525.Az

“Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli” Almaniyada


 

Multikulturalizm həyat tərzimizdir

“Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli” Almaniyada <b style="color:red"></b>

Berlinin Brandenburq Elmlər Akademiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Almaniya- Azərbaycan Forumu, Azərbaycanın Almaniyadakı səfirliyi və Berlin Humboldt Universitetinin təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Beynəlxalq konfransda Berlin Humboldt Universitetinin professoru Eva-Maria Aux “Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov “Azərbaycanın real siyasətinin nəticəsi olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Sülh içində birgə yaşam ənənəsi üçün multikulturalizmdə tolerantlıq anlayışı: Azərbaycan modeli” və AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri Möhsün Nağısoylu “Azərbaycan multikulturalizminin ədəbi mənbələri” mövzularında məruzələrlə çıxış ediblər.

Almaniyadan elmi, siyasi dairələrin nümayəndələri və media təmsilçilərinin də qatıldığı tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Bakı Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Cord Meier-Klodt, Almaniya-Azərbaycan Forumunun sədri Hans Eberhard Şleyer məruzələr ətrafında çıxış ediblər.

lll

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin “Multikultural təhlükəsizlik və onun əsas prinsipləri” mövzusunda geniş məruzəsi isə mərasim iştirakçılarının xüsusi marağına səbəb olub. 

Akademik məruzəsində vurğulayıb ki, multikultural təhlükəsizlik anlayışı multikulturalizmin dövlət siyasətinə dair istiqamətində yer alır və ölkənin milli təhlükəsizliyi kontekstində mühüm yer tutur: “Multikultural təhlükəsizlik milli təhlükəsizlyin vacib komponenti kimi anlaşılır və ona görə də aydındır ki, bu yeni anlayış ölkə daxilində multikulturalizm situasiyasını siyasi dayanıqlığın təminatçısı qismində nəzərdə tutur. Başqa sözlə desək, dövlət çoxmədəniyyətlilik mühitinin özündə maraqlı olduğu üçün bu mühitə qarşı yarana biləcək potensial təhdidləri milli təhlükəsizlik əleyhinə yönəlik bir məzmunda qəbul edir. Bu səbəbdən də multikultural təhlükəsizliyi ilkin olaraq şərtləndirən prinsip vahid dövlətdə yaşayan müxtəlif etnik, dini, sosial, siyasi, iqtisadi, nəsillərarası təbəqələşmələrin yaratdığı multikultural situasiyanın qorunub saxlanması və inkişaf etdirilməsidır. Multikultural təhlükəsizlik paradiqması say tərkibindən asılı olmayaraq bütün etnik, irqi qruplara aid mədəniyyətlərin, necə deyərlər, təhlükəsizliyini təmin edir. Dünyada multikulturalizm modellərinə dair bir fenomen Azərbaycan multikulturalizmidir ki, bu nümunədə multikultural təhlükəsizlik paradiqması önəmli yer tutur”.

Dövlət müşavirinin məruzəsində səsləndirdiyi faktlar konfrans iştirakçılarının diqqətini çəkib: “Azərbaycan ərazisi ən qədim tarixdən bu günədək etnik və dini müxtəlifliyin vətəni olub. Azərbaycanda uzun əsrlərdən bəri türk mənşəli çoxluqla yanaşı yaşayan rus, ukraynalı, belarus, gürcü, avar, ləzgi, erməni, başqırd, tatar, yəhudi, yunan, kürd, osetin, lak, talış, udi, tat, lahıc, buduq, qrız, haput, çek, saxur, xınalıq, inqiloylara son illər ərzində ərəb, əfqan, fars, macar, çin, koreya, kubalı, krım türkü, özbək, qazax, litvalı, latış, moldovan, eston, qırğız, tacik, türkmən, abxaz, aqul, buryat, inquş, dargin, kabardin, komi, qumuq, mari, noqay, udmurt, çeçen, çuvaş, adıgey, çərkəz, qaqauz və b. əlavə olunmuşdur. Bu etnik müxtəlifliyi dini müxtəliflik də tamamlayır. Ölkədə islamın müxtəlif qollarına mənsub çoxsaylı müsəlmanlarla yanaşı pravoslavlıq, katoliklik, protestantlıqlıq, yəhudilik, beynəlxalq krişna şüuru, bəhailik və sair dini konfessiyalara mənsub dindarlar yaşayırlar”.

K. Abdullayev Azərbaycan dövlətinin multikultural təhlükəsizlyin bu etnik-dini müxtəlifliyin qorunması və inkişaf etdirilməsilə bağlı həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb: “Ölkənin müxtəlif bölgələrində məskunlaşan etnik qrupların milli adət-ənənələri və mədəniyyətlərinin müdafiəsi üçün onların övladlarının ana dillərini inkişaf etdirmələrinə dövlət qayğısı göstərilir: Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ rayonlarının 126 məktəbində şagirdlər ləzgi; Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 246 məktəbində şagirdlər talış; Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Şamux rayonlarının 32 məktəbində şagirdlər avar, udi, tat, şaxur, yəhudi, xınalıq, kürd dillərini öyrənirlər. Dini durumda mövcud tolerantlıq ab-havasının dərin tarixi-ənənəvi kökləri öz yerində, dini müxtəlifliyin dövlət qurumları, ölkə prezidenti tərəfindən dəstəklənməsi (buraya ən çeşidli tədbirlər, o cümlədən, dövlət hesabına məscidlərin, kilsələrin, sinaqoqların inşası və təmiri, ölkə prezidentinin vaxtaşırı müxtəlif dini icmaların tədbirlərində şəxsən nümunəverici iştirakı və sair) multikultural təhlükəsizlyin təmin edilməsində olduqca mühüm rol oynayır”.

