525.Az

"Bizim Böyük Ailəmiz" adlı xeyriyyə tədbiri - Fotoreportaj


 

"Bizim Böyük Ailəmiz" adlı xeyriyyə tədbiri - <b style="color:red">Fotoreportaj</b> Bu gün Bakıda Təhsil Nazirliyinin dəstəyi ilə "Bizim Böyük Ailəmiz" adlı xeyriyyə satış sərgisi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin üzvləri Zahid Oruc, Fazil Mustafa, Səməd Seyidov, Hadı Rəcəbli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və digər nüfuzlu şəxslər iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanda uşaqların, xüsusilə də qayğıya ehtiyacı olanların rifahının yüksəldilməsi daim dölvətin diqqət mərkəzində saxlanılır: "Sağlamlıq imkanları məhdud, qayğıya ehtiyacı olan uşaqların müdafiəsi, onların cəmiyyətə uğurlu inteqrasiyasının təmin olunmasıyla bağlı görülən işlərlə dövlət başçısı İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva yaxından maraqlanırlar: "Prezident İlham Əliyevin 2006-cı ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində indiyədək 348 uşaq ailələrinə və yaxın qohumlarının himayəsinə qaytarılıb, 589 nəfər uşağın müəssisəyə yerləşdirilməsinin qarşısı alınıb".

Nazir bildirib ki, dövlət uşaq müəssisələrində alternativ xidmət yaradılıb: "Hazırda tabeliyində 10 nəfər qız uşağı üçün tikilib istifadəyə verilən Ailə tipli kiçik qrup evi fəaliyyətə başlayıb. Lənkəran şəhərində oğlan uşaqları üçün tikilən Ailə tipli kiçik qrup evi isə sentyabrda istifadəyə veriləcək".

M.Cabbarov uşaq müəssisələrinin transformasiyası haqqında Baş plan barədə də danışıb: "Baş plana uyğun olaraq, on iki internat məktəbi peşə lisseyinə, ümumtəhsil məktəblərinə və gimnaziyalara transformasiya olunub. İki internat məkətbi isə ləğv edilib. Bu il daha yeddi internat məktəbinin transformasiyası nəzərdə tutulub".

Nazir xatırladıb ki, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları üzündən internat məktəblərinə yerləşdirilib: "Ölkədə inteqrasiyalı və inklüziv təhsilin tətbiq olunması nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin də transformasiyası mümkün olacaq. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi də transformasiyası nəzərdə tutulan müəssisələrdən biridir. Bu təhsil ocağı sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəsisəsidir. İnteqrasiya təlimli təhsil müəssisəsində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi şagird kontingentinin iyirmi faizini təşkil edir. Hazırda internat məktəbində 909 şagird təlim-tərbiyə alır. Onlardan 629-u ümumtəhsil siniflərində, 172-si xüsusi siniflərdə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 115 nəfər pedaqoji işçi məşğul olur. 2014-2015-ci tədir ilində internat məktəbinin 52 məzunundan 18-i sağlamlıq imkanları məhdud olan şagirdlər olub".

Daha sonra mətbuat nümayəndələrinə açıqlamasında nazir M.Cabbarov xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial-humanitar vəziyyətindən danışaraq qeyd edib ki, hər bir uşağın öz istedadı var, xüsusilə də qayğıya ehtiyacı olan uşaqlarda həmin istedadı üzə çıxarmaq müəllimlərin böyük zəhməti nəticəsində baş verir: "Bu baxımdan növbəti tədbir uşaqların cəmiyyətə inteqrasiyası üçün görülən işlərdən biridir.

İnternat məktəblərinin ləğv olunması prosesi dövlətlə institutlaşma proqramı əsasında nəzərdə tutulan prosesdir. Ona görə də bu proses müxaniki şəkildə həyata keçirilmir. Məqsəd ondan ibarətdir ki, mövcud olan internat təhsil müəssisələrində vəziyyəti ildən-ilə təkmilləşdirərkən orada təhsil alan uşaqların tədricən bioloji ailələrə və yaxud da yeni tipli münasibətlər formasına keçidi və bununla da onların ümumtəhsil məktəblərinə qatılması, inklüziv təhsillə əhatə edilməsi kimi proseslərin həyata keçirilməsidir.

