525.Az

Həmsədr dövlətlər neytrallığı pozmağa davam edir


 

ELXAN ŞAHİNOĞLU: "ABŞ VƏ FRANSA KİMİ DÖVLƏTLƏR DONBAS SEPARATÇILARINI PİS, DAĞLIQ QARABAĞ SEPARATÇILARINI "YAXŞI" HESAB EDİR"

Həmsədr dövlətlər neytrallığı pozmağa davam edir<b style="color:red"></b>

Təəssüf doğuran faktdır ki, beynəlxalq hüququn tələblərinə zidd olaraq son vaxtlar Fransa ilə separatçı Dağlıq Qarabağ rejimi arasında əlaqələr möhkəmləndirilir.

"Fransa-Dağlıq Qarabağ parlamentlərarası qrup"un üzvləri senatorlar - Sofi Juassen, Mişel Amyel, Marlen Murye separatçı rejimin "müstəqilliyinin" tanınması üçün məkrli fəaliyyətlərini davam etdirir, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində mayın 3-də keçirilən saxta "parlament seçkiləri"ndə bir qrup fransalı deputat müşahidəçi kimi iştirak edir, mayın 17-19-da isə qondarma rejimin rəhbəri Bako Saakyan Fransaya səfər edir.

Sonuncu hadisə ilə əlaqədar Fransanın Azərbaycandakı səfiri Paskal Mönye mayın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Fransa səfirinə etiraz notası təqdim edilib.

Fransa ilə separatçı Dağlıq Qarabağ rejiminin əlaqələrinin təsdiqləyən digər məqam Drom departamentini Villörbann və Sarsel şəhərləri ilə hazırda işğal altında olan Azərbaycanın Şuşa və Ağdərə şəhərləri arasında "dostluq və qardaşlıq xartiyası"nın imzalanmasıdır.

Xatırladaq ki, bundan əvvəl separatçıların rəhbəri ABŞ-a da səfər edərək rəsmi şəxslərlə bir sıra görüşlər keçirib. Bütün bunlar Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin neytrallığını pozaraq ermənipərəst mövqe nümayiş etdirdiyini, separatçılara dəstək olduğunu, Azərbaycana qarşı isə ikili standartlar tətbiq etdiyini, münaqişənin həllində maraqlı olmadıqlarını deməyə əsas verir.

Fransadakı Azərbaycan icması da heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin Fransaya səfərini pisləyən bəyanat yayıb. Diasporla İş Üzrə Dövlət Komitəsindən  verilən xəbərə görə, bəyanatda bildirilib ki, Azərbaycanın qədim şəhərləri olan Şuşa və Ağdərə 20 ildən artıqdır Ermənistanın işğalı altındadır: "İstər separatçı rejimin "prezidenti"nin Fransaya səfərinin, istərsə də işğal altında olan Azərbaycanın iki şəhəri ilə "dostluq və qardaşlıq xartiyası"na dair sənədin imzalanmasının heç bir beynəlxalq hüquqi əsası yoxdur. Bu, yalnız Azərbaycanla Fransa arasında inkişaf etməkdə olan dostluq əlaqələrinə xələl gətirə bilər".

Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə icazə verilməsini pisləyən millət vəkili Sahib Alıyev qeyd edib ki, bundan öncə də Fransanın 3 deputatı Dağlıq Qarabağda keçirilən uydurma parlament seçkisini izləmək üçün orada olublar: "Bu kimi hallara görə, Fransanın ölkəmizdəki səfiri Paskal Mönye mayın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Notada Fransanın bu hərəkətlərinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi mandatına uyğun gəlmədiyi və münaqişəsinin həllinə xələl gətirdiyi vurğulanıb. Əgər nəzərə alsaq ki, separatçılara təkcə Fransa yox, Minsk qrupunun digər iki həmsədri də zaman-zaman açıq və gizli dəstək veriblər və verirlər, onda onları öz adlarıyla çağırmaq lazımdır. Onlar Minsk qrupunun həmsədrləri yox, Minsk qrupundakı erməni havadarları adlandırılmalıdırlar".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki,  Avropa İttifaqı və ABŞ Donbas separatçılarına haqlı olaraq sanksiyalar tətbiq edir, onların iddialarını ləğv edir, hesablarını dondururlar. Onun sözlərinə görə, lakin Dağlıq Qarabağ separatçılarına gəldikdə isə onlar asanlıqla Los-Ancelesdə telemarafonda, Vaşinqtonda hansısa dinləmələrdə iştirak edir, daha sonra Fransaya gedir, eyni zamanda da fransalı deputatlar Azərbaycanın icazəsi olmadan Qarabağa səfər edirlər: "Təsəvvür etmək olarmı ki, Donbas separatçılarının liderləri Vaşinqtona, Parisə səfər etsinlər? Bu mümkün olan hadisə deyil.
Demək ki, ikili siyasət var. ABŞ və Fransa kimi dövlətlər Donbas separatçılarını pis, Dağlıq Qarabağ separatçılaırını "yaxşı" hesab edir. Halbuki Dağlıq Qarabağ separatçıları donbasdakılardan daha dəhşətli hadisələr, soyqırım aktları törədiblər. Yəni, bununla belə separatçılara qarşı münasibət eyni olmalıdır.

