525.Az

Vaqif Bəhmənlinin şeirləri


 

Vaqif Bəhmənlinin <b style="color:red">şeirləri</b>

İbadət

Təndirdən qalxan od kimi
Söz
     vururdu yanağıma,
yoncaya cuman at kimi
cumdum yazı otağıma.

Yazı otağıma girdim;
masamın üstünə sərdim
təzə biçilmiş ağ südlü
ağ buğumlu ot misalı
bir qucaq ağ kağızı,
üç dəfə alnıma qaldırıb,
endirib üç dəfə öpdüm
hələ qələm qanatmayan
sinəsi sağ kağızı.

Söz - Allah, kağız ətəkdi,
ağ ağardar ağ niyyəti
məncə, ağ kağız öpməkdi
şairlərin ibadəti.

Bu ibadət gizli qalsın,
düşməsin dilə, ağıza.
Şair odu, sözə dalsın
Heç nə yazmadan kağıza...

Dəqiq təvəllüd

Eeey, Göy üzü,
1955-ci il may ayının
ya 23-ü, ya da 24-ü ilk dəfə
mən səni anamın
bətnindəykən gördüm -
həm də, lap düzü,
görməzə-bilməzə
aşiq oldum sənə,Göy üzü!

Göy üzü,
öz gözüm
yumuluydu hələ,
anamın hədəqəsindən çıxan
gözüynən baxdım
sənə ilk dəfə.

İsti, işığı özündən bir yer idi
olduğum yer,
dar divar arasında
işığa qardaş idim,
dar divar hörgüsündə
sanki xırdaca kərpic,
qırmızı bir daş idim.
Kərpic idim, daş idim,
ləng idim,yavaş idim,
bir azca ağıldan kəm,
bir qədər malbaş idim!

...Dar divarlar
sıxdı məni, Göy üzü,
təpiklədim dar divarı;
o dünyada bu dünyanı,
bu dünyada o dünyanı
görüb çıxdım,Göy üzü!
Məni doğmaq
istəmirdi fağır anam,
dar divarı təpiyimlə
yarıb çıxdım...
sənin xatirinə, Göy üzü!

Biz gedən yol

Nə olar,
       qoy baxım ayrı baxımdan -
daş dələn nəzərlər daşıma batmır.
Allah,
       ağzımı əy, keç günahımdan;
       o dünya söhbəti başıma batmır.

O dünya söhbəti başıma batmır -
bəlkə, mətləb iri, başım xırdadı?
Mənim axirətə qüdrətim çatmır;
Kotanım ilişir...
                 şum axırdadı!

Hanı süd arxı ki, deyim:
                               -Buyur iç...
hürküt taleyini,
                   tut arığından,       
cəhənnəm alovu püskürdümü heç
məzar uçuğundan,
                  gor yarığından?

Cəhənnəm peçinə yarmaça basan
şeytanı, qulu da görən olmayıb.
Hanı əhlət daşı, hanı qır qazan? -
Körpü heç, qılı da görən olmayıb.
Möminlər qaçdımı pisin yanından
behiştdə əl-ayaq yuyan çıxdımı?
Çürümüş sür-sümük, cism yanından
heç denən bircə yol tiyan çıxdımı?

Qoca can
         can atmaz boş əmək üçün, 
Suyun ortasına od əkim,
                               olmaz!     
Əsl həqiqəti tərpətmək üçün
məzar açmalıyam, oda ki, olmaz!

Yaşasın Peyğəmbər, sağ olsun molla -
insan oğlu, qardaş,
                       öl oğlu öldü.
İki məntəqə var, biz gedən yolda -
cənnət - içimizdi,
            cəhənnəm - çöldü!

Səni anlamaq üçün

Anlamadım səni -
əsnəyə-əsnəyə,
yaşına-yaşına,
boşuna-boşuna
getdi illər,
əsasən də hədər...

Muğamat kimisən;
səni anlamaq üçün
yaşa dolmaq,
qocalmaq gərəkdi
kifayət qədər...

