525.Az

Sənə deyəcəklərim


 

Afaq Şıxlının "Sənə demədiklərim" kitabını oxuyarkən düşündüklərim

Sənə deyəcəklərim<b style="color:red"></b>

Afaq bacım, səni özündən qabaq şeirlərini tanımışam. Elə hey səsin gəlir qulağıma. O səs ki, onda həsrət, nisgil, qəriblik duymuşam:

Bir daş altda, bir daş üstə,
Üyünən dənə dönürəm.
Yaralıyam, bir ahəstə,
Sədaya, ünə dönürəm.

Yazı yazan yazıb düzüb,
Qədəhimə kədər süzüb.
Qürbət məni yaman üzüb;
Qayıdıb yenə dönürəm.
 
O səs ki, onda dosta sədaqət, etibar görmüşəm. Heç kəsi unutmayıb o səs... O səs ki, özündən əvvəl gəlib istədiklərinin xoş gününə. Mərhum Adil Mirseyidə hamımız ağladıq, hamımız yandıq. Amma sənin yanğın, şeirində daha fərqli, özünəməxsus idi:

...Bir səs gəldi,
Bir ürəyə
"dayan" dedi, bir kərə!
Neçə misra
Gözlərini
Yumdu kitab-dəftərə...

...izdihamın yoxdu sonu,
sözlər verib əl-ələ;
bu gün şair yol üstədi,
köç edir son mənzilə...

Sən dostcanlısan, vəfalısan. Bakıya gələndə bütün dostlarınla görüşürsən, dərdləşirsən. "Ulduz" jurnalına baş çəkirsən. Şair Qulu Ağsəsə yazdığın şeiri xatırladım:

mən onu özümə bənzətdim,
eynəyindən, qaşlarının düyünündən...
sözünü sözümə bənzətdim,
nisgilindən, sətirlərin küskünlüyündən...
düşündüm,
bu dünyada mənə oxşar kimsə varmış,
O -kişi, mən -qadın olsaq da!
O, vətəndə Qarabağsız,
Mən qürbətdə Vətənsiz qalsaq da!
Xəyalpərəstik:
Mən də,
O da.
Gözəl bir kəlmə üçün özümüzü atarıq oda.
Nəsimitək dərimiz soyulsa da,
Deyərik sözün düzünü!
Tək bir fərqimiz var:
Mən qəriblikdə donaraq yaşayıram,
O isə "üşüsə yandırar özünü"...

Onsuz da şairlər hamısı üşüyür. Afaq xanım, Xəyal Rza gözəl şairdir, işıqlı insandır. "Yoxdu" adlı şeirində elə bil Xəyalın işıqlı portretini yaratmısan:

Mən səni çox gördüm gülüb-danışan,
Nədən, gözlərinin güldüyü yoxdu?
Nə çoxdu dövrəndə yanıb-alışan...
Dərdindən kimsənin öldüyü yoxdu?
Afaq, hərdən özünü də itirir, "gəl məni axtaraq" deyirsən:

Gəl birgə, dünəndən, bu gündən keçib,
İşıqlı səhərə çıxaraq məni!
Hardasa itmişəm, tapa bilmirəm,
Mənə kömək elə, axtaraq məni!

Yayın istisində, payızın həsrətində, qışın sazağında, yazın gəlişində özünü görmürsənmi bacım? Kənardan tamaşaçıya  hər şey aydın görünür. Biz səni aydın görürük, Afaq, şeirlərin ünvanını dəqiq deyir.

Yadındamı, bacım, mənə bir bağlama yollamışdın. O, bağlamanın içində bir yaylıq da vardı. Şimal diyarda yaşasan da, oranın qürbət çiçəklərinin istilik rəmzi kimi gəlmişdi o yaylıq mənə. İlk dəfə o yaylığı görəndə çaşmışdım. Adətən, burdan gedənlərimiz aparır vətən yaylıqlarını. Ordan gələn yaylıq ordakı qadınlarımızın paklıq və ismət rəmzi kimi gəlmişdi sanki.

Afaq, sənə deyəcəklərim çoxdur. Ürəyim doludur. Amma deyəcəklərimin çoxunu "Sənə demədiklərim"lə bölüşəcəyəm.

Görüşənədək, bacım!

Fərqanə MEHDİYEVA

 





05.06.2015    çap et  çap et