siyasətçiləri tərəfindən birmənalı qəbul olunub və çox yüksək qiymətləndirilib. Siyasi liderliyin daha tam, funksional xüsusiyyətləri ümumi dövlət idarəetməsi səviyyəsində daha parlaq təzahür edir. Bu siyasi institutun ən əsas vəzifəsi qərarların işlənilməsi, hazırlanması, qəbul və realizə olunmasını nəzərdə tutan çoxsaylı hərəkətləri, bu prosesdə iştirak edən strukturların fəaliyyətinin koordinasiyasını, bu və ya digər cəmiyyət stratlarının maraqlarının uzlaşdırılmasını və s. nəzərdə tutan geniş əhatəli təşkilati-idarəetmə funksiyalarının həyata keçirilməsidir. Yəni başlıca məsələ idarəetmə və təşkilatçılıq bacarığıdır.
Siyasi liderin ikinci funksiyası münaqişələrin bütün təzahürlərinin minimuma endirə bilməsidir. Hakimiyyətin nümayəndəsi kimi onun fəaliyyəti mövqeyinin gücləndirilməsi, hakim rejimdə stabilliyin saxlanılması məqsədi ilə konfliktlərin minimallaşdırılmasını, siyasi diskussiyaların sakitləşdirilməsini, hakimiyyət uğrunda rəqabətin gərginliyinin azaldılmasını şərtləndirir. Siyasi liderlik – əsas etibarı ilə mövcud idarəçilik sisteminin stabillik amilidir.
Funksiyalardan biri də kommunikativlik bacarığıdır. Əhali ilə xüsusi əxlaqi-etik münasibətlərin subyekti olaraq siyasi lider kommunikativ funksiyanı da yerinə yetirir. Bununla da o, cəmiyyətin nəzərində əhalinin hüquq və azadlıqlarının təminatı üzrə fərdi və siyasi məsuliyyətini və son nəticədə hakimiyyətin məcmu fəaliyyətini təcəssüm etdirir. Kommunikativ funksiya cəmiyyətdə liderin apardığı ən vacib funksiyalardan biridir.
Digər bir funksiya liderin səfərbəredici funksiyasıdır. Liderin səfərbəredici funksiyası dövlətdə və cəmiyyətdə bu və ya digər konkret problemlərin həllinə əhalinin səfərbər edilməsi qabiliyyətini özündə təzahür etdirir.
Başqa bir keyfiyyət liderin yaradıcılıq qabiliyyətidir. Yəni syiasi lider dövlət (siyasi) strukturlarının fəaliyyətini istiqamətləndirərək, özü yaranmış vəziyyəti çağırışlarına mahiyyət etibarilə yaradıcı cavab verməyə, onu adekvat qiymətləndirməyə, müvafiq layihələrə təşəbbüs verməyə, zəruri dəyişikliklərə imkan yaratmağa, idarəetmə fəaliyyətinin üsul və metodlarını təkmilləşdirməyə qabil olmalıdır.
Lider eyni zamanda birləşdirici funksiyaya da malik olmalıdır. Siyasi sinifin ali nümayəndəsi kimi lider hakim elitanı birləşdirmək, onun nüvəsini möhkəmləndirmək, müxalifət və digər qruplarla rəqabət qabiliyyətini yüksəltmək qabiliyyəti ilə fərqlənməlidir.
Bu nəzəri meyarları Heydər Əliyev şəxsiyyətinə tətbiq edəkən hər bir çərçivədə, hər bir funksiyada Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərinin açıldığını görürük. Siyasi liderləri hakimiyyətdə nəzarət səviyyəsinə (iqtidar və müxalifət), fəaliyyət, miqyasına (ümummilli və bölgə), davranış stilinə (avtoritar və demokratik), rəhbərlik xarakterinə (formal və qeyri-formal), sosial dəyişikliklərə və islahatlara münasibətinə (mühafizəkar, islahatçı, doqmatik, fundamentalist), siyasi hərəkatın məqsədlərinə nail olmaqda oynadığı rola (ideoloq, idealist, praqmatik), rəqiblərinə münasibətinə (razılaşdırıcı, fanatik) və s. görə fərqləndirirlər.
Heç təsadüfi deyil ki, xalqımız Heydər Əliyevin dühasında xarizmatik liderə xas olan bütün yüksək məziyyətləri görməklə ona Azərbaycanın ÜMUMMİLLİ LİDERİ adını verib.
Heydər Əliyev şəxsiyyəti öz unikallığı, təkrarolunmazlığı, siyasi xadim üçün xas olan xüsusiyyətləri ilə nəinki bu kriteriyaları əhatə edir, hətta onların əhatə dairəsindən kənara belə çıxaraq, bu siyasi məfhumu politoloji baxımdan zənginləşdirir, məzmun etibarilə çoxşaxəli edir. Siyasətçinin və liderin siyasətdə və tarixdə əbədiliyini və örnək nümunəsi olmasını müəyyən edən bu meyar məhz Heydər Əliyev kimi şəxsiyyətlərin sayəsində cilalanaraq politoloji anlayış kimi siyasi lüğətə daxil olmuş və qəbul edilmişdir.
