525.Az

Yol polisi Azərbaycanın ən təhlükəli yollarını açıqladı


 

Yol polisi Azərbaycanın ən təhlükəli yollarını açıqladı<b style="color:red"></b>

BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Yol polisi proqnozlaşdırılan qarlı-şaxtalı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir: “Qış mövsümünə uyğun şinlərdən istifadə olunması, şinlərin üzərindəki protektorların normaya uyğun olması, avtomobilin şüşə təmizləyicilərinin saz vəziyyətə gətirilməsi, bunun üçün maye tədarük edilərkən donmayan vasitələrdən istifadə vacibdir. Ümumiyyətlə, avtomobilin maye tədarükündə donmayan vasitələr seçilməlidir”.

Kamran Əliyev onu da bildirib ki, bu günlərdə qarlı hava şəraiti ilə yanaşı, bəzi ərazilərdə duman da müşahidə olunur və sürücülər ehtiyatlı olmalıdırlar. Şöbə rəisi şaxtalı-buzlu hava şəraitində Azərbaycanın ən təhlükəli yollarını və istiqamətləri də açıqlayıb: “Donuşluq əsasən, dağətəyi rayonlarda müşahidə olunur. Əsasən, Ağsu aşırımında, Xızı istiqamətində, Qusarda, Daşkəsən-Gədəbəyə gedən yollarda sürücülər xüsusi ilə diqqətli olmalıdırlar”.

Qeyd edək ki, sinoptiklər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xəbərdarlıq edib. Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında temperaturun anomal gedişi gözlənilir. Havanın temperaturu gecə və səhər 4-6, günün ikinci yarısında 1-3 dərəcə isti olacaq, dekabrın 15-dən 16-na və 16-dan 17-nə keçən gecə 0, -2 dərəcəyədək aşağı enəcək. Bakıda və Abşeron yarımadasında fasilələrlə gözlənilən yağıntının sulu qar, nisbətən yüksək ərazilərdə isə qar şəklində olacağı ehtimalı var. Dekabrın 14-15-də arabir güclənən şimal-şərq küləyi əsəcək.

 





13.12.2012    çap et  çap et