525.Az

Başını yerində saxlayıb ürəyini uşaq ürəyi kimi qurmaq


 

“AZƏRBAYCANFİLM”in “DƏRS” FİLMİ BARƏDƏ QEYDLƏR

Başını yerində saxlayıb ürəyini uşaq ürəyi kimi qurmaq <b style="color:red"></b>

Keçid dövrünün durğunluğundan sonra yenidən dirçəlməyə başlayan milli kinomuzun son layihələrindən biri uşaqlara həsr edilib.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi bu bədii ekran əsəri “Dərs” adlanır.

Dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, redaktoru Ramiz Rövşəndir. Uşaq rollarında Bakı məktəbliləri Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və digərləri, böyük rollarında isə Nazim İbrahimov (Azərbaycan Yazıçılar Birliyinin sədr müavini), Mənsurə Əhmədova, Rasim Cəfər və başqaları çəkiliblər.

Xatırladaq ki, “Dərs” yeni yüzildə uşaqlar üçün çəkilən ilk bədii filmdir. Məktəbli yeniyetmələrin həyatından bəhs edən filmin ideyası klassik kodekslərin inkarı üzərində deyil, yeni həyat, yeni dövr şərtlərinə uyğun davamı üzərində qurulub. Zamandan, dövrandan, coğrafiyadan asılı olmayaraq, uşaq hər yerdə, hər zaman uşaqdır və ona aşılanan insani-əxlaqi dəyərlər də eynidir; dostluq, mərdlik, dürüstlük,çalışqanlıq, böyüklərə sayğı,şücaət,yurda sevgi... “Dərs”də əsas planda uşağın cəmiyyətə adaptəsində mühüm rol oynayan dostluq və ünsiyyət xətti izlənir.

Filmin qəhrəmanı ziyalı ailədə tərbiyələnmiş nəcib, nümunəvi və iddiasız bir vunderkinddir. Adı Xalid olsa da, gonbulluğu üzündən sinif yoldaşları onu “Begemot” deyə çağırırlar. Zəmanənin təsiri ilə bir qədər də “ulduz” xəstəliyinə yoluxan bizim oğlan, bu sifətləri özünün malik olduğu gözəl keyfiyyətlərdə deyil, məktəbin ən yaxşı futbolçusu, yaxud bütün qızların kumiri olmaqda görür və bu səbəbdən Asiflə dostluğa can atır. Lakin bütün çabalarına, xeyirxahlıq və fədakarlığına rəğmən uzatdığı əl havada qalır, “dost” onu dolayır, istifadə edir, sonra da müəllimə xəbərçilik etməkdə suçlayaraq bütün sinfin gözündən salıb pisikdirir.

Təminatlı ailədən çıxmış vunderkind bu vəziyyətdə müharibə dövrünün uşaqlığından bəhs edən “Şərikli çörək” filmindəki yetim oğlana bənzəyir. Ailənin itmiş çörək kartoçkasını tapıb dükandan çörək “payoku” alan tifilə inanmayan məhəllə uşaqları onu oğru hesab edirlər. Lakin kino həyat qədər acımasız olmadığından, həm də tərbiyəvi məqsədləri hədəflədiyindən, hər iki filmin sonunda uşaqların günahsız olduğu üzə çıxır və ədalət yerini alır.

lll 

Uşaq təxəyyülünün harada başlayıb harada qurtardığı mübahisəli məsələdir. Mühüm olan uşağın qavraya biləcəyi formanı tapmaqdır.Görkəmli uşaq yazarı Korney Çukovskinin ifadəsiylə desək, uşaqlar üçün uğurlu və inandırıcı bir şey yaratmaq istəyirsənsə, uşağın çəkmələrini geyinməlisən. Bu prinsip gözlənildiyi təqdirdə, uşaqla istənilən janrda və istənilən məzmunda anlaşmaq mümkündür.

Sovet dönəmində çəkilmiş uşaq filmlərimiz bu baxımdan rəngarəngdir. İstər nağıl estetikasında (“Sehrli xalat”, “Bir qalanın sirri”, “Qərib cinlər diyarında”), istər realist üslubda çəkilmiş (“Şərikli çörək”, “Qaraca qız”, “Ögey ana”, “Mən mahnı qoşuram”, “Asif, Vasif, Ağasif”) maraqlı uşaq filmlərimiz var. “Dərs”in yaradıcıları da realizm mövqeyini tərcih etmişlər. Açıq, sınırsız , praqmatik dünyada yaşayan, valideynlərindən çox zəmanələrinə bənzəyən və “ana bətnində dil öyrənən” müasir uşaqları nağıl və əsatirlə, fantastik hekayətlərlə həyata hazırlamaq çətinləşdiyindən, filmdəki örnəklər bilavasitə, həyatın öz içindən alınıb.Obyektivə gətirilən olaylar o qədər həyati və tipikdir ki, məktəb həyatımızda bu və digər şəkildə hər birimiz iştirakçısı olmuşuq. Məsələn, dərsi pozaraq müəllimi məqsəddən yayındırmaq, hazırlıqsız şagirdə him-cimlə, gizlicə kitab tutmaqla “yardım” etmək, sözü bir yerə qoyub qaçmaq və ya sinfin liderlərinin diqtəsi ilə birisini boykot edib pisikdirmək kimi ağılsız şeylər. Belə kütləvi aksiyalar bəzən hətta hədəfə alınan uşağın məktəbdən getməsinə, xəstələnib yatağa düşməsinə qədər yoğunlayır. “Dərs”in qəhrəmanı yatağa düşsə də, müvazinətini itirmir və bu işdə babası ona mənəvi dayaq olur.

