Dünən Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda millət vəkili, professor Xanhüseyn Kazımlının "Böyük siyasətin davamı" adlı çoxcildliliyinin yeddinci cildinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca Xanhüseyn Kazımlını Azərbaycan Yazıçılar Birliyinə üzv olması münasibətilə təbrik edib və Birliyin üzvlük vəsiqəsini təqdim edib:
"Mən hər zaman demişəm, Azərbaycan Yazıçılar Birliyinin iki qapısı var və hər ikisi açıqdır. Bu qapılardan biri gələnlər, digəri isə gedənlər üçündür. Birliyimizə xoş gəldiniz".
Xalq şairi daha sonra təqdimatı keçirilən "Böyük siyasətin davamı" adlı çoxcidliyin 7-ci cildi ilə bağlı fikirlərini ifadə edib:
"Bu kitab böyük zəhmət, böyük əziyyət hesabına başa gələn bir kitabdır. Bu kitabda oxucular üçün maraqlı olacaq zəngin məlumatlar var".
Sonra tədbirin aparıcılığı tanınmış tənqidçi, "Azərbaycan" jurnalının baş redaktor müavini Əsəd Cahangirə həvalə edilib. Müəllif və kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verən Əsəd Cahangir "Böyük siyasətin davamı"nı gələcəkdə tarixçilər üçün qiymətli mənbə ola biləcəyini vurğulayıb.
Daha sonra millət vəkili Hüseynbala Mirələmov, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, tanınmış jurnalist, çoxcildliliyin redaktoru Tahir Aydınoğlu, şair Oqtay Rza, yazıçı-kulturoloq Aydın Xan çıxış edərək "Böyük siyasətin davamı" çoxcildliliyinin əhəmiyyətindən söz açıblar və kitabın növbəti cildlərinin də işıq üzü görməsi vacibliyini vurğulayaraq müəllifə uğurlar arzulayıblar.
Sonda millət vəkili Xanhüseyn Kazımlı tədbir iştirakçılarına, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, kitab 2000 tirajla, "Nurlar" nəşriyyat-poliqrafiya mərkəzində çap edilib. Kitabın məsləhətçisi akademik Əli Abbasov, redaktoru professor Əli Həsənov, ön söz müəllifi isə Milli Məclisin deputatı Fəttah Heydərovdur.
çap et