525.Az

May “Ulduz”u


 

May “Ulduz”u<b style="color:red"></b>

Bugünlərdə “Ulduz” jurnalının may nömrəsi işıq üzü görüb.
 
Dərgi Elxan Zalın “May tezisləri” adlı ekspert yazısı ilə açılır:

“Ulduz” jurnalı mənim üçün çox doğma bir mətbuat orqanıdır. Şeirlərimin böyük bir hissəsi bu jurnalda dərc olunub. O cümlədən də indi bir çox dillərə tərcümə olunmuş “Polonez” poeması. Yəni bu dərgi həmişə müəlliflər üçün açıq olub, burada həmişə yaxşı əsərlər dərc edilib... Mən bu say barədə uzun danışmağa lüzum görmürəm. Oradakı yazılara oxucular özləri qiymət verəcək. “Ulduz” bir gənclik jurnalıdır və mən həmişə demişəm ki, tarixi ağıllı gənclik yaradır. Ona sadəcə meydan vermək lazımdır. Qulu Ağsəs onlara heç bir qısqanclıq olmadan belə bir meydan yarada bilib ki, bu da onun içinin genişliyini göstərir. Həmkarlarıma uğurlar!..”

Ekspert yazısını Səhər Əhmədin “Özüylə söhbət”i və “Həyat simfoniyası” hekayəsi izləyir: “Ədəbiyyat da vətən deyil ki, uğrunda ölmək lazım olsun. Söz də torpaq deyil ki, üç-beş sot götürüb, üstündə ev tikəsən. Burda giriş pulsuzdur, yerlərin sayı məhdud deyil. Ədəbiyyatda hamıya yer var. Nəyin davasını edirsiniz?” 

Jurnalın “Şeir vaxtı”nda Xəyalə Sevil, Hafiz Hacıxalıl, Tural Balabəyli, Rauf Qərib Alagöz, Bilal Alarlı, Ehtiram İlhamın şeirləri yer alıb.

Jurnalın bu sayında Məti Osmanoğlunun “Vaqif Bəhmənli ilə görüşdən antireportaj”ı da təqdim edilib.

“Ulduz”un budəfəki “Tərcümə saatı”nda Avstriya yazıçısı Peter Rozeqqerin “Ata sözü naminə” hekayəsi dərc olunub. Hekayəni alman dilindən Talehə Əliyeva çevirib.

Nəsrsevərlər jurnalın bu sayında Zərifə Əliqızının “Gözcük” novellası, Kamran Nəzirlinin “İlk görüş”, “Gözəl yuxu”, Şəhriyyə Qəzənfərqızının “Sevgisiz həyat” hekayələrini oxuya bilərlər.

“Ulduz”un ənənəvi “Debüt” rubrikasında Seymur Sunun şeirləri, Çinarə Nüsrətlinin “Asfalt zavodu”, Etibar Salmanovun “Mənim hekayəm” əsərləri öz əksini tapıb.

Ramilə Qurbanlının “Balacalar üçün ədəbiyyatın böyük problemləri” məqaləsində mövzu ilə bağlı maraqlı fikirlər qələmə alınıb.

Professor Buludxan Xəlilovun “Bəxtiyar Vahabzadənin pedaqoji görüşləri: müəllim həssaslığı, gənclərə qayğı” yazısında xalq şairinin portret cizgiləri yer alıb:

“Bəxtiyar Vahabzadə müəllim həssaslığını ən mühüm keyfiyyət kimi, vəzifə borcu kimi dəyərləndirir.

Doğrudan da tələbəni bir-birindən ayırmaq, seçmək, fərqləndirmək üçün müəllimin məsuliyyəti böyükdür.

Bəxtiyar Vahabzadə bu məsuliyyətdən çıxış edən bir müəllim kimi deyirdi: “İmtahan qəbul edən müəllim, birinci növbədə cəmiyyət qarşısında boynuna götürdüyü vəzifənin çətinliyini dərk etməlidir. Yaxud:

“Müəllim pedant olduqca ali məktəb üçün seçdiyi gənclər də pedant olacaq. Mən imtahan qaydalarındakı bu pedantizmin əleyhinəyəm”.

Elmar Vüqarlının Kreyq Kansiddən tərcümə etdiyi “Rumi və Emerson-Qərb dünyası ilə İslam dünyası arasında körpü” yazısı da jurnalın may sayında oxuculara təqdim olunub:

“Bu gün dünya mənəvi inamsızlıqdan, qarşısıalınmaz müharibələrdən əziyyət çəkir. Buna baxmayaraq, əgər biz Rumi və Emersonun yazılarına qayıtsaq, onda Şərq və Qərb dünyası - müsəlmanlar və qeyri-müsəlmanlar arasında möhkəm mənəvi körpü tikmək üçün ilham tapa bilərik.

Ona görə ki, bu iki mistik şəxsiyyətin yazıları “qərb mədəniyyəti” ilə islam dünyası arasında “sivilizasiyaların toqquşması” cəfəngiyyatını bizə xatırlatmalıdır. Rumidə də, Emersonda da biz sivilizasiyaların toqquşmasını deyil, onların bir-biri ilə qaynayıb-qarışdığını görürük”.

Firuz Mustafanın “Marian çökəkliyi” pyesi də jurnalın bu sayında dərc edilib.

Qəşəm Nəcəfzadənin təqdimatında “Tanış olun: Şəfa Vəli”  yazısı jurnalın ənənəvi “Hücrə” rubrikasındadır.

İranlı mühacirlər ədəbi birliyinin üzvləri-Taryel Ümid, Şövkət İmami, Sahib İmaninin şeirləri də jurnalın bu sayında işıq üzü görüb.

“Ulduz”un ənənəvi “Dərgidə kitab” layihəsinin budəfəki qonağı “Balıq gülüşü” ilə Mübariz Örən olub. Layihədə müəllifin “Balıq gülüşü”, “Şpaqat vəziyyəti”, “Skayp”, “Qar tanrısı” hekayələri verilib.

Jurnalı alanlar Novruz Nəcəfoğlunun “Bir mən oyaqdım” hekayələr kitabını və Elçin İsgəndərzadənin 50 yaşı münasibətilə buraxılmış şeirlərindən ibarət CD diskini hədiyyə kimi əldə edə bilərlər.

S.MÜRVƏTQIZI

 





30.05.2015    çap et  çap et