lll

Baba filmdə keçmişi təmsil edən, amma mühafizəkarlıqdan uzaq olan praqmatik bir düşüncə sahibidir. Özü alim olsa da, nəvəsinə dərsini yaxşı oxu, gələcəkdə böyük adam ol və bu kimi ənənəvi öyüdlər verdiyini eşitmirik ondan. Çalış, doğru bildiyin şəkildə yaşa, doğru bildiyini et- babanın nəvəyə təlqin etmək istədiyi amal budur. Xalidin məktəbin ulduzuyla dost olmaq çabaları da baba tərəfindən təqdir olunmur: “Sən niyə məhz Asiflə dost olmaq istəyirsən ki? Məgər başqaları dostluğa layiq deyil? Çalış, özünə, ürəyinə xilaf çıxma və elə et ki, qoy səninlə dostluğa can atsınlar”. Misallardan da göründüyü kimi, baba canfəşanlıqla repetitorluq etmək iddiasında deyil, sadəcə, gərəkəndə təcrübəli, bilgəbir məsləhətçi kimi nəvəsinin yanında olur. Doğrudur, Sovet dövrünün uşaqlığı barədə söhbət edərkən, o, bir qədər nəsihətçi təsir bağışlayır, amma diqqət edərkən babanın bunu ancaq bilgiləndirmək məqsədi ilə etdiyini görürük. 13-14 yaş uşağın yeniyetməlik dövrünə təzəcə qədəm basdığı, həyatının qərarını özü vermək və sərbəst olmaq havası ilə yaşadığı çox həssas bir dönəm olduğundan, filmin yaradıcıları babanı mümkün qədər liberal, müşahidəçi mövqedən təqdim etməklə, pafosdan, ritorik intonasiyalardan qaçmışlar.

lll

“Dərs”i nə Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Tofiq İsmayılov, Həbib İsmayılov kimi tanınmış rejissorlar çəkib, nə də rollarda İsmayıl Osmanlı, Nəcibə Məlikova, Həsən Turabov, Amalya Pənahova kimi aktyorlar oynayır. İstər ssenari və rejissura, istərsə də oyunçu qrupu baxımından “Dərs” demək olar ki, bir debut filmidir və onun amacı uşaqların fonunda kristal Sovet müəllimi (“Bizim Cəbiş müəllim”), yaxud, nəcib bir ana obrazı (“Ögey ana”) yaratmaq olmayıb, sırf uşaqlara və onların dünyasını açmağa xidmət edir. Bu səbəbdən, filmdə nisbətən çox görünən baba və Nəsibə müəllimə də daxil, böyüklərə ayrılan bütün rollar epizodik səciyyəlidir.

“Dərs”in uğurları kimi, kəsirləri barədə, məsələn, bədii filmdə publisistik intonasiyanın güclü olması, rolların səsləndirilməsinə diqqətsizlik və sair məqamlar üzərində də xeyli dayanmaq olar. Amma indiki şəraitdə kəskin tənqidə ehtiyac görmürük. Çünki bu, yuxarıda qeyd etdiyimiz kimi, həm bir debüt filmi, həm də parlaq kino ənənələrimizin qırıldığı, uzun boşluqdan sonrakı özünəqayıdış təşəbbüslərindən biri olduğu üçün metodologiya və platforfa təqdimatına da, bədii-estetik plankaya da bu şərtlər daxilində baxılmalıdır.

lll                              

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk dövlət başçısına gəlincə ilk dekreti uşaqlar barədə verib, parlamentdə ilk qanunda onlar haqqında çıxarılıb. Keçmiş SSRİ-də Lenin mükafatı təsis olunanda ilk mükafatları Korney Çukovski, Marşak, Sergey Mixalkov kimi uşaq yazarlarına veriblər. Bütün dünyada uşaq təfəkkürünə ötürülən hər sözün, hər informasiyanın üzərində pedaqoqlar, psixoloqlar, sosioloq və filosoflar işləyir. Çünki o informasiyalar uşaqların beynində kodlaşmaqla onların gələcək həyat tərzinə,yol, mövqe seçiminə, nəhayət, bəşəriyyətin taleyinə təsir göstərir.Uşaqların tərbiyəsində sənətin də çox böyük rolu olduğundan, balaca varlıqlar üçün yazılan, çəkilən hər şey böyük fəlsəfi əsaslara, tərbiyəvi məqsədlərə söykənməlidir. Amma elə etməliyik ki, uşaq onu anlayıb, idrak edə bilsin. Qısaca, başını yerində saxlayıb,ürəyini uşaq ürəyi kimi qurmaq və görülən işləri sol əllə deyil, sağ əllə görmək lazımdır.

 





01.06.2015    çap et  çap et