525.Az

Vaqifin Vaqifsiz ilk doğum günü - Xalq yazıçısı Anar yazır


 

Vaqifin Vaqifsiz ilk doğum günü - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

Bu günlərdə cib telefonuma zəng gəldi. Açdım. Diksindim. VAQİF SƏMƏDOĞLU yazılmışdı. Həyat yoldaşı Nüşabə xanımdı, Vaqifin telefonundan zəng edirdi.

V.Səmədoğlunun haçansa mənə ithaf etdiyi şeirindən misraları xatırladım:

Dostum,
mən öləndən sonra
Basarsan maqnitofonun
səs qaytaran düyməsini,
bir dəfə də eşidərsən
artıq döyünməyən
qəlbimin səsini.

Bütün bunların təsiriylə Vaqifin doğum günü ərəfəsində bu şeir yarandı.
        
Hey ölümdən yazardı...
Ölüm - ani son deyil,
Ölüm çarəsiz, uzun,       
Sağalmaz bir azardı.
         
İndi  sənin yoxluğun,
Özü belə  yönəldir
yazı yazan əlimi         
 "Məgər bilmirsən- deyir,
Həyat - müvəqqətidir,
Ölüm  - daimi".
                  
Ən uzun həyatın da
Sonu ölümdür ancaq
Ömür ötüb geçəcək,
Bizə ölüm qalacaq.
Ölümün qorxusunu
zarafata salırdın,
xəstəlikdən, ölümdən
bu cür qisas alırdın.
Kanseri lağa qoydun,
xərçəngə rişxənd etdin
Ömrünün son anında
ölümə güldün getdin.
Həmin dənizdir dəniz,
Həmin yağışdı sənsiz,
Həmin günəşdi sənsiz...
Dünyam bomboşdu sənsiz..
Sənsiz ötüşüb keçir
Günlər, həftələr, aylar...
Bura həmin Buradır.
Vaqulya, Orda nə var?

3 iyun 2015

 





04.06.2015    çap et  çap et