525.Az

“Təsəvvür edirsiniz, Rusiya Azərbaycana hücum etsə, nələr baş verər?..”


 

“Təsəvvür edirsiniz, Rusiya Azərbaycana hücum etsə, nələr baş verər?..”<b style="color:red"></b>

“Dünya cəngəllik qanunları ilə idarə olunmur. Əgər olunsaydı, o zaman ABŞ çoxdan bütün Latın Amerikasını özünə tabe etdirərdi”.

525.az-ın məlumatına görə bunu  mətbuata açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı xüsusilə, Qəbələ RLS məsələsindən sonra Rusiya-Azərbaycan münasibətlərinin daha kritik hal alacağı və qonşu dövlətin hətta, Azərbaycana qarşı hərbi savaşa başlayacağı yönündə bəzi media orqanlarında yer alan məlumatlara münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin dediyinə görə, dünyada tarazlıq deyilən geopolitik bir anlayış var, hər bir dövlət də böyüklüyündən-kiçikliyindən, güclü, yaxud, gücsüz olmasından asılı olmayaraq, bu məqamı öz siyasətlərində, fəaliyyətlərində nəzərə alırlar və almalıdırlar:

“Heç təsəvvür edirsiniz, Rusiya Azərbaycana hücum etsə, nələr yaşana, nələr baş verə bilər? Dünya axı, təkcə Rusiyanın iradəsi ilə idarə olunmur ki?! Buna heç bir super güc imkan verməz. İkincisi də, Rusiya Azərbaycanla qonşu, hətta, strateji əməkdaşlıq münasibətlərinə malik olan bir dövlətdir. Rusiya ilə Azərbaycan arasında uzun illərdir yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur.

Üçüncüsü də, Azərbaycan dövləti istər siyasi, istər iqtisadi, istərsə, hərbi cəhətdən güclü dövlətdir və istənilən an özünü müdafiə etməyə, təhlükəsizliyini qorumağa qadir bir dövlətdir. Eyni zamanda bir daha təkrar edirəm, dünya cəngəllik qanunları ilə idarə olunmur ki? Düzdür, biz  24 ildən bu yana Qarabağ məsələsinin ədalətli həllini tapmaması ilə bağlı dünyanı, super dövlətləri, beynəlxalq qurumları tez-tez tənqid, ittiham edir, onları ədalətsiz mövqe sərgiləməkdə günanlandırırıq. Ancaq bu o demək deyil ki, dünyada cəngəllik qanunları hökm sürür”.

 M.Qurbanlı qeyd edib ki, bu, belə deyil və belə ola da bilməz.

 “Ona görə Rusiya ilə Azərbaycan arasında hansısa xoşagəlməz məqamların yaşana biləcəyi ilə bağlı rəylərin, fikirlərin heç bir əsası yoxdur. Bunlar hamısı uydurmadır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

K.Həmidov

 





12.12.2012    çap et  çap et