525.Az

Oqtay Mirqasımovun filmi Rusiya paytaxtında göstərilib


 

Oqtay Mirqasımovun filmi Rusiya paytaxtında göstərilib<b style="color:red"></b>

Moskvanın Mərkəzi Kinematoqrafçılar Evində tanınmış Azərbaycan rejissoru, Xalq artisti Oqtay Mirqasımovun "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi nümayiş olunub.

Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Yuri Kolosov qeyd edib ki, Oqtay Mirqasımovun "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi çox gözəl alınıb və bu, rejissorun qeyri-adi istedada malik olduğunu bir daha sübut edir".

Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, ssenariçi Odelşa Agişev Oqtay Mirqasımovu Azərbaycan kinosunda "partlayış" dövrünün liderlərindən biri adlandırıb və bildirib ki, həmin dövrə Rasim Ocaqov və Eldar Quliyev kimi görkəmli rejissorları aid etmək olar.

Aktrisa İrina Şevçukun sözlərinə görə, Oqtay Mirqasımov heç bir halda məhəbbətə, dostluğa, öz həyat mövqeyinə xəyanət etməyən insanlardandır. O deyib: "O.Mirqasımov çox gözəl peşəkardır, gözəl dostdur, atadır. Ondan həmişə yaxşı məsləhət almaq mümkündür. Bəzən nə etməli olduğunu anlamaq üçün sadəcə onun gözünün içinə baxmaq kifayətdir".

Rejissor Oqtay Mirqasımov yaradıcı qrupu tamaşaçılara təqdim edib və onun ünvanına deyilən səmimi sözlərə görə çıxış edənlərin hamısına minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin, Heydər Əliyev Fondunun, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri iştirak ediblər.

"Qisas almadan ölmə. Keçmişdən məktublar" filmində Böyük Vətən müharibəsi illərində almanların Azərbaycandan deportasiya olunmasından bəhs edilir. Filmdə Ramiz Əzizbəyli, Ayan Mirqasımova, Qurban İsmayılov, Giya Caparidze, Revaz Tvalkviladze, Diter Hallervorden, Ulrix Rexenbax, Haynt Kryukeberq çəkiliblər.

 





20.05.2015    çap et  çap et