525.Az

Sevda Məmmədəliyeva Strasburqdakı beynəlxalq toplantıda


 

Sevda Məmmədəliyeva Strasburqdakı beynəlxalq toplantıda <b style="color:red"></b>

Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin 4-cü iclası başa çatıb.
 
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda fəal iştirakı ilə yadda qalıb.

Tədbirdə Azərbaycan nümayəndə heyəti Prezident İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü “Bakı prosesi” çərçivəsində paytaxtımızda böyük uğurla təşkil olunmuş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri haqqında təqdimat keçirib.
 
Təqdimatda Forumdan kadrları əhatə edən videoçarx göstərilib, Şərq və Qərbin kəsişməsində yerləşən və özündə bir çox mədəniyyətləri əks etdirən Azərbaycanın mədəniyyətlərarası dialoqda rolu, Forumun iştirakçıları, konfrans və sessiyaları, Avropa Şurasının “Bakı prosesi”ndə iştirakı haqqında interaktiv formatda məlumat təqdim olunub.
 
Nazir müavini Sevda Məmmədəliyeva, həmçinin Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında danışıb və iclas iştirakçılarını bu möhtəşəm tədbirə dəvət edib.

Azərbaycan nümayəndə heyətinin təqdimatı böyük maraqla qarşılanıb və artıq bir neçə ölkə tərəfindən 2017-ci ildə keçirilməsi planlaşdırılan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əməkdaşlıq təklifləri irəli sürülüb.

Qeyd edək ki, iclasda Avropa Şurasının müvafiq sahələrdə konvensiyalarının icrası, 2016-2017-ci illərə dair proqram nəzərdən keçirilib, habelə növbəti iclasadək Rəhbər Komitəsinin sədri və büro üzvləri seçilib.

İclas zamanı “Kinematoqrafiya istehsalı üzrə Konvensiya”ya edilən dəyişikliklərin ilkin versiyası Avropa Şurası Nazirlər Komitəsi tərəfindən təsdiqlənməsi üçün müzakirəyə çıxarılıb və razılaşdırılıb, həmçinin “Avropa Landşaft Konvensiyası”na dair mart ayında Strasburqda keçirilmiş görüşün nəticələri təqdim olunub.

Müasir zamanda yeni texnologiyaların mədəniyyətə təsiri mövzusuna dair müzakirələrə də iclasda mühüm yer ayrılıb. Xatırladaq ki, “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma konfransı” keçən il Bakıda keçirilib. Bununla bağlı Rəhbər Komitəsi Azərbaycan hökumətinə təşəkkür edib və ikinci platforma görüşünün bu il sentyabrın 4-5-də ARS ELEKTRONICA təşkilatı tərəfindən Avstriyanın Linz şəhərində təşkil olunacağı bildirilib. Həmçinin Avropa Şurasının dəstəyi ilə yaradılan “Compendium” və “HEREİN” adlı internet platformaları haqqında müvafiq ekspertlər tərəfindən məlumat verilib və son bir il ərzində tətbiq edilən yeniliklər təqdim olunub.

İclas çərçivəsində, eləcə də Avropa İttifaqının maliyyə dəstəyi və Avropa Şurasının koordinatorluğu ilə həyata keçirilən “Tarixi şəhərlərdə icmalar tərəfindən idarə edilən şəhər strategiyası”na (COMUS) dair tərəfdaş ölkələrin görüşü keçirilib. Həmçinin aprel ayında Belçika Krallığının Namür şəhərində keçirilmiş Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlər konfransının nəticələri iştirakçıların nəzərinə çatdırılıb.

Nümayəndə heyətimiz Macarıstan Baş nazirinin aparatında irs şöbəsinin bölmə müdiri Katalin Csillag, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Emin Eyyubov, Avropa Şurasında demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Bas, demokratik idarəetmə şöbəsinin direktoru Klaudia Luçiani və digərləri ilə görüşlər keçirib. Görüşlərdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri və mədəniyyət sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin 4-cü iclasının yekun hesabatı qəbul olunub və bu sənədin katiblik tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin nəzərinə çatdırılacağı bildirilib.

S.ABDULLAYEVA

 





06.06.2015    çap et  çap et