525.Az

AYB-də "Dünya ədəbiyyatı" dərgisinin təqdimatı olub - fotolar


 

AYB-də "Dünya ədəbiyyatı" dərgisinin təqdimatı olub - <b style="color:red">fotolar</b> Yazıçılar Birliyində "Dünya ədəbiyyatı" dərgisinin təqdimatı və Lüdmila Lavrova ilə görüş olub

525.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda qurumun Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin rus ədəbiyyatına həsr edilmiş buraxılışının təqdimatı və tanınmış rus ədibi Lüdmila Lavrova ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı Anar öncə L.Lavrovanı yubileyi münasibətilə təbrik edib. Lavrovanı "Azərbaycanın əsl dostu" adlandıran yazıçı onun ölkəmizin, ədəbiyyatımızın təbliği üçün gördüyü işlərdən danışıb. Bildirib ki, L.Lavrova uzun illərdir ki, Rusiyada Azərbaycan ədəbiyyatının rus oxucuları tərəfindən tanınması üçün əlindən gələni edir:
 
"Biz qarşılıqlı münasibətlərimizin, dostluğumuzun bundan sonra da davam edəcəyinə inanırıq. Arzu edirik ki, Lüdmila Lavrova növbəti yubileylərini də Bakıda keçirsin". Anar daha sonra L.Lavrovaya "Azərbaycan ədəbiyyatının Rusiyada təbliği və yayımlanmasında xidmətlərinə görə" fəxri diplomunu təqdim edib.

"Dünya ədəbiyyatı"nın rus sayına dəstək vermiş Rusiya-Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin rəhbəri Namiq Şahpələngov da fəxri diplomla təltif edilib və ona AYB-nin fəxri üzvlük vəsiqəsi verilib.
Mərasimdə çıxış edən millət vəkili Elmira Axundova xatırladıb ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan və Rusiya münasibətləri korlandıqda belə, L.Lavrova iki ölkənin ədəbi əlaqələrinin qorunması üçün böyük səy göstərib. Məhz onun sayəsində "Literaturnaya qazeta"da Azərbaycan ədibləri vaxtaşırı dərc olunublar:
 
"Lüdmila Lavrova Azərbaycanın ən çətin vaxtlarında, xüsusilə qanlı yanvar hadisələrində xalqımızın yanında oldu. Baş verən hadisələri işıqlandırdı. Bu gün də Lüdmila xanım Azərbaycanın yanındadır. Vaxtaşırı Rusiyada Azərbaycanla bağlı keçirilən tədbirlərdə fəal iştirak edir".

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri şair Səlim Babullaoğlu yubilyarı təbrik edərək onunla bağlı fikirlərini bölüşüb. S.Babullaoğlu tərcüməçi və esseist Seyfəddin Hüseynlinin baş redaktorluğu ilə nəşr olunan "Dünya ədəbiyyatı" dərgisi, xüsusən dərginin rus ədəbiyyatına həsr olunmuş sayı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, dərginin bu sayı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təbrik sözü və Xalq yazıçısı AnArın təqdimat yazısı ilə açılır:

"Hər iki yazıda bu nəşrin xalqlarımızın mədəni əlaqələri baxımından əhəmiyyəti vurğulanır. Dərginin bu sayı rus ədəbiyyatının 1950-ci illərdən günümüzə qədər olan mühüm bir dövrünü əhatə edir. Yaradıcılığı ya qismən, ya da tamamilə bu dövrə düşən rus ədiblərinin seçmə əsərləri - hekayələr, şeirlər, xatirələr, məktublar, çıxışlar, məruzə, müsahibə - dərginin yeni sayında öz əksini tapıb. Dövrün ədəbi mənzərəsi barədə dərgidə iki analitik yazı dərc edilib, müəlliflərin bioqrafiyası barədə müfəssəl məlumat verilib".

Millət vəkili Mixail Zabelin, Rusiyanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Oleq Muraşov, ədəbiyyatşünas Telman Vəlixanlı, yazıçı Natiq Rəsulzadə və başqaları çıxış edərək Azərbaycan və Rusiya arasında möhkəm ədəbi-mədəni əlaqələrinin mövcud olduğunu və qarşılıqlı münasibətlərin daha da inkişaf edəcəyini ümid etdiklərini bildiriblər. Qeyd olunub ki, birgə tarixi keçmişi olan qonşu dövlətlər üçün bu istiqamətlə münasibətlər çox vacibdir və gələcək nəsillərə də ötürülməlidir.

Sonda çıxış edən rusiyalı ədib L.Lavrova onu təbrik edən və "Dünya ədəbiyyatı" dərgisinin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Azərbaycan ədibləri ilə dost olduğunu qeyd edən yazıçı dərginin bu sayından məmnunluğunu dilə gətirib:
 
"90-cı illərdə iki ölkə arasında münasibətlər zəifləyəndə narahat idim ki, qurduğumuz əlaqələr, dostluqlar itə bilər. Amma sevindirici haldır ki, belə olmadı. Deməli, ədəbiyyat, səmimi dostluq  həmişə olduğu kimi, yenə də qalib gəldi. Çünki ədəbi əlaqələr ürəklərin körpüsüdür. Bu nəşri görəndə isə çox sevindim. Düşündüm ki, əməyimiz hədər getməyib. Bədii tərcümə çox çətin sahədir. Amma əminəm ki, azərbaycanda bu sahədə istedadlı kadrlar yetişir".

Şəfiqə ŞƏFA
 





20.05.2015    çap et  çap et