525.Az

“Naşir”in yeni sayı


 

“Naşir”in yeni sayı<b style="color:red"></b>

Bugünlərdə “Naşir” jurnalının növbəti sayı nəşr olunub.

Dərgi ölkədə və xaricdə baş verən ədəbi yeniliklərlə açılır: Yeniliklər sırasında Ağdamda keçirilən kitab bayramı, Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatının təqdimatı, Vaşinqtondakı Bibliya muzeyi, azərbaycanlı alpinist Murad Aşurlunun “Öz Everestini tapmaq” kitabının ABŞ-da təqdimatı, Gənc yazarlarla təcrübəsini bölüşən Stiven Kinqin tövsiyələri, Nobel mükafatçısı Günter Qrassın vəfatı ilə bağlı xəbərlər yer alıb.

“Naşir”də həmçinin Türkiyənin Azərbaycandakı səfirliyi ilə Yazıçılar Birliyinin birgə Şanlı Çanaqqala savaşının 100 illiyi münasibətilə təşkil etdiyi ədəbi müsabiqənin yekunları haqqında informasiya verilib. Eləcə də müsabiqənin birinciləri - Sevinc Mürvətqızının “Yüz il oxunan türkü” hekayəsi, Sevinc Nuruqızının “Çanaqqala keçilməz” poeması və Namiq Əhmədovun “Türkün böyük zəfəri: Çanaqqalada nələr gördüm” yazısı “Naşir”in bu sayında dərc edilib.

Gülnar Mayisqızının tanınmış jurnalist Mirşahin Ağayevdən götürdüyü “Dünyada ən pis şey həyatdır” başlıqlı müsahibəsi  jurnalın “Qonağımız” rubrikasında işıq üzü görüb.

Gülnar Mayisqızının daha bir maraqlı söhbəti Xalq yazıçısı Anarla olub. “Keçən keçdi, olan oldu” başlıqlı müsahibədə Xalq yazıçısının nostalji ruhlu, yaradıcılıq eşqi ilə dolu düşüncələri öz əksini tapıb.

Mustafa Çəmənlinin “Satirik şeirimizin bayraqdarı” yazısında onun Qasım bəy Zakirin ev-muzeyində olarkən aldığı təəssüratlar, yaradıcılığı ilə bağlı fikirlər qələmə alınıb.

Dilqəm Əhmədin “Azərbaycanın ilk maarifçi qadını Hənifə xanım Məlikova” yazısında Həsən bəy Zərdabinin həyat yoldaşının həyatı və fəaliyyəti ilə bağlı maraqlı məqamlar işıqlandırılıb: “Hənifə xanımla evləndikdən sonra artıq onu anlayacaq, dəstək olacaq bir yaxını vardı. Ona görə də Həsən bəy maarifçilik yolunda daha uğurlu addımlar atır. O, 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda türk dilində ilk teatr tamaşasını təşkil edir. M. F. Axundzadənin “Hacı Qara” əsəri səhnələşdirilir. 1875-ci il iyulun 22-də isə Azərbaycanda türk dilində ilk qəzet olan “Əkinçi” çap edilir...” Jurnalın “Maraq dünyası” rubrikasında “Ən qədim kitabxanalar”, “Kitabdan qalma nişanə-əlfəcinlər” haqqında məlumat verilib.

Birinci Bakı Avropa oyunları ilə bağlı Elmin Nurinin yazısı da “Naşir”in bu sayında təqdim olunub.

Türk musiqisinin əfsanəvi ismi Ayten Alpmandan bəhs edən “Sevgidən üstün qadın” yazısında sənətkarın həyat yoluna nəzər salınıb.

“Güneyimiz”  rubrikasında Pərvanə Rəhimlinin “İran ədəbiyyatında modernizmin Sadiq Hidayət mehi” yazısı, eləcə də adıçəkilən yazıçının “Avara it” hekayəsi oxucuların ixtiyarına verilib.

Aynur Əliqızının hazırladığı Orxan Pamukun “Oxucular bu dəfə qüsuruma baxmasınlar” başlıqlı müsahibəsində çox maraqlı məqamlar diqqət çəkir. Yazıçı növbəti (“Kafamda bir tuhaflık”) romanı ilə bağlı İstanbuldakı Caddəbostan Mədəniyyət Mərkəzində oxucularla keçən son görüşdə maraqlı fikirlər səsləndirib: “Hər bir romanın ilk cümləsi çox önəmlidir. Və bu ilk cümləni qurmaq çox çətindi. Bu cümlə bütün əsərin havasını, dadını, rayihəsini bizə hiss etdirməlidi. Və ilk cümlə ilə son cümlə bir-birini tamamlamalıdı. “Kafamda bir tuhaflık”ın son cümləsində Mövlud deyir: “Mən bu dünyada ən çox Rayihəni sevdim”. Bir romanı bitirməmişdən təxminən altı ay öncə son cümləsinin nə olacağını bilirəm və bunu dostlarıma da söyləyirəm. Amma digər romanlarımdan fərqli olaraq, bu roman oxucuda nakaut effekti yaradan bir cümlə ilə başlamır, oxucular bu dəfə qüsuruma baxmasın”.
 
Yazıçı oxucusuna zarafatyana müraciət etməyi də unutmur: “Assistentim və ən yaxın dostlarımdan biri olan Emre Ayvaz bəzən mənə deyir: “Orxan abi, özünü çox yorma, onsuz da bundan sonra “Qara kitab”dan yaxşı roman yaza bilməyəcəksən.  Amma mən “bir daha filan kitabdan yaxşısını yaza bilməyəcəyəm” deyə heyfslənərək yaşamıram. Zaman-zaman mən də ən yaxşı romanımın “Qara kitab” olduğunu düşünürəm. “Məsumiyyət muzeyi”ni, “Qar”ı, “Kafamda bir tuhaflık”ı da yaxşı romanlar hesab edirəm... Amma indiyə kimi heç bir əsərimi oxumayanlara bunu məsləhət görürəm: “Orxan Pamuku oxumağa “Yeni həyat”la başlama, qardaşım”.

Qəşəm İsabəylinin “Ay külək, nə əsirsən və ya “Siz ey Yunanıstanın başı qarlı dağları”, dosent Mahmud Mahmudovun “Müasir dövrdə mütaliə” yazıları da “Naşir”in bu sayında təqdim edilən oxunaqlı materiallardandır.

Sevinc Nuruqızının  “Uşaq ədəbiyatı və ədəbi tənqiddə Füzuli Əsgərli imzası” yazısında uşaq ədəbiyyatının problemlərindən və perspektivlərindən bəhs olunub.Yazını S. Nuruqızının rus dilindən tərcümə etdiyi Anna Valenberqin “Trollun hədiyyəsi” adlı İsveç nağılı izləyir.

Dərginin bu sayında fotoqraf Dilavər Nəcəfovun “Mən heç vaxt Kevin Karter kimi “Pulitzer” uğrunda vicdanımı susdurmazdım” başlıqlı müsahibəsi də öz əksini tapıb.

S. ABDULLAYEVA

 





06.06.2015    çap et  çap et