Kişi söhbəti

Kim nə çəkib özü bilir -
çünki çəkən düzü bilir;
Mənim çəkdiyimi,
                  ayrı kəs bilməz!
Nə ata, nə ana,
nə qardaş, nə bacı,
nə dost, nə övlad,
hətta tanrı da bilməz ki,
həyatda nə qədər alçalmış,
nə qədər ucalmışam.
Qəzasız ötüşüb nadinc həyatım,
Allaha şükür ki,
               yaşa dolmuşam...
həyatıma nifrət etmirəm,
həyatımın aşiqi də deyiləm.

Ovçu

Dərd keçən bərələr ovcumtək bəlli,
qəmə hərisliyim şirdən betərdi.
Kəməndi hərləyib ovçutək - əlli
içimə salıram yırtıcı dərdi...

Elə ki, sinəmə doldu qəm, qada,
Səyyad bəbəklərim yuxusuz olur.
Dərd mənim içimdə dönür heç zada,
Qəfəsdə şir kimi qorxusuz olur...

Çəkil!

Yığış karvan yolundan,
                      can dəvəmi, can atmı? -
Səhra səltənətindən dənəvər qumca çəkil,
Meydan səsləmir artıq,
                        can meydana can atmır,
Ötdü daha ömür-gün,
                         Bəhmənli, zəngə çəkil!

Namərddi səhra -
                 qəlbin, gör, nə sayaq uçunur
Ehmalca qoy boşluğa ayağının ucunu...
Qiyamət uçqunudu sarbanların uçqunu,
Bir az ehtiyatlı ol,
                        bir qədər incə çəkil!

Gör nə qədər caninin
                  canı var ortalıqda,
Şəhid qarışqaların
                   qanı var ortalıqda,
Şərəfsiz irəlinin sonu var ortalıqda,
Çürü qədim qın kimi,
                   əyri qılınca çəkil!

Pəhləvanlar qul oldu
                      sonda gördük heç nədi,
Qolunu qanırdılar -
                      qulun kimi kişnədi.
Gərdişlə qoz-qoz oynamaq
                      dikbaşların işidi,
Bəhmənli, baş aparma,
                       mülayim dincə çəkil!

Çəkinmə nə danışıb
                       nə deyəcək sarsaqlar -
Mərd ağac var, qış nədi,
                       yaza qədər bar saxlar...
Sonradan gələnlərə
                       uzanmağa yer saxla;
Ötdü daha ömür-gün,
                       Bəhmənli, küncə çəkil,
Xilas yeri var hələ,
                        çəkil, ölüncə çəkil!

Supernikbin (qədər)

Kövrək qamətimə - “döz”, - deyəcəyəm
Cənnət çiçəkləri solana qədər,
Gözümü yummadan gözləyəcəyəm
İsrafil surunu çalana qədər.

Könlüm azad çöldü, kirayə bilməz,
böyüyən -
          beşikdə çürüyə bilməz!
Kimsə gen yolumu dirəyə bilməz,
divarı baş yaran dalana qədər.

Ruhum axirətə qənim çıxacaq,
qanım quruyacaq,
                  qanım çıxacaq,
Çıxan can yerindən canım çıxacaq
Sonuncu Əzrail qalana qədər.

Adımı göylərə yazdıracağam,
Yerdəki ömrümə yas tutacağam.
Gözümü Günəşdə basdıracağam
gözümə torpaqlar dolana qədər.
Qanım qaralanda (doğru)

Birdən elə olur,
               dadım dəyişir -
zəhər tuluğuna,
               lap pisə doğru,
Bəlkə də mələklə aram əyişir,
bəlkə əyilirəm iblisə doğru?

Qəlbim kömür olur,
                    sifətim həbəş
canımda od sönür,
                    azalır atəş...
İçini süpürür bəlkə də Günəş
Zir-zibil tullayır çən - sisə doğru?