Bu proseslər bir-birinə bağlıdır. Aydın məsələdir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil prosesinə cəlb edilməsi əlavə resusrlar tələb edir. Bu proseslər davam etdiriləcək və internat məktəblərinin ümumtəhsil, peşə məktəblərinə çevrilməsi nəticəsində onların sayı azalacaq, qayğıya ehtiyacı olan uşaqların rifah halının yüksəldilməsi məsələsi öz həllini tapacaq. Ümumi vəziyyətə baxdıqda, hesab edirəm ki, bu sahədə son illərdə müsbətə doğru dəyişikliklər baş verir. Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı göz qabağındadır. O cümlədən, Təhsil Nazirliyi və digər aidiyyəti orqanlar tərəfindən daim fəaliyyət göstərilərək çalışılır ki, mövcud problemlər yüksək ixtisaslı kadrların - direktor və müəllimlərin köməkliyi ilə öz həllini tapsın".

M.Cabbarovun sözlərinə görə, inklüziv təhsilin mənası və fəlsəfəsi ondan ibarətdir ki, bütün uşaqlar eyni siniflərdə təhsil alacaq: "Yəni, burada xüsusi qayğıya ehtiyyacı olan uşaqlar üçün ayrıca bir sinifin yaradılmasından söhbət getmir. Məhz sosiallaşma və təlim-tədris prosesi nəticəsində bütün uşaqların bir məkanda təhsil alması nəzərdə tutulub. Təbii olaraq, məktəb bunun üçün hazırlanmalıdır. Həm maddi-texniki infrostruktur, həm təlim-tədris prosesi, həm də ştatların mövcudluğu məsələləri həll olunmalıdır.

Ona görə də, bu pilot layihəyə ilkin mərhələdə iki məktəbdən başlamışıq. Say məsələsinə gəldikdə isə dəqiq rəqəmlər açıqlamaq hələ tezdir. Çünki bu qarşılıqlı prosesdir və valideynlərin qərarlarından asılı olacaq. Pilot layihə olduğuna görə, bizim əsas məqsədimiz birinci ildə mümkün qədər çox uşağı bu prosesə cəlb etməkdən, bu modeli sınamaqdan, düzgün şəkildə hazırlamaqdan, nəticələr çıxarmaqdan ibarətdir".

Nazir qeyd edib ki, birinci siniflərə qəbul prosesi hələ də davam edir: "Ona görə də dəqiq rəqəmləri tədris ili başlayanda açıqlamaq mümkün olacaq. Azərbaycanda çox müsbət demoqrafik vəziyyət olduğuna görə biz növbəti tədris ilində də şagirdlərin sayında artım gözləyirik. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, Təhsil Nazirliynin orta müddətli proqnozlarına əsasən, növbəti beş il ərzində  ümumtəhsil müəssisələrində şagirdlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Bu da öz növbəsində təhsil sistemində yeni çağırışlara cavablar tələb edir. Biz planlaşdırılmış şəkildə, həm Təhsil Nazirliyi, həm də hökumətin müvafiq qurumları olaraq aidiyyəti üzrə proqnozlarımızı hazırlamışıq".

M.Cabbarov əlavə edib ki, bir çox dövlətlərdə uşaqların təhsildən yayındırılması hallarının qarşısını almaq üçün cəza növləri də təyin olunub: "Bəzi ölkələrdə bu inzibati cəza kimi, bəzilərində isə cinayət məcəlləsinin müvafiq bəndinin pozulması kimi qiymətləndirilir. Yəni, biz burada izibati tədbirlərə əl atmaqdansa daha çox şüurun üzərində çalışmalıyıq. Başqa sözlə, təhsilin dəyər olmağı, ölkəmizin hər bir övladının, vətəndaşının təhsil almasının müqəddəs konstitusiyon hüququ sayıldığı və onun gələcəyi üçün təhsilin keyfiyyətinin vacib şərt olduğunu nəzərə almalıyıq. Ən vacib məsələ isə bu işi hər hansı bir dövlət orqanın fəaliyyəti kimi deyil, ümummilli iş kimi qəbul etməliyik".

Qeyd edək ki, Sərgidə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin sağlamlıq imkanları məhdud şagirdlərinin hazırladığı 200-dək rəsm və əl işləri nümayiş olunub. Satışdan əldə olunan vəsait Bilgəh qəsəbəsində yerləşən Qocalar Evinin sakinlərinin yay istrahətinin təşkil olunması üçün həmin müəssisənin hesabına köçürüləcək.

Ceyhun ABASOV
 





04.06.2015    çap et  çap et