525.Az

Azərbaycanda Şairlər günü: şairə, şeirə ehtiram nümunəsi


 

Azərbaycanda Şairlər günü: şairə, şeirə ehtiram nümunəsi<b style="color:red"></b>

İyunun 5-də Azərbaycanda Şairlər günü qeyd olunacaq.
 
AYB-nin Mətbuat Xidməti bildirir ki, hələ beş il əvvəl Gənc Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu tədbir ötən illərdə geniş miqyasda, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib.

Qonaqlar arasında Yeşim Ağaoğlu (Türkiyə), Ender Balkır (Türk Halk Müzügü Sanatçısı), Mehmet Özkaya (Türk Sanat Müzügü Sanatçısı), Gulay Sezer (Türk Sanatçısı), Yakup Ömeroğlu (Avrasiya Yazarlar Birliyi başkanı), Dmitro Stus (Ukrayna), Mixail Sinelnikov (Rusiya), Dalmira Tilepbergenova (Qırğızıstan), Şukratulla Rızayev (Özbəkistan), Giorgi Kekelidze (Gürcüstan), Kiyan Xiyav (İran) kimi tanınmış insanlar olub.

1999-cu ildə YUNESKO-nun 30-cu sessiyasında hər il 21 mart Ümumdünya Poeziya Günü kimi qeyd etmək qərarı verildi.

Həmin qərarda deyilirdi : “Poeziya ən vacib, ən dərin mənəvi suallara cavab verə bilər, bunun üçün ona ictimaiyyətin diqqətini daha çox cəlb eləmək lazımdır”.

Hər il iyun ayının 5-nin Azərbaycanda Şairlər günü kimi qeyd edilməsi təşəbbüsü də bu zərurətdən doğub. Təsadüfdürmü, qanunauyğunluqdurmu, hər nədəndirsə, 5 iyun günü bir tərəfdən dünyadakı poeziya tədbirlərinin sona yaxınlaşdığı tarixdir, yəni, Azərbaycan şairləri dünya şeiri sükut içində olanda da dilə gəlirlər. Başqa tərəfdən isə bu, böyük Azəbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür. Odur ki, artıq 5 ildir, tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edir. Şairlər gününün başqa bir özəlliyi isə Müşfiqin rəmzi məzarına - Xəzər dənizinə gül səpilməsi mərasimidir.

Builki Şairlər günündə də Azərbaycan Yazıçılar Birliyi və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyinin, eləcə də Dünya Gənc Türk Yazarlar Birliynin dəstəyi ilə dünyanın müxtəlif ölkələrindən şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcəklər.

Bu dəfə tədbir unudulmaz şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurəngiz Günün xatirəsinə həsr olunacaq. aybKitab layihəsində şairin “Qalanlara” adlı şeirlər kitabının nəşri, “Nurəngiz Günə bir bənd şeir” adlı müsabiqənin təşkili, müxtəlif ölkələrdən təşrif buyuracaq tanınmış ədiblərlə N.Günün məzarını ziyarət nəzərə tutulub. Həmin gün həm də görkəmli şairimiz Vaqif Səmədoğlunun doğum günü olduğu üçün 5 iyunda bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndələrinə dərin ehtiram hissi ifadə ediləcək.

 





30.05.2015    çap et  çap et