Boyat qan ziyandı
                      təzəyə-tərə -
Halbahal oluram
                      gündə min kərə...
it kimi hürürəm
                      qısılıb yerə
zülmətdən dikələn
                       yad səsə doğru.

Dünya boz-bulanıq bətndi -
                                       xəstə! -
dörd yanım göz dağı,
                           ağır nəfəslər...
Halıma ağlaya
                  bilməyən kəslər
haqq üçün üstümə gülməsə -
                                      doğru!

Eşq ki var yolunda milyonlar əsir...
kama dartınanlar nahaq tələsir!
Eşq nədi?Hər yanı qapalı qəsr -
uçan özü uçur qəfəsə doğru.

Heç imiş heç demə toylar, şabaşlar -
sərvət sandığın dayazılı daş var!
Sanamaq üçündü kəsilən başlar -
içi sirlə dolu nəm kisə - doğru!

Çox naxoş üstünə Vaqif çəkdi baş;
naümid qayıtdı,gözlərində yaş...
Çünki təsadüfdü doğulmaq, qardaş,
yaşamaq yalandı,
                      ölümsə, doğru...

Qədim çalğı alətləri

Onları... türk mələtdi,
ağlatdı zaman-zaman -
tütək, ney və balaban...

Baldan şirindi tütək...
üçü bir yerdə ürək -
çiçək, arı və pətək!

Qabarlı barmaqdı ney -
gözündə qarğış, giley,
güllə batmayan köynək;
yaxası ufultu, göynək...

Bu da ki, balabandı -
çalınanda bilmirəm
mən handa, balam handa -
can bəladı, bəla candı...
cantək əriyən şamdı
Balaban
belə balabandı!
Sayaq, gəlmişkən həvəs -
Hanı zurnaya əvəz?
Odda yanmaz, suda batmaz...
Zurnanı çalmaq nədi,
Heç onu üfürməyə
Hər millətdə nəfəs çatmaz!

Qonşu qafiyələr

Bitib taraz yerində -
ocaqdı,
oddu qonşu.
Qohum, dost...
          öz yerində,
ayrı bir addı qonşu.

Toyun oldu, o gəlir,
vayın oldu, o gəlir;
başın üstdə dikəlir -
nə olsun yaddı qonşu?!

Odur ən yaxın divar -
quruyan ləkin suvar...
əsirgəmə nəyin var
görsən bərbaddı qonşu.

Nə sirrin var, görəndi,
Sirrə qəfəs hörəndi.
Dərdindən dərd dərəndi,
Şadsansa, şaddı qonşu.

Allah söyləsəm, azdı -
yaşıl
 çəməndi, ayazdı -
balta,
     bıçaq,
dəryazdı,
araba-atdı qonşu.

Dırnağın dəysə daşa
dərhal düşər təlaşa...
Hürü,
     Pəri,
          Tamaşa,
Qızbəsarvaddı qonşu!

Əzrayıl can aparsa
qorxma, çomaq taparsan!
Dizini qan aparsa
tənzifdi, yoddu qonşu.

Qismətinə şükür et -
dilək tut, üstünə get!
Fasiləsiz internet,
“- Facebook”, “çatdı” qonşu.

...Soruşma nədən batdı -
bulaq gözündən baxdı...
Qonşu batdı - sən batdın
Sən batdın...
             batdı qonşu!

Göydə tıxac

Vaxtın halına bax ki,
yola möhtacdı göy də...
Ulduzlar elə sıx ki,
Sanki tıxacdı göydə.
Xatirələr

Xatirələr...
Xatirələr
yada düşmür yalnız
can uçuqları,
              bərbad şəklində!

Xatirələr...
əyri çəliyinə
söykənə-söykənə bir sevimli qız
gəlib
baş-başa durur səninlə
üzü qırışmış,
               saçları qurumuş,
                            dişləri çürümüş,
kədərli arvad şəklində...
xatirələr...

Vaqifdən Vaqifə

Tutub niyyətində ən uca dağı
Nahaq düşünürdü
                  yol olar Vaqif...
Zaman eşşəkdisə, neylər;
                                     uzağı
gərdişin belində belində çul olar Vaqif.

