525.Az

Sərhəd Xidməti Xəzərdə müşahidə və aşkaretmə imkanlarını artırıb


 

Sərhəd Xidməti Xəzərdə müşahidə və aşkaretmə imkanlarını artırıb<b style="color:red"></b>

Bu il Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Xəzər dənizində müşahidə və aşkaretmə imkanları əhəmiyyətli dərəcədə artırılıb.

 APA-nın məlumatına görə, bu barədə DSX-də 2012-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Xidmətin rəisi, general-leytenant Elçin Quliyev bildirib.
 
Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsinə, neft yataqlarının mühafizəsində müvafiq vəzifələrin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyini deyən E. Quliyevin sözlərinə görə, DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri tərəfindən dövlət sərhədinin mühafizəsi Xəzər dənizinin Azərbaycana sektorunun mərkəzi, cənub və şimal hissələrində – Çilov və Nargin adaları, Neft Daşları, Neftçala, Lənkəran və Astara istiqamətlərində təşkil edilib.
 
«Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycanın mənafelərinin qorunması sahəsində önəmli nailiyyətlər əldə olunub », - deyə general əlavə edib.
 
DSX rəisi cari ilin aprel ayında Sahil Mühafizəsinin bütün üzmə vasitələri cəlb olunmaqla 9 mövzudan ibarət 3 mərhələdə keçirilmiş genişmiqyaslı taktiki təlimlərdə yüksək döyüş hazırlığı nümayiş etdirildiyini vurğulayıb.
 
Onun sözlərinə görə, hesabat dövründə sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 80, Rusiyaya məxsus 18, İrana məxsus 3, Türkmənistana məxsus 5 gəmiyə, Azərbaycana məxsus 539 kiçik həcmli motorlu qayığa baxış keçirilib. Azərbaycana məxsus 18, Rusiyaya məxsus 5, İrana məxsus 1 gəmi və Azərbaycana məxsus 250 qayıq barəsində zəruri tədbirlər görülüb.

 





14.12.2012    çap et  çap et