525.Az

İspan virtuozları "ÜNS" Yaradıcılıq Səhnəsində - Fotoreportaj


 

İspan virtuozları "ÜNS" Yaradıcılıq Səhnəsində - <b style="color:red">Fotoreportaj</b>

Sirr deyil ki, paytaxtımızın tamaşaçıları ispan folklor janrı olan flamenkoya həmişə xüsusi maraq göstəriblər və bu rəqsi ifa edən ispan artistlərinin məharətlərindən, o cümlədən,  "ÜNS" yaradıcılıq səhnəsində çıxış edənlərin sənətkarlığından dəfələrlə zövq alıblar.

Ölkəmizə müxtəlif heyətlər, yəni həm məşhur, həm də az tanınan kollektivlər gəlib. Lakin vurğulamaq lazımdır ki, dəvət olunmuş artistlər hər zaman səhnədəki coşqun, eyni zamanda mükəmməl çıxışları ilə tamaşaçıları valeh ediblər. Xatırladaq ki, hələ 2007-ci ildə "ÜNS" teatrının səhnəsində keçirilmiş "Dünya etnik musiqisi" adlı konsertdə  Azərbaycan, Macarıstan, Norveç, Portuqaliya, Qazaxıstan və Latın Amerikası ölkələri ilə yanaşı ispan musiqiçiləri də böyük uğurla çıxış ediblər. Həmin konsertdə İspaniyanı məşhur musiqiçilər Fernandes Daniel, Duran Qil David, habelə rəqqasə Yelena Qabezas təmsil etmişdi.  

AZƏRTAC xəbər verir ki, "ÜNS" Yaradıcılıq Səhnəsi mayın 17-də tamaşaçılara ispan flamenkosunun unudulmaz axşamını təqdim edib.

Konsertdən əvvəl çıxış edən İspaniya Krallığının ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarez yüksək səviyyəli mədəniyyət ocağı olan nüfuzlu "ÜNS" teatrında "La Pinona" qrupunun çıxış etməsinə imkan yaradıldığına görə professor Nərgiz Paşayevaya dərin minnətdarlığını bildirib.
 
Xose Luis Diez Xuarez deyib: "Ötən ilin may ayında biz Bakıda İspaniya səfirliyinin ofisini açdıq. Bu gün - həmin vaxtdan düz bir il sonra ispan mədəniyyətinin bir parçası hesab edilən flamenko rəqsini təqdim edirik. "La Pinona" qrupunun təqdim edəcəyi "Həyat, bədən və torpaq" adlı flamenko şousu insanın tarixi başlanğıcından bəri bir-biri ilə münasibətlərini üç müxtəlif formada təhlil edir və davranışlarımızın digər insanlar üzərində təsirə malik olduğunu göstərir. "La Pinona"nın sözləri ilə desək, biz həyatımız boyu mənimsədiyimiz və əcdadlarımızın bizə buraxdığı təcrübələrin birləşməsiyik. Biz köklərin və izlərin qarışığıyıq. Bütün bu təcrübələr həyatımızı hərəkətə gətirən  sevgi və laqeydlik, destruktiv və ehtiraslı münasibətlərimizə əsaslanır".

Təqdim ediləcək şoudan tamaşaçıların zövq alacağına ümidvar olduğunu deyən müvəqqəti işlər vəkili vurğulayıb ki,  ispan və Azərbaycan xalqlarının mədəni əlaqələri möhkəmləndirməkdə maraqları qarşılıqlıdır. 

Xose Luis Diez Xuarez diqqətə çatdırıb ki, Azərbaycan və İspaniya Avropanın iki müxtəlif tərəflərində yerləşir. İspaniya Şimali Afrika və Amerikaya, Azərbaycan isə Asiyaya açılan körpü rolunu oynayır. Hər iki ölkə müxtəlif sivilizasiyaları birləşdirir, mədəni müxtəlifliyə hörmətlə yanaşır və tolerantlıq nümayiş etdirir.

Bakının Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdiyini deyən Xose Luis Diez Xuarez bu nüfuzlu tədbirin Azərbaycan hökuməti, UNESCO ilə yanaşı, BMT-nin Sivilizasiyalar Alyansı olduğunu qeyd edərək, İspaniya tərəfindən Türkiyə ilə birlikdə əsası qoyulan bu Alyansın növbəti sammitinin Bakıda keçiriləcəyini bildirdi.

Sonra  səhnə ispan virtuozlarının ixtiyarına verildi.

Qeyd edək ki, flamenko janrı sadəcə xalq rəqsi deyil. Bu, hər bir ispan üçün söhbətin dərin fəlsəfəsi, hisslərin, münasibətlərin ötürülməsi və hətta rəqs vasitəsilə kiçik hekayənin ifadə olunmasıdır. 

Lüçiya Alvares və "La Pinona", şübhəsiz ki, ispan janrının virtuozlarıdır. Onlar əsrlər boyunca davam edən ispan mədəniyyətini qoruyub saxlayan ustad sənətkar olduqlarını tamaşaçıya artıq sübut ediblər.

On yaşından flamenko ilə məşğul olan Lüçiyanın müəllimləri məşhur sənətkarlar olublar. O, artıq 17 yaşında "Round Aniya Gypsy" (2007) müsabiqəsində çıxış edərək ilk mükafatını qazanıb. Lüçiya Alvares həmçinin 2009-cu ildə Sevilyada keçirilmiş Flomansk Gənclər Flamenko Federasiyasının və 2011-ci ildə "Desplente del Conte de les Mines" müsabiqələrində iştirak edib və sonuncuya görə ən yüksək mükafata layiq görülüb.

"La Pinona" qrupunun çıxışı İspaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən İspaniya mədəniyyət günləri çərçivəsində təşkil olunub.

 





19.05.2015    çap et  çap et