525.Az

“Sport Time”ın Avropa Oyunları ərəfəsində nəşr olunması təsadüfi deyil


 

“Sport Time”ın Avropa Oyunları ərəfəsində nəşr olunması təsadüfi deyil<b style="color:red"></b>

Bugünlərdə Azərbaycanın idman aləminin yeni jurnalı - “Sport Time” işıq üzü görüb. Jurnalın ilk sayı  iyunda ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına həsr olunub. “Sport Time”ın ərsəyə gəlməsi və gələcək planlarla bağlı jurnalın təsisçisi və baş redaktoru, yazıçı-jurnalist  Jalə Rzabəyli ilə söhbət etdik.  

- Jalə xanım, bugünlərdə  baş redaktoru olduğunuz “Sport Time” jurnalı işıq üzü görüb. Belə bir jurnal nəşr etmək istəyi necə yarandı?

- Ümumiyyətlə, yaradıcı insanlar hər zaman yenilik etmək, qurub-yaratmaq həvəsi ilə yaşayırlar. “Sport Time” jurnalı idmanın inkişafına, dövlətimizin idman siyasətinə xidmət göstərmək  istəyimin göstəricisidir. Jurnalın ilk sayının Avropa Oyunları ərəfəsində nəşr olunması təsadüfi deyil. Ölkəmizdə keçiriləcək möhtəşəm idman tədbiri olan I Avropa Oyunları jurnalın ərsəyə gəlməsi istəyimi sürətləndirdi.

- Söhbətimizdən  aydın olur ki, jurnalın ilk sayı Avropa Oyunlarına həsr olunub.

- Bəli, jurnalın ilk sayı ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarına həsr olunub.  Burada Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin  I Avropa Oyunlarına aid nitqi, Olimpiya və Paralimpiya oyunlarında  idmançılarımızla görüşü, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun  Prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın  fəaliyyəti və digər mövzular yer alıb.

- Bunlarla yanaşı, jurnalda müxtəlif rubrikalara da rast  gəlirik ...

- Oxucular müxtəlif zövqə malikdirlər. Bu baxımdan,  oxucuları hər zaman nəzərə almaq lazımdır. Jurnalda tanınmış insanlarla səmimi söhbətlər, “Milli ruh, milli geyim”, “Mənim qardirobum” rubrikaları da təqdim edilib. Bu rubrikalarda  idmançılar  maraqlı obrazlarda təqdim olunublar. Jurnalda Olimpiya komplekslərinin fəaliyyəti, müxtəlif idman növləri ilə məşğul olan idmançılar barədə məlumatlar da yer alıb.

- Bəs özünüz hansı idman növünə maraq göstərmisiniz?

- Mən üzgücülük idman növünü çox sevirəm. Atçılıq və atıcılıq idman növlərinə də marağım olub. Onu da deyim ki, qızım atıcılıqla məşğul olur. Ailəmizdə hamı idmanı sevir. İdmanın faydalarını saymaqla bitməz. Bu, ən əsası cəmiyyətin sağlam həyat  tərzində yaşamasına gətirib çıxarır. Uşaq və gənclərin pis vərdişlərdən uzaq olmasında idmanın böyük rolu var. Təsadüfi deyil ki, sağlam olan və uğur qazanan insanların əksəriyyəti məhz fəal həyat tərzi keçirən insanlardır. Fəal həyat tərzinin ən gözəl yolu isə idmanla məşğul olmaqdır. 

-  “Sport Time” jurnalının gələcək planları barədə nə deyə bilərsiz?

- Planlar çoxdur. Müxtəlif tədbirlərin, layihələrin həyata keçirilməsi niyyətindəyik. Növbəti saylarda islam, uşaq idmanı, vətənpərvərlik  mövzusuna da yer veriləcək. Böyük zəhmət, təcrübə və yaradıcılıq tələb edən işlər asanlıqla əldə olunmur. Ən əsası isə işimizə olan həvəsimizdir. Ümid edirəm ki, çəkdiyimiz zəhmət öz  bəhrəsini verəcək və “Sport Time” idmansevərlərin yaxın dostuna çevriləcək.

 





30.05.2015    çap et  çap et