525.Az

Film Fondunda Valeri Kərimovun yubileyi keçirilib


 

Film Fondunda Valeri Kərimovun yubileyi keçirilib<b style="color:red"></b>

Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi təşkil olunub.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.
 
Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək istedadlı kinooperator Valeri Kərimovun yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Valeri Kərimov özünəməxsus operator yozumu ilə seçilib. O, Azərbaycan kino salnaməsində uğurlu, maraqlı filmləri ilə yadda qalıb. Dedektiv, macəra, psixoloji-dram, uşaq filmi kimi müxtəlif janrlarda ekran əsərləri çəkən Valeri Kərimov çox universal və fərdi xüsusiyyətlərə malik sənətkar olub.

Kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə qeyd edib ki, Valeri Kərimov professional kinooperator kimi 30-dək film çəkib.

O, çəkdiyi filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm edib. Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi “Çarvadarların izi ilə” adlı bədii televiziya filmi olub. Elə həmin il operator “Ömrün səhifələri” kinoalmanaxında iki novellanı - “Baladadaşın ilk məhəbbəti” və “Nəğmə dərsi”ni lentə alıb. Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda filmlər var. Bunlar “Alma almaya bənzər”, “Yuxu”, “De ki, məni sevirsən”, “Qaladan tapılan mücrü”, “Arxadan vurulan zərbə”, “Qorxma, mən səninləyəm”, “Qızıl uçurum”, “Yarımçıq qalmış mahnı”, “Ailə”, “Sizi dünyalar qədər sevirdim”, “Bir ailəlik bağ evi”, “Ötən ilin son gecəsi”, “Sürəyya” və digər filmlərdir. Onun sonuncu çəkdiyi film “Ailə” olub.

Valeri Kərimov özünü rejissorluq sahəsində də sınayıb. “Həmyerli” bədii filminə quruluş verən kinooperator bu filmlə rejissor kimi debüt edib.

Digər çıxış edənlər sənətkarla bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, Valeri Kərimov sənət aləmində öz imzasını qoymuş sənətkarlarımızdandır.

Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi, videoçarx və çəkdiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.

S.ABDULLAYEVA

 





30.05.2015    çap et  çap et