Şeypuru qaldırıb carçı, car salsa,
Yağılar üstünə ordular salsa,
Canını arı yox, ilanlar çalsa
zəhərdən şan bağlar,
                 bal olar Vaqif!

Çolaq dirsək basıb yeri, söyləsə,
boşboğaz
            natiqə, kiri, söyləsə,
camaat ölüyə diri söyləsə
batar tuti dili,lal olar Vaqif.

Hamı tula sevir -
                 xalta qaldırıb...
İlahi,
     xış üzü alta qaldırıb...
Görsə ki, bir cəllad balta qaldırıb
uzanar boğazı, qıl olar Vaqif...

Duyub töhmətini qəbirsizliyin -
qısılar küncünə səbrsizliyin...
Asılıb, Allahla abırsızlığın
açıq arasında tül olar Vaqif.

Düz yola can qurban -
                            lənət çəpinə...
canı çöp eləyib yığar ipinə,
çəkilər içinin barlı dibinə
çətin, yağtikanlı çöl olar Vaqif.

Heç kimi yatırdıb oyatmaz bir də,
İkinci ürəyi qanatmaz bir də,
Sultan subaylığa can atmaz bir də
Olsa, uzaq başı dul olar Vaqif!

Yetib mətləbinə söz deyə-deyə,
dizini bərkidib, “döz” deyə-deyə,
yeri eşə-eşə kök atıb göyə -
Vaqif - balalardı, balalar - Vaqif!

Kimi oyadım

Daş kimi bərkiyib döşəli taxtım,
qüssə dev-dev gəlir...
                     necə cəng edim?
Mən kimi oyadım bu gecə vaxtı,
gecənin bu vaxtı kimə zəng edim?

Canım can möhtacı,
                      canım can acı;
Səbr yox üfüqün oyaq vaxtına.
Bəlkə sevgilimə telefon açım -
gördümmü heç onun oyaq vaxtını?..

Axı nə mənası...
              durum, geyinim
yuxudan oyadım narı, noxudu?
mənzili çöllərdi çöl çiçəyinin,
küknar ağacının qapısı yoxdu...

Dünyada nə qədər giriş var - bağlı,
döyməyə bir qapı yoxdu bu gecə,
gen sinəm açıqdı...
                     o da ki, dağlı...
sinəmə sancılan oxdu bu gecə.

Qarışıq, dolaşıq...
                      ruhumun saçı!
Xirqədən içəri, dondan içəri.
Tək mənim darvazam taybatay açıq -
bəlkə əcəl girə ondan içəri.

Ha yana yollayım didərgin baxtı,
başımı salmağa bir damım varmı?
Mən kimə zəng edim bu gecə vaxtı,
Allahdan savayı adamım varmı?

Sözə dair qafiyələr

Yurda şərəf, şan gətirən,
gör nə qədər sənətkar var.
Nəsimi var, Füzuli var,
Seyid Əzim, Bəxtiyar var.

Sözdən çıxıb sözə döndük,
Söz yaşatdı cəddimizi...
Söz o qədər doğmadı ki,
açıb yesək - ixtiyar var.

Kor da görür nurlu sözü,
Sözdən cığır açır şikəst...
Olmaz sözü eşitməmək
yalan sözdü, guya kar var.

Özbaşına çatmır ki, söz
yeddi qatlı göy çadıra.
Qanadlara hünər verən
bir səbəb var, səbəbkar var.

Söz var acı, söz var şirin,
Söz şığıyır güllə kimi.
O güllədən şikarları,
yana çəkən xilaskar var.

Allahına çatan çoxdu -
Son sözünə çatan yoxdu...
Sözlə insan arasında
Keçilməyən dik divar var.

Can atsa da uca sözə
Əli yetmir,
           o səbəbdən
Bəhmənlinin bəbəyində
sözə həsrət intizar var!

 





25.05.2015    çap et  çap et