525.Az

Serbiyadan bağışlanılmaz səhv


 

MÜBARİZ ƏHMƏDOĞLU: “İVİTSA DAÇİÇ HEÇ BİR SUTKA SÖZÜNÜ TUTA BİLMƏDİ”

Serbiyadan bağışlanılmaz səhv<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın baş nazirinin müavini, xarici işlər naziri İvitsa Daçiçin regiona səfəri bir daha onu göstərib ki, Qərb münaqişənin yeni fazaya keçməsində maraqlı deyil.

Sədrin Azərbaycan və Ermənistanda keçirdiyi görüşlər yalnız rəhbərlik etdiyi qurumun vasitəçilik institutunun qorunub saxlanılmasına hesablanan addımdır. Daçiç Bakı səfərində nikbin açıqlamalar verməsə də azərbaycanlı girovların azad edilməsi məsələsini Ermənistan prezidenti Serj Sarkisyanla danışıqlarda qaldıracağına söz verib. Lakin İrəvana yola düşən ATƏT sədri orada işğalçı dölvətin cinayətkar rəhbərliyi ilə keçirdiyi görüşlərdə bir kəlmə də olsun girovlar barədə söz deməyib. Hərçənd ki, beynəlxalq dairələrin və məlum dövlətlərin nümayəndələrinin Azərbaycana qarşı ayrı-seçkilik tətbiq etmələri, ölkəmizin problemlərini kənara qoyub gündəliyə dəxli olmayan məsələləri davamlı müzakirəyə çıxarmalarında təəccüblü heç nə yoxdur.

Xatırladaq ki, Avropa İtifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində mayın 21-22-də baş tutan Riqa sammitində də Azərbaycanın haqq işiylə bağlı bir kəlmə də olsun danışılmayıb. Qəbul olunan yekun bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Avropa İttifaqının hansı işlər görə biləcəyi öz əksini tapmayıb. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ torpaqlarını işğal etməsinə dair qəbul olunan dörd qətnamənin yekun bəyannamədə mövcudluğu barədə heç nə qeyd olunmayıb. Bir sözlə, Qərb dairələrinin Dağlıq Qarabağ probleminə lazımi qədər diqqət yetirməməsi Azərbaycanı tədbirli davranmağa məcbur edir. Bu baxımdan, rəsmi Bakıya yaxşı məlumdur ki, bölgədə prosesləri nizama salmağın yeganə yolu Rusiyadan keçir. Ona görə də, Azərbaycan şimal qonşusu ilə münasibətlərə böyük əhəmiyyət verir.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, rəsmi Belqradın mövqeyi qeyri-müəyyənlik təşkil edir: “Onlar Serbiyada hakimiyyətə gələrək özləri kimi dövlətin də siyasətini qeyri-ciddi ediblər. İvitsa Daçiç Bakıda girovlarla bağlı məsələni Ermənistana səfəri zamanı qaldıracağı barədə vəd versə də, heç bir sutka sözünü tuta bilməyib. ATƏT-in hazırkı sədri İrəvanda olarkən məsələnin heç adını da çəkməyib. Lakin iki il əvvəl Serbiya bizim başımızın altına yastıq qoyurdu ki, narahat olmayaq, əksinə onlarla xüsusilə iqtisadi sahədə əməkdaşlıq edək, investisiyalar yatıraq, Belqradı neft müqavilələrinə cəlb edək. Guya ki, onlar ATƏT-ə sədrlik dövrünə başlayanda ərazi bütövlüyü prinsipini göylərə qaldıracaqdılar. Ancaq bugünki hadisələr göstərib ki, serb rəsmilər vədlərinə əməl edə bilməyiblər. Çünki onlar öz əməllərinin sahibi deyillər. Azərbaycanın haqq işini qaldırmaq əvəzinə, Daçiç İrəvana səfəri zamanı Ermənistanla Serbiya arasındakı “tarixi” əlaqələrdən danışmağa başlayıb. Guya ki, hər iki dövlət Osmanlı imperiyasından əziyyət çəkiblər. Yəni, o bununla indiki Türkiyəni tənqid edir. Halbuki, bu məsələdə Türkiyəni tənqid etməklə elə Azərbaycanı da tənqid etmiş olub. Bunun başqa adı yoxdur. Daçiç Qarabağ münaqişəsi ilə məşğul olmaqdansa, Osmanlı tarixini araşdırmağa çalışır. Hərçənd, bu onun nə səlahiyyətləri, nə də peşəsinə uyğundur”.