Milliyyətinə görə onlara qiymət verilməməlidir. Separatçının yaxşısı, pisi olmur. Bu məsələlərdə Azərbaycan tərəfinin sərt mövqeyi yerindədir. Biz onlardan izahat tələb etməliyik. Fransalı deputatlar Azərbaycanın icazəsi olmadan necə Dağlıq Qarabağa səfər edə bilir? Eyni zamanda, separatçı rejimin rəhbərinin hansı haqla Fransaya daxil olmasına icazə verilir? Bu məsələlərə rəsmi Paris aydınlıq gətirməlidir". E.Şahinoğlu qeyd edib ki, Fransa və Birləşmiş Ştatlarla Azərbaycanın həm siyasi, həm də iqtisadi sahədə əlaqələri var: "Ancaq bu o demək deyil ki, biz milli maraqlarımızı arxa plana çəkməliyik. Biz sərt mövqeyimizi ortaya qoymalıyıq. Onlardan ikili standartlardan əl çəkməyi tələb etməliyik. Digər separatçılara qarşı haqlı olaraq necə münasibət göstərilir, Dağlıq Qarabağ separatçılarına da o cür münasibət ortaya qoyulmalıdır. Bu məsələni Fransada baş tutan seminarlarda nə qədər qaldırsam da, avropalı deputatlar tərəfindən aydın cavab ala bilməmişəm. Axı, Dağlıq Qarabağ separatçılarının Donbas separatçılarından fərqi nədir?".

Politoloq əlavə edib ki, Azərbaycan ATƏT-in Minsk qrupundan da narazılığını dəfələrlə ortaya qoyub: "Onlar işğalçı Ermənistanı ədalətli sülhə məcbur edə bilmirlər. Lakin bu o demək deyil ki, biz asanlıqla Minsk qrupundan imtina edə bilərik. Qurumun fəaliyyətindən imtina etsək bu bizim müharibəyə başladığımız kimi başa düşüləcək.

Əlbəttə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməkdə sərbəstdir. Biz bu cür qərarı istənilən vaxt verə bilərik. Ermənistan da bunu bəhanə edərək beynəlxalq arenada Azərbaycana qarşı qara piara başlayacaq. Ona görə də biz bu tip məsələlərə öz etirazımızı bildirməli, təndiqlərimizi qeyd etməliyik. Lakin Minsk qrupundan indiki vaxtda imtina etməyin nə qədər düzgün olub-olmadığını ciddi təhlil etmək lazımdır.
Əgər biz qurumun fəaliyyətindən imtina etsək, bu müharibənin anonsu olacaq. Ermənistan parlamentində bəzi deputatların dəfələrlə separatçı Dağlıq Qarabağ rejimin "müstəqilliyinin" qəbul edilməsi haqqında məsələ qaldırılsa da, İrəvan bu addımı atmayıb. Çünki onlar da yaxşı bilirlər ki, Ermənistan rəsmən "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyini" tanısa, bu onların danışıqlardan çıxdığını özündə ehtiva edir. Bu da öz növbəsində müharibə anonsu sayılır. Bizim də Minsk qrupundan yetəri qədər şikayətimiz, narazılığımız olsa da, qurumun fəaliyyətindən imtina edə bilmirik".

Ceyhun ABASOV

 





22.05.2015    çap et  çap et