Heydər Əliyev harada olmasından asılı olmayaraq həmişə lider olmuşdur. Bu, həm orta məktəb illərində, həm tələbəlik vaxtlarında, həm də ən müxtəlif vəzifə daşıdığı dönəmlərdə də onun xarakterinin ən vacib və ayrılmaz keyfiyyəti kimi özünü büruzə vermişdir. Liderlik təkcə kiminsə qarşısında üstün keyfiyyətlərə, ağıla, xarakterə malik olmaq deyil. Liderlik həm də fərddə ətrafını başa düşmək, onların fikrinə, əqidəsinə, fərqli düşüncəsinə dözümlülük və hörmət göstərmək kimi vərdişlərin olmasını da zəruri edir. Bu isə Heydər Əliyevin şəxsiyyətinin ən başlıca və aparıcı keyfiyyətlərindən biri idi.
Heydər Əliyevin hər hansı bir sahənin bilicisi ilə ünsiyyətində onun mütəxəssis olduğu məsələlərə yeni məzmun və ahəng gətirə bilmək qabiliyyəti bu fövqəlinsanın uzun ömür boyu rastlaşdığı, ünsiyyətdə olduğu, görüşdüyü bütün adamlar, xüsusilə də dünya siyasət aləmində öz çapı ilə seçilən və hamının qəbul etdiyi görkəmli siyasi xadimlər, dövlət və hökumət başçıları tərəfindən xüsusilə vurğulanır. SSRİ və postsovet ölkələri üzrə böyük mütəxəssis, politoloq Zbiqnev Bjezinski Heydər Əliyev haqqında belə demişdir: ”Şəxsən mən onunla görüşlərdən Azərbaycan və Amerika arasındakı strateji əlaqələri formalaşdırmaq kimi nadir imkan əldə etdim”. Mən Zbiqnev Bjezinskinin fikirlərini təsadüfən gətirmədim. Keçmiş sovet ölkələri üzrə dünyanın fövqəldövlətinin siyasətinə təsir edə bilən, bu istiqamətdə xüsusi orqanların zəngin informasiyasına malik bir şəxs hər şeydən əvvəl, Heydər Əliyevin köhnə, oturuşmuş münasibətlərə yeni baxışın, çalarların və istiqamətin gətirə bilmək qabiliyyətinə heyranlığını yuxarıdakı sözlərlə ifadə etmişdir. Yəni, Heydər Əliyev özünün zəngin təcrübəsi, siyasi erudisiyası ilə həmsöhbətinin peşə marağına, peşəkarlıq səviyyəsinə, nüfuzuna və izzət-nəfsinə toxunmadan onun fikir və təsəvvürlərində dəyişiklik yarada bilirdi.
Heydər Əliyev həm də adi problemləri, vəzifələri qeyri-adi həll edə bilmək qabiliyyəti ilə siyasi xadimlər içərisində seçilirdi. Mən ilk növbədə diplomatlar üçün çox adi görünən, bəlkə də vizual olaraq bəsit qiymətləndirilə bilən, lakin əslində H.Əliyevin qətiyyəti və siyasi cəsarəti ilə yanaşı, problematik şəraitdən xüsusi orijinallıqla çıxa bilmək qabiliyyətindən xəbər verən bir epizoddan danışmaq istəyirəm.
1996-cı ilin 2-3 dekabrında ATƏT-in Lissabon zirvə toplantısında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə məsələnin müzakirəsi zamanı onun diplomatik manevrləri və siyasi gedişləri diplomatiya dərsliklərinə salı-nası və öyrəniləsi mövzulardandır. Məlum olduğu kimi, Minsk qrupu həmsədrləri tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üzrə 3 maddədən ibarət layihə irəli sürülmüşdü: Ermənistan və Azərbaycan Respublikalarının ərazi bütövlüyü; Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə əsasında muxtariyyət və özünüidarə statusu verilməsi; Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat verilməsi. Bu müddəalar Lissabon sammitinin bəyannaməsi layihəsində 20-ci maddə kimi nəzərdə tutulmuşdu. Azərbaycan dövləti bununla razılaşsa da, erməni tərəfi rədd etmişdi. ATƏT çərçivəsində sənədlərin qəbulu yalnız konsensus əsasında mümkün olduğundan, Ermənistanın belə mövqeyi bəyannamənin qəbulunu şübhə altında qoyurdu. Vəziyyətin pat olduğunu görən Heydər Əliyev dünya diplomatiyası tarixində analoqu olmayan bir addım ataraq, bəyannamənin bütün mətni üçün konsensus verməkdən imtina etdi. Nəticədə ATƏT-in fəaliyyət göstərən sədri Flavio Kottinin zirvə görüşünün bütün iştirakçıları adından edilən və sammitin yekun protokoluna daxil olunan bəyanat verdi. Heydər Əliyevin belə qısa zaman çərçivəsində, müzakirələrin davam etdiyi, sərbəst fikirləşməyə və məsləhətləşməyə imkan olmadığı bir şəraitdə yeganə düzgün qərar qəbul etməsi, başlıcası isə dünya siyasəti bu qərarın qəbuluna sövq edə bilmək qabiliyyəti onun dühasının və diplomatiyasının nəsillərə və əsrlərə örnək olası çoxsaylı parlaq qələbələrindən sadəcə, bir nümunə idi.
12.12.2012 çap et