Akademik bildirib ki, Azərbaycandakı multikultural siyasət hətta tarixən liberal dəyərlər üzərində yetərincə gəlişmiş Avropa cəmiyyətləri üçün də nümunəverici mahiyyət daşıyır: “Fikrimizi əsaslandırmaq üçün öncə onu vurğulayaq ki, Azərbaycan dövlətinin multikultural siyasəti ölkədə etnik-dini müxtəlifliyin cəmiyyət həyatına inteqrasiya prosesində iştirakının elə bir ədalətli təminatını yaradır ki, burada ayrı-ayrı etnik-dini qrupların ümumi maraqları dar və məhəlli siyasi məqsədlərlə istifadəyə məruz qalma risklərindən tamamilə sığortalanmış olur. Siyasi partiyaların etnik-dini zəmində fəaliyyətlərinə qanunvericilik məhdudiyyətləri multikulturalizm situasiyasını etniklər və dinlərarası dağıdıcı siyasi rəqabət kataklizmlərindən qorumaq və dövlətin milli təhlükəsizliyini təmin etmək məqsədi güdür. Tarixi təcrübə göstərir ki, multikultural təhlükəsizliyin Azərbaycanda tətbiq edilən inteqrasiya prinsipi daha doğru bir siyasətə təminat verir. Azərbaycandakı multikultural təhlükəsizliyin harmonik vəhdətdə biri digərini tamamlamalı olan prinsiplərinin uğurlu tətbiqi multikulturalizm situasiyasını problemlərdən sığortalamağa imkan verir. Özü də elə bir zamanda ki, ərazisinin iyirmi faizi hələ də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal altında qalmaqdadır. Bu da simvolikdir ki, işğalçı dövlət həm də multikulturalizmin düşmənidir. O mənada ki, Ermənstan hələ Sovet dövründən etibarən qeyri-erməni etnik qruplarını ərazisindən çıxara-çıxara nəhayətdə monoetnik tərkibli bir dövlətə çevrilmişdir. Və bu keyfiyyətdə də qonşularına qarşı sərgilədiyi aqressiyasına görə bölgədə sülhə və təhlükəsizliyə təhdid mənbəyi olaraq qalmaqdadır”.

K. Abdullayevin sonda səsləndirdiyi “multikultural təhlükəsizlik paradiqması dünyada gedən proseslərin fonunda potensial olaraq elə bir nümunəverici siyasi mahiyyət kəsb etməyə başlayır ki, bu, beynəlxalq münasibətlərin demokratikləşməsinə də, dövlətlərarası inteqrasiya proseslərinin güclənməsinə də töhfə verə bilər” fikri isə konfrans iştirakçıları tərəfindən xüsusi razılıqla qarşılanıb və dəstəklənib.

lll

Azərbaycan nümayəndə heyətinin tərkibində konfransa qatılan Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının katibi keşiş Mifodiy, professor Möhsün Nağısoylu qəzetimizin əməkdaşı ilə səfər təəssüratlarını bölüşüb. Keşiş Mifodiy deyib ki, beynəlxalq konfransda iştirak edən xarici ölkə nümayəndələri Azərbaycanda əsrlərdən bəri mövcud olan multikultural ənənələrə xüsusi maraq və ehtiram hissi nümayiş etdiriblər: “Akademik Kamal Abdullayevin məruzəsində səsləndirdiyi fikirlər konfrans iştirakçıları tərəfindən müsbət qarşılanmaqla yanaşı, dərin marağa səbəb olub. Konfrans başa çatdıqdan sonra əksər qonaqlar məruzəçiyə yaxınlaşaraq minnətdarlıqlarını bildirdilər. Onlar Azərbaycan haqqında, ölkədəki çoxəsrlik multikultural model, bizdə mövcud olan tolerantlıq ənənələri barəsində daha çox informasiya əldə etmək istəyirdilər. Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin açılması, ölkədə müxtəlif etnik qrupların, fərqli dini konfessiyaların hədsiz mehribanlıq şəraitində yanaşı yaşamaları xarici qonaqlar üçün heyrətləndirici fakt idi”.

Professor Möhsün Nağısoylu bildirib ki, həm alman ictimaiyyəti, həm də beynəlxalq konfransda iştirak edən digər xalqların nümayəndələri  Azərbaycandakı multikultural dəyərlərə heyran olduqlarını gizlətmədilər: “Bu səfərdən böyük ruh yüksəkliyi, unudulmaz təəssüratlarla qayıtmışam. Onlar konfransdan sonra Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq ölkəmizdəki tolerantlıq vəziyyəti, xüsusilə dini durumla bağlı suallarına ətraflı cavab aldılar”.

S. MÜRVƏTQIZI

 





06.06.2015    çap et  çap et