525.Az

"Dahinin istəyi, qələmin qüdrəti" təqdim edildi


 

"Dahinin istəyi, qələmin qüdrəti" təqdim edildi<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin mətbuat tarixi kafedrasının müəllimi, filologiya elmləri namizədi Qərənfil Dünyaminqızının "Dahinin istəyi, qələmin qüdrəti" kitabının təqdimatı keçirilib.

Tanınmış ziyalılar və mətbuat nümayəndələrinin iştirak etdiyi mərasimi Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb.

O bildirib ki, Qərənfil Dünyaminqızı jurnalist və publisist kimi fəaliyyət göstərməklə yanaşı, həm də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin mətbuat tarixi və ideologiyalar kafedrasının dosentidir.

"Qərənfil xanımın mətbuatda ilk çıxışı onun hələ 10 yaşına təsadüf edib. Bu gün təqdimatını keçirdiyimiz "Dahinin istəyi, qələmin qüdrəti" kitabı müəllifin il ərzində ayrı-ayrı mətbuat orqanlarında yayımlanan məqalələr toplusundan ibarətdir.

Qeyd edim ki, kitabda 45-ə yaxın məqalə mövcuddur. Bu kitabda toplanan məqalələrdə Azərbaycan jurnalistikasına yeni baxış ortaya qoyulub.

Eyni zamanda kitabda XIX əsrin sonu, XX əsrin əvəllərində azərbaycançılıq məfkurəsinin və Azərbaycan xalqının formalaşmasında ictimai siyasi xadimlərin və Azərbaycan jurnalistlərinin rolundan danışılır. Burada ayrı-ayrı insanlar - Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı , Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əhməd bəy Ağaoğlu, Həsən Səbri, Abdulla Şur və başqalarının mətbuat tariximizdəki rolu haqqında geniş məlumat verilib".

"Kaspi" qəzetinin həmtəsisçisi, şairə, filologiya elmləri namizədi Sona Vəliyeva Qərənfil xanımın  cümhuriyyət haqqında yazdığı "Cümhuriyyət dövründə Azərbaycan mətbuatının inkişafı" və "Milli tərəqqiyə doğru" kitablarından da söz açıb:

"Qərənfil xanım hər şeydən öncə jurnalist, tədqiqatçı, araşdırmaçıdır və mən onu neçə illərdir tanıyıram.

Əsas odur ki Qərənfil xanım arxiv materialları əsasında gözəl bir kitab ortaya qoyub. Bu mənada mən Qərənfil xanımın yazılarını mətbuatda hər zaman izləmişəm. "Dahinin istəyi, qələmin qüdrəti" kitabı tarixi mənbə olduğu kimi böyük sevgi ilə yazılıb".
 
Sona Vəliyeva müəllifin bir neçə məqaləsinə təhlili yanaşaraq onların yüksək bədii keyfiyyətlərindən da danışıb və bildirib ki, Qərənfil xanım da Cümhuriyyət dövrü jurnalistikasının tədqiqatçısıdır.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik  Abel Məhərrəmov, BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, mətbuat tarixi və ideologiyalar kafedrasının müdiri Cahangir Məmmədli kitab barədə fikirlərini söyləyiblər.
 
Abel Məhərrəmov bu kitabın metodiki vəsait kimi də istifadə oluna biləcəyini deyib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Şərq" qazetinin baş redaktoru Akif Aşırlı və digər çıxışçılar da kitabın əhəmiyyətindən danışıblar.

Sonda cıxış edən müəllif tədbir iştirakçılarına və kitabın işıq üzü görməsində əməyi olan şəxslərə öz minnətdarlığını bildirib.

Ramil HİKMƏT

 





05.06.2015    çap et  çap et