M.Əhmədoğlu Serbiya ilə bağlı danışarkən ABŞ diplomatı Mariya İvanoviçi xatırladıb. Onun sözlərinə görə, bu serb əsilli xanım ABŞ-ın Ermənistanda səfiri olub: “İvanoviç MDB məkanında - Qığızıstanda, Ukraynada məxməri inqilabları təşkil edənlərdən biridir. Daha sonra onu Ermənistana səfir təyin ediblər. Həmin ərəfədə də - 2008-ci ildə Serj Sarkisyan onlarla insanı qətlə yetirərək prezident seçkilərində qalib gəlib. Daha sonra işğalçı rejimin rəhbəri qorxuya düşüb ki, qan üstündə hakimiyyətə gəldiyi üçün ABŞ onu qəbul etməyəcək. Ona görə də, həmin dövrdə Sarkisyan Türkiyə ilə münasibətləri normallaşdırmaqdan danışmağa başlayıb. Nəticədə, o Qarabağ siyasətini dəyişməyə məcbur olub. 2008-ci ilin mayında BBC-yə müsahibəsində Sarkisyan bildirib ki, Azərbaycan Dağlıq Qarabağa geib investisiya yatırmalı, orada yaşayan ermənilərlə iş görməlidir. O deyib ki, əgər Dağlıq Qarabağ erməniləri Azərbaycanı seçəcəklərsə, buyursunlar. Faktiki olaraq, bu Dağlıq Qarabağın Azərbaycana qaytarılması demək idi. Lakin Mariya İvanovic Dağlıq Qarabağ münaqişəsinin tənzimlənə biləcəyini hiss edən, eləcə də Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması nəticəsində ABŞ-a ehtiyacın qalmayacağını dərk edən kimi Serj Sarkisyanı öz tərəfinə çəkməyə başlayıb. Bundan sonra Ermənistan Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt mövqeyini yenidən ifadə etməyə başlayıb. Eyni zamanda, Sarkisyan 2008-ci ildə Türkiyə ilə futbol diplomatiyasına elə bir başlanğıc verib ki, sonu nə ilə bitəcəyi, prosesin harada dayanacağı əvvəlcədən məlum olub”.

ATƏT sədrinin regiona səfəri zamanı vəziyyətin bu qədər aşağı düşəcəyini təsəvvür etmədiyini deyən politoloqun sözlərinə görə, hesab edirdim ki, əgər İvitsa Daçiç Bakıda bu qədər vədlər veribsə, ən azı bunların iyirmi-otuz faizinə əməl edəcək: “Lakin heç bu qədərinə də əməl etməyib. Elə başa düşürəm ki, bizim əlacımız ona qalıb ki, gözləyək nə vaxt Serbiyanın ATƏT-də sədrlik müddəti bitəcək və biz prosesə yenidən davam edəcəyik. Azərbaycanın dövlət rəsmiləri nəzərə almalıdır ki, Serbiya tarixən də bu cür olub, indi də. Yəni, eyni şərtlərlə başqa Balkan dövlətinə investisiya yatırmaq imkanlarımız varsa, biz onu dəyərləndirməliyik. Albaniyanın ağır dövrlərini yaşamasına baxmayaraq, bu dölvətə sərmayə qoymağımız, Serbiyadan qat-qat sərfəlidir. Sırf Azərbaycanın prizmasından ən ideal variant Albaniyadır. Çünki gec-tez onlar dərk edəcək ki, Albaniyanı dirçəldən Azərbaycan, onun Prezidenti İlham Əliyev və dövlətin maddi imkanlarıdır. Serbiya isə Daçiçin regiona son səfəri ilə dövlətimizə qarşı qərəzli mövqedə olduğunu ortaya qoyub”.

Hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, ATƏT, BMT və digər beynəlxalq qurumlar azərbaycanlılara qarşı ədalətsiz və vicdansız mövqe nümayiş etdirirlər. Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin İrəvanda keçirdiyi mətbuat konfransından sonra bir daha əminliklə demək olar ki, Qarabağla bağlı bunlara ümid bəsləmək olmaz: “ATƏT-in fəaliyyətdə olan sədri kimi bu ikiüzlü İvitsa Daçiç kobud və bağışlanılmaz bir səhvə yol verib. O ATƏT-in deyil, sadəcə “Serbiyanın xarici işlər naziri kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm” sözlərini işlədib. Guya bunu Daçiç öz ölkəsi olan Serbiyanın təcrübəsi əsasında qeyd edib. Şəxsi qənaətimə görə, bu belə olmamalı idi. Belə çıxır ki, ATƏT adlı bir qurum və onun hazırkı sədri olan bu serb diplomat faktiki ölkəmizin beynəlxalq qurumlar olan BMT-in məlum dörd qətnamələrini, həmçinin ATƏT-in və Minsk qrupunun bu günədək olan yüzlərlə qərarlarını, Avropa İttifaqının və onlarla digər qurumların ərazi bütövlüyümüzlə bağlı qüvvədə olan qətnamə və qərarlarını saya salmır. İlk baxışda formal olaraq deyə bilərlər ki, axı bu şəxs Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bunu da olduqca vacib, fundamental məsələ kimi dəyərləndirib. Diplomat olmasam da, hər halda ali hərbi-siyası təhsilim mənə imkan verir ki, bəzi məqamları beynəlxalq hüquq və normalar çərçivəsində tutuşdurub, nəticə çıxarım. Bu serb siyasətçi Bakıya Serbiya baş nazirinin müavini və xarici işlər naziri kimi deyil, daha çox ATƏT-in sədri kimi, məhz Qarabağ məsələsi ilə bağlı rəsmi səfərə gəlib və bizi onun burada iki ölkə arasında deyil, bilavasitə Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər və sözlər maraqlandırıb”.

Hərbi ekspert əlavə edib ki, Bakıda  “gurultulu” sözlər səsləndirən İvitsa Daçiç İrəvanda tamam başqa not üzərində köklənərək siyasətçiyə yaraşmayan bəyanatlarla çıxış edib: “Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Minsk Qrupunun yeganə “dialoq formatı” olduğunu qeyd edən ATƏT-in fəaliyyətdə olan sədri “Minsk Qrupu öz işini davam etdirməlidir” sözlərini də diqqətə çatdırıb. Baxın-görün bu şəxs nə deyir: “Az-çox onların işindən razıyıq. Dialoqun yeganə formatı bu olmalıdır. Bu, saxlanılmalıdır”. Yəni, bundan sonra daha 20 ildən artıq müddətdə yaramaz və bədman qonşularımızla mənasız və məntiqsiz danışıqlar prosesi aparılmalıdır. Biz ATƏT-in yarıtmaz fəaliyyətinin bir bu qədər də davam etdirməsinə imkan verməməliyik. Bu ikiüzlü ATƏT-in fəaliyyətdə olan sədri kimi İvitsa Daçiçin guya İrəvanda azərbaycanlı girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələsini qaldıracağı ilə bağlı verdiyi vəd idi ki, o heç onlar haqqında bir kəlmə də olsun belə danışmayıb.

Budur bunların əxlaqı, daha doğrusu əxlaqsızlığı. ATƏT-in indiki və bundan əvvəlki sədrlərinin tam əksəriyyəti, o cümlədən, BMT-nin Baş katibi Pan Gi Mun və digərlərini açıq şəkildə boykot etmək lazımdır. Yetər artıq. Birinci Avropa Oyunlarından sonra hesab edirəm ki, bizim ən ümdə vəzifəmiz Qarabağ məsələsinin tez bir zamanda həlli istiqamətində olmalıdır”.

Ceyhun ABASOV

 





06.06.2015    çap et  çap et